Güclü Azərbaycan ordusu müstəqilliyimizin və təhlükəsizliyimizin qarantıdır
26.06.2018 [09:33]
Prezident İlham Əliyev: Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir
Azərbaycan özünün qısa müstəqillik tarixində dövlət quruculuğunun ayrı-ayrı sahələrində xalqımızın qürur mənbəyinə çevrilən böyük uğurlara imza atıb. Tam qətiyyətlə deyə bilərik ki, belə sahələrdən biri də ordu quruculuğu ilə bağlıdır. Tarixdən güclü orduların dövlətlərin, xalqların taleyində müstəsna rol oynadığı barədə saysız-hesabsız faktlar sadalamaq mümkündür. Bu gün dünya miqyasında müşahidə edilən tendensiyalar, dövlətlərarası münasibətlərin tənzimlənməsində bir sıra hallarda güc amilinin önə çıxması və bu kimi digər reallıqlar ordu quruculuğunun milli dövlətlər üçün strateji önəm daşımasına dair konkret təsəvvür yaradır.
Müstəqil respublikamızda yüksək səviyyəli ordu quruculuğu xəttinin dövlət siyasətinin prioritet istiqaməti elan olunması isə həm də o amillə bağlıdır ki, ölkəmiz müharibə şəraitində yaşayır. Məlumdur ki, təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ora bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsinə sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Bununla belə, xalqımızın səbri tükənməz deyil. Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyünü məhz öz güclü ordusunun sayəsində təmin etmək əzmindədir. Buna görə də güclü ordu quruculuğu Azərbaycanın prioritet hədəfidir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbuldakı nitqində xüsusi olaraq vurğulayıb ki, güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır.
100 yaşlı Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alır
Müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da varislik prinsipinə əsaslanır. Məlum olduğu kimi, zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız 1918-ci ildə Şərqdə ilk demokratik respublika qurmağa nail olub. Cəmi 23 ay yaşayan və demokratik dəyərlərə böyük önəm verən Azərbaycan Xalq Cümhuriyyəti elə yarandığı gündən etibarən ordu quruculuğunu da daim diqqət mərkəzində saxlayıb. Əgər belə demək mümkündürsə, AXC-nin ordusu elə döyüşlərdəcə, xalqın və dövlətin maraqlarını qoruya-qoruya çox çətin şəraitdə formalaşıb. Beləliklə, cari il iyunun 26-da Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü tamam olur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı müvafiq Fərmanla 26 iyun - AXC tərəfindən ilk ordu hissəsi olan “Əlahiddə Azərbaycan korpusu”nun təşkil edildiyi gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.
Ötən dövrdə Azərbaycanın inkişaf tarixinə uyğun olaraq Silahlı Qüvvələrimiz də bir neçə mərhələdən keçib və bugünkü yüksək səviyyəyə çatıb. Silahlı Qüvvələrimizin inkişaf tarixindən söhbət açarkən Ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən respublikamızda ordu quruculuğuna verdiyi töhfələri xüsusi qeyd etmək lazımdır. Ordunun xalqın, məmləkətin taleyində mühüm rolunu yüksək qiymətləndirən Ümummilli lider bütün imkanlarından istifadə edərək respublikamızda hərb sənətinin inkişafına, ələlxüsus da bu sahədə milli kadrların yetişdirilməsinə, müvafiq təhsil bazasının yardılmasına davamlı səylər göstərirdi və konkret tədbirlərin həyata keçirilməsinə nail olurdu.
Ordu quruculuğu ilə bağlı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət son 15 ildə Prezident İlham Əliyevin səyləri sayəsində eyni ardıcıllıqla davam etdirilib. Ordumuz öz şanlı yubileyinə böyük uğurlarla gəlib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Respublikanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun məlumatına əsasən, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb.
Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir.
Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər icra edilir. Müdafiənin ön xəttində bütün istiqamətlər üzrə zəruri fortifikasiya işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb. Görülən bu işlər şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi imkanlarını xeyli dərəcədə artırıb.
Eyni zamanda, bölmələrin döyüş qabiliyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə onların təşkilat-ştat strukturu optimallaşdırılıb. Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Azərbaycan ordusunun inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını və digər sahələri əhatə edib.
Ordunun inkişafını müəyyən edən əsas amillərdən biri də şəxsi heyətin 80 faizinin müqavilə əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi olub. Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların təyin edilməsi ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən azad olunmasını təmin etmək məqsədilə yardımçı təminat sahələrinə 21 min nəfərədək mülki işçi qəbul edilib. Bu, döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardandır.
Yuxarıda deyilənlər Azərbaycan ordusunun gücü barədə konkret təsəvvür yaradır. Beynəlxalq səviyyəli qurumların dəyərləndirmələrinə əsasən hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Prezident İlham Əliyev müstəqil respublikamızda güclü ordu yaradılmasından qürur hissi ilə söhbət açıb. “Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq”.
