Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Güclü Ordu, təhlükəsiz Vətən

Güclü Ordu, təhlükəsiz Vətən

26.06.2026 [11:35]

Tarixdən bəllidir ki, ordular hər zaman xalqların, dövlətlərin taleyində mühüm rol oynayıb. Bugünkü reallıqlar, dünyada güc amilinin beynəlxalq prinsipləri üstələdiyi bir dönəmdə isə güclü orduya sahiblənməyin aktullığı heç vaxt olmadığı qədər artıb. Bunu Azərbaycan da öz taleyində yaşayıb. Məhz Silahlı Qüvvələrimizin zəif olması səbəbindən ötən əsrin doxsanıncı illərinin əvvəllərində torpaqlarımız işğal altına düşüb və xalqımız böyük faciələrə dücar olub.

Tarixi ədalətsizliyə 30 ildən sonra son qoyuldu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan qələbələr son 200 illik tariximizin ən böyük zəfərləridir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ilə nəticələnən və tariximizdə əbədi qalacaq, hər zaman qürur mənbəyimiz olacaq bu qələb??ər başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Silahlı Qüvvələrimizin gücü, misilsiz şücaəti sayəsində qazanılıb.

Bu gün respublikamızda əlmətdar bir gündür. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Güclü Ordu - güclü Vətən deməkdir. Güclü Ordu - əmin amanlıq, quruculuq, sabaha möhkəm inam deməkdir.  “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”, - deyə Ulu Öndər vurğulayırdı.

Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan Silahlı Qüvvələri bugünkü yüksək səviyyəyə çatanadək, qalib Orduya çevrilənədək  bir sıra mərhələlərdən keçib. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikamızda hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində respublikamızda milli hərbi kadrların hazırlanması prosesinə başlanıb. Məhz buna görə də deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Zamanında Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli Silahlı Qüvvələr yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndərin 1971-ci ildə böyük səylər hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması böyük nailiyyət idi. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxartdı. Eləcə də Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, həmçinin keçmiş SSRİ-nin digər hərbi məktəblərinə təhsil almaları, hərb sənətinin sirlərinə yiyələnmələri mümkün oldu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edənlər Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə başladığı bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Prezident Heydər Əliyevin 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

İstənilən vəzifəni icra etməyə qadir olan Ordunun yaradılması Azərbaycanın böyük uğurudur

Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib və torpaq itkilərinə məruz qalıb. Məhz bu amil də respublikamızda ordu quruculuğuna müstəsna diqqət göstərilməsini şərtləndirib. Ölkəmiz özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb. Prezident İlham Əliyev müxtəlif yerli və xarici auditoriyalarda çıxışları zamanı birmənalı şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan özünün ərazi bütövlüyünü güclü ordusu vasitəsilə təmin edəcək. Azərbaycan Prezidenti praqmatik, sözü və imzası eyni çəkiyə malik olan nüfuzlu siyasətçidir. Dövlət başçımız ölkənin ərazi bütövlüyü məsələsində Silahlı Qüvvələrimizə güvəndiyini diqqətə çatdırarkən reallıqdan çıxış edirdi. Çünki müstəqillik dövründə ordunun davamlı şəkildə möhkəmləndirilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkənin artan imkanlarından istifadə etməklə  ordu quruculuğuna müstəsna diqqət göstərib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Məhz Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu “GlobalFirePower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi.

İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib. Vətən qarşısında borcunu yüksək səviyyədə yerinə yetirən çoxlu sayda hərbçi mənzillərlə təmin edilib. Paralel şəkildə orduda xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Yeri gəlmişkən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi də son dərəcə qürurverici haldır. Hazırda ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir.

Bakıda şanlı Zəfərimizi simvolizə edən möhtəşəm parad

Ötən il Azərbaycanın şanlı Zəfərinin beşinci ildönümü ilə əlaqədar noyabrın 8-də Bakının Azadlıq meydanında möhtəşəm parad keçirildi. Parad təkcə Qələbənin rəmzi deyildi, həm də yeni bir reallığın nümayişi idi. Parad Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutdu. Azadlıq meydanından keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER”, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri, silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “SKİF” raket kompleksi, “BTR-82A” zirehli transportyorları, “PDM-3” Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirdi.

Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”, “İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket komplekslərinin keçidi oldu. Paradda silahlanmaya yeni qəbul edilmiş yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi nümayiş olundu. Həmçinin  İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları və digər insansız vasitələri təqdim edildi. Bir sözlə, hərbi paradda ordu birləşmələrinin nümunəvi keçidləri, nümayiş olunan hərbi texnika qalib Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı beş ildə keyfiyyətcə yeni bir ordu formalaşdırdığını əyani şəkildə təsdiqlədi. Parada ordumuzun silahlanmasına cəlb olunan yeni texnikanın məlum səbəblərə görə yalnız bir hissəsinin nümayiş etdirildiyini bildirən Prezident

İlham Əliyev vurğulayıb: “İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir”.

Ordu quruculuğu davam edir

Qalib Azərbaycan postmüharibə dövründə sırf sülh təşəbbüslərindən çıxış edir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesi Vaşinqtonda yekun sülh sazişinin paraflanmasınadək irəliləyib.

Bununla belə, sülh gündəliyinin müəllifi olan Azərbaycan müharibə bitsə də. Ordu quruculuöunu davam etdirir. Bu o məqsədlə edilir ki, Vətənimiz bir daha təcavüzə məruz qalmasın, xalqımız təhlükəsizlik şəraitində yaşasın.

Postmüharibə dövründə Ordumuzun gücləndirilməsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apardı. Döyüşlərdə yeni yanaşmaların, innovasiyaların tətbiqi və əlbəttə ki,  şəxsi heyətin yüksək vətənpərvərliyi böyük Qələbəni təmin etdi.  Azərbaycan postmüharibə dövründə ordu quruculuğunu İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla həyata keçirir. Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah-sursatla təminatı yenə də əsas vəzifələrdən biridir.

Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə  bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir. Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir, çevikliyi ilə fərqlənir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30