/ / Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
24.04.2018 [09:57]
Prezident İlham Əliyev: Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq
Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 20 ildən artıqdır ki, uzanır. Buna səbəb isə Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsidir. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi nəticəsində yaranan münaqişənin həlli istiqamətində ABŞ, Fransa, Rusiya kimi iri dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda ən maraqlı tərəf qismində məhz Azərbaycan çıxış edir. İlk növbədə ona görə ki, bu münaqişə nəticəsində respublikamız böyük itkilərə məruz qalıb - ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb, çoxlu sayda şəhər və kəndlərimiz, tarixi maddi mədəniyyət abidələrimiz dağıdılıb, işğal altındakı ərazilərdə təbii sərvətlərimiz bu gün də talan olunmaqdadır. Azərbaycan tarixi ədalətin öz yerini tutması - ölkənin ərazi bütövlüyünün təmin olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də digər beynəlxalq platformalarda konstruktiv mövqe sərgiləyir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi belə bir fundamental prinsipə əsaslanır ki, beynəlxalq hüquq, dünyada qəbul edilən normalar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas götürülməlidir.
Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hüquqi əsaslar yaradır
Azərbaycan suveren dövlətdir və ölkəmizin Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna görə də Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə son qoyulması, suveren dövlətin ərazi bütövlüyünün təmin olunması üçün son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparıb və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək əzmindədir. Bu məqamda qeyd edək ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdə göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Məsələn, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə olunub. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın münaqişənin həllində beynəlxalq birliyin dəstəyini qazanmasından məmnunluq ifadə edərək deyib ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik.
Qeyd edək ki, əvvəlki dövrdə BMT Təhlükəsizlik Şurası və ATƏT də münaqişənin həlli ilə bağlı müvafiq qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə, eləcə də bu ali qurumun sədrinin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. Təhlükəsizlik Şurasının bəhs olunan sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması vurğulanıb. BMT TŞ-nin qəbul etdiyi qətnamələr münaqişənin həllində əsas götürülməlidir. Prezident İlham Əliyev bəhs olunan sənədləri hüquqi baza kimi səciyyələndirib: “BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik”.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Yuxarıda vurğulandığı kimi, artıq münaqişənin ədalətli həllini təmin etmək üçün hüquqi baza formalaşıb. Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində son 15 il ərzində bu bazanı daha da möhkəmləndirməyə nail olub. Ötən 15 ildə münaqişə ilə bağlı həqiqətlər bütün təfərrüatları ilə dünya birliyinə çatdırılıb, bu barədə kitablar yazılıb, qədim xəritələr ortaya qoyulub, çoxsaylı təqdimatlar, sərgilər keçirilib. Ölkəmizin diplomatik və siyasi uğurları öz nəticəsini verməkdədir. Aparılan məqsədyönlü işlərin nəticəsidir ki, 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və şübhə yoxdur ki, bundan sonra da heç kəs tanımayacaq. Təsadüfi deyil ki, separatçı rejimin keçirdiyi qondarma “referendum”u qonşu ölkələr və beynəlxalq təşkilatlar pislədilər.
Azərbaycanın apardığı məqsədyönlü siyasət Ermənistanı dalan ölkəyə çevirib
Forpost dövlət olan Ermənistanın bəd əməlləri, necə deyərlər, öz başında çatlamağa başlayıb. Belə ki, Ermənistanın havadarlarının göstərişi və himayəsi ilə apardığı işğalçılıq siyasəti bu ölkənin özünə də heç bir fayda gətirməyib. İndi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib.
Qeyd etdiyimiz kimi, Azərbaycan regionda Ermənistanın günahı ucbatından yaranan münaqişənin ədalət prinsipi, beynəlxalq hüquq çərçivəsində həll edilməsinə nail olmağa çalışır, ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlara sadiqlik göstərir, o mövqedən çıxış edir ki, münaqişə qan-qadasız həllini tapsın.
