Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir

Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir

28.04.2018 [10:00]

Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkədə səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey, ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed, Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris, BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə mühüm görüşləri baş tutub. Görüşlərdə iki ölkə arasında münasibətlərin geniş spektrindən məmnunluq ifadə olunub. Səmimilik şəraitində keçən görüşlərdə Azərbaycan Prezidenti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəsmiləri əməkdaşlığın perspektivləri ilə bağlı xoş niyyət nümayiş etdiriblər.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.
Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdəndir
Müstəqil Azərbaycanın xarici siyasəti tərəfdaş dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Özünün milli maraqlarını qətiyyətlə qoruyan respublikamız eyni zamanda regional və qlobal müstəvidə ölkələr və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə töhfə verməyə çalışır. Ölkəmiz apardığı xarici siyasətində paritet əsaslı əməkdaşlığın tərəfdarıdır. Azərbaycan o mövqedən çıxış edir ki, enerji amili və ölkələrin malik olduqları digər üstünlüklər heç bir halda qarşı tərəfə münasibətdə təzyiq vasitəsinə çevrilməməlidir.
Azərbaycanın ardıcıl xarakter daşıyan xarici siyasətində daim konstruktiv mövqedən çıxış etməsi öz növbəsində beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz və rəğbət qazandırıb. Təsadüfi deyil ki, respublikamız qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz BMT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunur, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir və tərəflər bu əməkdaşlıqdan çox məmnundurlar.
Azərbaycanın praqmatik yanaşmalar əsasında apardığı siyasətin uğurlarından söhbət açarkən ölkəmizin xarici dövlətlərlə münasibətləri ikitərəfli əlaqələr kontekstində inkişaf etdirməsinin önəmini də xüsusi qeyd etmək lazımdır. Respublikamızın işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə dostluq münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycan onun sərhədlərindən uzaqda yerləşən Avropa dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurmağa nail olub. Bu kontekstdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ikitərəfli əlaqələri bütün dünyada nümunəvi və ən yaxşılardan sayılır. İki ölkə arasında yüksələn dinamika ilə səciyyələnən əlaqələr müxtəlif sahələri əhatə edir. Hazırda Azərbaycanda Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard ABŞ dollarından çox investisiya yatırıb.
Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensial kifayət qədər böyükdür. Yeri gəlmişkən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Öz növbəsində Prezident İlham Əliyev də bəhs olunan görüşdə qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlətimizin başçısı Onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb
Respublikamız Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatlarının işlənməsində transmilli şirkətlərlə sıx əməkdaşlıq edir. Bu baxımdan BP şirkətinin Azərbaycandakı fəaliyyəti hər cəhətdən təqdirəlayiqdir. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşdə bildirib ki, Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır.
Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. Qeyd edək ki, BP şirkətinin ölkəmizlə əməkdaşlığının 23 illik tarixi var. Bu şirkət respublikamızda neft-qaz sahəsində 7 layihədə iştirak edir. BP ölkəmizdə reallaşdırılan “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, “Cənub Qaz Dəhlizi” kimi enerji layihələrində əsas investor kimi iştirak edib, həmçinin TANAP və TAP layihələrində də paya malikdir.
“Əsrin kontraktı” ilə başlanan uğurlu əməkdaşlıq, həmçinin ölkəmizdəki əlverişli investisiya mühiti, sabitlik, xalqımızın malik olduğu yüksək dəyərlər və əlbəttə ki, dövlətin siyasi iradəsi BP-də Azərbaycana qarşı böyük inam yaradıb. Bu inam ötən il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində bir daha öz təsdiqini tapdı. Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Qeyd edək ki, ölkəmizin Xəzərin Azərbaycan sektorunda yataqların işlənməsi, neft-qaz hasilatı və nəqli sahələrində transmilli şirkətlərlə, o cümlədən də BP ilə əməkdaşlığı milli inkişafımız, respublikanın müstəqilliyinin möhkəmlənməsi, maliyyə və iqtisadi imkanlarının artması baxımından kifayət qədər uğurlu olub. “Əsrin kontraktı”nın icra müddəti tamamlandıqdan sonra tərəfdaşların bir-birləri qarşısında hər hansı öhdəlikləri qalmayacaqdı və onlar yeni partnyorlar, yeni əməkdaşlıq məkanları tapmaqda sərbəst olacaqdılar. Lakin Azərbaycana olan inam BP və digər şirkətləri respublikamızla qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra daha da irəli aparmağa sövq edib. Uzun illər ərzində yaranan qarşılıqlı inam BP-nin yeni Sazişin imzalanmasına qoşulan investorlar sırasında yer alması üçün də fundamental amil rolunda çıxış edib.
Əlamətdar haldır ki, “Əsrin kontraktı”nda olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi uzunmüddətli dövrü əhatə edəcək. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılıb və ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas faktordur
Bu gün müstəqil Azərbaycanın müasir reallıqlarının yaranmasında Ulu öndər Heydər Əliyevin çox böyük uzaqgörənliyi, müdrikliyi və cəsarəti sayəsində 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin kontraktı” nın müstəsna rolu vardır. “Əsrin kontraktı”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Həmin dövrdən bəri BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas faktordur. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin kontraktı” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. Ötən 23 il ərzində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib. Neft gəlirlərindən səmərəli istifadə edilməsi sayəsində respublikamızda bütün sahələrdə müsbət reallıqlar yaranıb. “Əsrin kontraktı” ilə təməli qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Eyni zamanda, ölkəmiz xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Əlamətdar haldır ki, bu gün SOCAR beynəlxalq səviyyəli şirkətə çevrilib. “Əsrin kontraktı” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30