Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 15 ildə Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət göstərilib

Son 15 ildə Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət göstərilib

25.04.2018 [09:00]

Prezident İlham Əliyev: Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır
Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya üzrə reallaşdırılan praqmatik və xəlqi siyasətin ana xətti sosial məsələlərlə bağlı olub. Bəhs olunan dövrdə ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsindən adekvat şəkildə insanların rifah halının yaxşılaşması, gəlir imkanlarının artırılması, kommunal rahatlıqlarla təminatlarının gücləndirilməsi məqsədilə istifadə olunub.
Təsadüfi deyil ki, respublikamızda sosial sferada qazanılan uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Bu sahənin prioritetliyinin təmin edilməsi sayəsində Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda müasir dövrdə dünyada sosial çağırışların önəminin artdığı vurğulanıb. Sənədə əsasən, Azərbaycan “sosial bərabərsizliyin” ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alıb. Davos İqtisadi Forumunun inklüziv inkişaf indeksində də respublikamızdakı vəziyyət yüksək qiymətə layiq görülüb. Belə ki, Azərbaycan inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü pillədə qərarlaşıb.
Bütün bu deyilənlər Azərbaycanda reallaşdırılan sosial siyasətin geniş spektri barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkəmizdə sosial sahənin prioritetliyinə bir daha diqqət çəkib. “Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın yoxsulluğu 50 faizdən 5,4 faizədək azaltması bütün dünyada nümunə kimi göstərilir
Ölkədəki sabitlik, iqtidar-xalq həmrəyliyi davamlı inkişaf, iqtisadi aktivliyin artması və bütün bunların məntiqi nəticəsi kimi yoxsulluğun aradan qaldırılmasına yönələn tədbirlərin ardıcıllığının təmin edilməsi üçün münbit zəmin qismində çıxış edir. Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız yoxsulluğu bir fenomen kimi tamam aradan qaldırmağı hədəfləyib. Bu məqsədlə indiyədək ölkədə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmiz yoxsulluğun azaldılması istiqamətində diqqətəlayiq uğurlara nail olub. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bundan məmnunluq ifadə edən Prezident İlham Əliyev deyib: “Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür”.
Ölkədə sosial infrastruktur quruculuğu geniş vüsət alıb
Azərbaycanın dərinməzmunlu sosial siyasəti həmçinin bütün ölkəboyu aparılan genişmiqyaslı sosial infrastruktur quruculuğunda öz əksini tapır. Ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.
Ölkədə ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Ötən il ölkə üzrə otuz tibb müəssisəsi tikilib və yaxud əsaslı təmir edilib.
2018-ci ildə bir sıra rayon mərkəzi xəstəxanalarının inşasının başa çatdırılması nəzərdə tutulub. Cari ilin sonunadək Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatdırılacaq. Paralel şəkildə Füzuli rayonunda və Qəbələ şəhərində də rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq. Prezident İlham Əliyev cari il mart ayının 19-da Goranboy rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Ölkədə sosial məsələlərin həllinə böyük önəm verən Prezident İlham Əliyev cari ilin mart ayında həmçinin Quba rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 15 ildə təhsil infrastrukturunun yenilənməsi respublikanın bütün bölgələrini əhatə edib. Respublikada təhsil infrastrukturunun yenilənməsi sayəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkədə təkcə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30