Azərbaycan ordusu öz gücünü döyüş meydanlarında nümayiş etdirir
Azərbaycan Ordusunun şəxsi heyəti öz döyüş hazırlığını davamlı olaraq keçirilən təlimlərdə daha da möhkəmləndirir. Belə təlimlərin keçirilməsi qoşunların bacarıq və səriştəsinin artırılması, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, təkcə 2017-ci il ərzində qoşunların hazırlıq planına uyğun olaraq ümumilikdə 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib.
Keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib.
Cari ilin mart ayında Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrin iştirakı ilə cəbhə bölgəsində yerləşən müxtəlif poliqonlarda genişmiqyaslı döyüş atışlı təlimlər keçirilib. Təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, ordu və cəbhə aviasiyasının 50-dək müxtəlif təyinatlı təyyarə və helikopterləri iştirak edib.
Təlimlərdə qazanılan təcrübə döyüş meydanlarında Azərbaycan Ordusunun şəxsi heyətinə əlavə güc verir və manevr imkanlarını daha da artırır. Təsadüfi deyil ki, son illərdə qoşunların təmas xəttində üstünlük Azərbaycan Ordusuna keçib. Ordumuz cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks tərəfə sarsıdıcı zərbələr vurur. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir”.
Xatırladaq ki, 2016-cı il aprelin 2-5 tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbələr endirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan ağır itkilərə məruz qalıb və qorxuya düşərək geri çəkilmək məcburiyyətində qalıb. Azərbaycan Ordusu cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirib və həmin yüksəkliklərdə möhkəmlənib. Yeri gəlmişkən, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ordumuzun ermənilərin təxribat cəhdlərinin qarşısının alınmasında şücaət göstərməsini, düşmənə layiqli cavab verməsini yüksək qiymətləndirərək vurğulayıb: “Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Bir qədər bundan əvvəl isə Azərbaycan ordusu daha bir zəfərə imza atdı. Söhbət Naxçıvanın Şərur rayonunun Cünnüt kəndinin işğaldan azad edilməsindən gedir. Kənd 1992-ci ildə düşmən nəzarəti altına keçmişdi. Buradakı bütün tikililər tamam dağıdılmış, yerli sakinlər isə qonşu kəndlərdə məskunlaşmaq məcburiyyətində qalmışdılar. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində Cünnüt kəndi ordumuzun nəzarəti altına keçib və qoşunlarımız ön xətt mövqelərini irəli çəkərək daha əlverişli yüksəkliklərdə möhkəmləniblər. Həmçinin əhali maşın karvanları ilə doğma kəndlərinə gəlib, qəbiristanlıqda Quran oxunub. Bundan əvvəl Cocuq Mərcanlıya, indi isə Cünnütə qayıdış Azərbaycan ordusunun düşmən üzərində böyük və qəti qələbəsinin uzaqda olmadığından xəbər verir.
Azərbaycanda qabaqcıl dünya təcrübəsi əsasında müasir ordu quruculuğundan söhbət açarkən, ölkədə müdafiə təyinatlı sənaye kompleksinin yaradılmasının önəmini də xüsusi qeyd etmək lazımdır. Qısa müstəqillik tarixində respublikamızın hərbi təyinatlı məhsulların istehsalını mənimsəməsi və bu qəbildən olan məhsullarla xarici bazarlara çıxması son dərəcə qürurverici haldır. “Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq”, - deyə Prezident, Ali Baş Komandan İlham Əliyev hərbiçilərlə görüşündə vurğulayıb.
Ordunun şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır
Azərbaycan Ordusunda maddi-texniki bazanın gücləndirilməsi, müasir silahlar alınması ilə yanaşı, şəxsi heyətin qulluq şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi də daimi olaraq ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Hərbçilərin maaşları, pensiyaları vaxtaşırı artırılır. Stasionar və çöl şəraitində yerləşən hərbi hissələrin, xüsusilə də ön xətdəki bölmələrin hərbi qulluqçularının sosial-məişət, əşya-əmlak və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə planlı surətdə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş normalara və təminat planına əsasən hərbi hissələr mövsümə uyğun əşya əmlakları ilə tam təmin olunub. Müdafiə Nazirliyinin məlumatına əsasən, Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə cəbhəboyu zonada, 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib, hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşasının sona çatdırılması planlaşdırılır.
Prioritet məsələlərdən biri də hərbiçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyev bildirib ki, hərbi qulluqçuların mənzil-məişət problemləri Azərbaycanda uğurla həll edilir. “Biz həm ordumuzu gücləndiririk, ordunun maddi-texniki bazasını möhkəmləndiririk, bununla bərabər, hərbçilərin məişət problemləri öz həllini tapır”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı müvafiq Sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Təkcə son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Bundan əlavə, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