Bununla belə, Azərbaycan həm də işğalçı dövlətə qarşı davamlı təzyiq siyasəti həyata keçirir. Ölkəmizin, Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğalçı Ermənistan regionda reallaşdırılan bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyət daşıyan layihələr Ermənistandan yan keçməklə çəkilib. Perspektivdə isə Şimal-Cənub nəqliyyat dəhlizi də işğalçı ölkədən yan keçəcək.
Erməni lobbisinin pullarına satılan xaricdəki bəzi mərkəzlərin ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid siyasətini bundan sonra da davam etdirəcək. Azərbaycan indiyədək Ermənistanı təzyiq altında saxlayıb və bundan sonra da saxlayacaq. Sözügedən mərasimdəki nitqində bu məqama toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın apardığı siyasət sayəsində işğalçı ölkə dalana çevrilib: “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.
Daim ədalət mövqeyindən çıxış edən Azərbaycan belə bir faktı da dünya birliyinə, dünya ictimaiyyətinə çatdırır ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Azərbaycan bunu təkcə sözlə yox, sübutlarla dünya birliyinin nəzərinə çatdırır. Elmi əsərlər, tarixi kitablar yazılır, arxivlər qaldırılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Xalqımız bir neçə dəfə deportasiyaya məruz qalıb. Bütün bu tarixi həqiqətlərin ardıcıllıqla dünya birliyinə çatdırılması artıq öz səmərəsini verməkdədir. Azərbaycan dövlətinin münaqişə ilə bağlı prinsipial mövqeyi xalq tərəfindən dəstəklənir. “Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev diqqəti həmçinin dünyadakı reallıqlara yönəldib. Dünyada, bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Belə hallar dəfələrlə öz təsdiqini tapıb. Son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişib, beynəlxalq hüquq normaları arxa plana keçib. Güc amili daha çox önəm qazanıb. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq. “Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”, - deyə Prezident İlham Əliyev bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən ölkəmiz ilk növbədə özünün getdikcə güclənən ordusuna arxalanır. Ötən illərdə Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib.
Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir.
Ölkədə yaradılan müdafiə sənayesi Silahlı Qüvvələrimizin yeni silahlarla təchizatında mühüm rol oynayır
Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşması ordunun bir sıra silahlara olan tələbatının yerli istehsal hesabına ödənilməsində mühüm rol oynayır.
Ümumilikdə müdafiə təyinatlı müəssisələrdə 1200-dək məhsulun istehsalı mənimsənilib. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M”, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür.
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə, döyüş hazırlığının artırılmasına yönələn səylər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Ordumuzun gücünü şanlı aprel döyüşlərində düşmən tərəfi bir daha gördü. Həmin döyüşlərdə Azərbaycanın Silahlı Qüvvələri düşmənin təxribatlarının qarşısını aldı, ermənilərə sarsıdıcı zərbələr vurdu və işğal altındakı torpaqlarımızın bir hissəsini azad etdi. Həmin döyüşlərdən sonra düşmən səksəkə və panika içərisindədir. Bütövlükdə Ermənistan cəmiyyətində forpost ölkənin Dağlıq Qarabağla bağlı niyyətinin baş tutacağına inam sarsılıb. Prezident İlham Əliyev aprel döyüşlərini böyük qələbəmiz, şanlı tariximiz kimi səciyyələndirərək deyib: “Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Bərpa olunan Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzinə çevrilib
İşğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır. 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib, burada hər cür rahatlıqlara malik yaşayış evləri tikilib. Cocuq Mərcanlıda həmçinin infrastruktur obyektləri, Şuşa məscidinin oxşarı olan məscid sakinlərin istifadəsinə verilib. Eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərcik salınıb. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Prezident İlham Əliyev Cocuq Mərcanlı qəsəbəsini dirçəliş rəmzi kimi səciyyələndirib: “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”.
Azərbaycan, eyni zamanda, qaçqın və məcburi köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edir. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilib. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Təkcə 2017-ci ildə 2300 ailə yeni mənzillərə köçürülüb və nəticədə, 12 mindən çox köçkün yeni mənzillərlə təmin edilib. Bütövlükdə, köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır. Hazırda Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrası uğurla davam etdirilir. 2018-ci ildə daha 20 min köçkünün yeni evlərlə təmin edilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

