Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan uğurlu inkişaf dinamikasını davam etdirir

Azərbaycan uğurlu inkişaf dinamikasını davam etdirir

18.04.2018 [09:05]

Prezident İlham Əliyev: Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir
Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkədir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət, aparılan islahatlar, müxtəlif istiqamətləri əhatə edən Dövlət proqramlarının uğurla reallaşdırılması ölkəmizin hərtərəfli və dinamik inkişafını təmin edir. Təsadüfi deyil ki, son 15 ildə milli iqtisadiyyatda artım və pozitiv meyillərin güclənməsi baxımından Azərbaycan bütün dünya miqyasında öncül mövqelərdən birini tutub. Hətta beynəlxalq miqyasda sosial-iqtisadi inkişafla bağlı müəyyən çətinliklər yaşandığı yeni şəraitdə də milli iqtisadiyyatımız xarici mənfi təsirlərə yüksək müqavimət gücü nümayiş etdirir və bütövlükdə inkişafa istiqamətlənib. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, 2017-ci ildə respublikamız ayrı-ayrı pozisiyalar üzrə çox yaxşı nəticələrə nail olub. Eyni zamanda, Prezident İlham Əliyevin 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü doğruldur. Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlərdən də göründüyü kimi, ölkəmiz özünün uğurlu inkişaf dinamikasını davam etdirir. Prezident İlham Əliyev iclasda söylədiyi nitqində 2018-ci ilin birinci rübündə əldə olunan uğurlardan məmnunluğunu ifadə edərək deyib: “Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir”.
Qeyri-neft sektorunun inkişafına yönələn siyasət öz müsbət nəticəsini verir
Ölkəmizin ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Qeyd etdiyimiz kimi, Azərbaycan qlobal iqtisadi şokların təsirinə daha az məruz qalan ölkədir. Bu da ilk növbədə o amillə şərtlənir ki, son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Dövlət başçısının qənaəti belədir ki, ölkədə neftdən asılılıq tamamilə aradan götürülməlidir. Təsadüfi deyil ki, iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxartması qürurverici haldır. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır.
Müstəqillik illərində Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada texniki bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün həlqələrini özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 43-ə çatdırmaq hədəflənib.
Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində bu sahədə uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, cari ilin birinci rübündə respublikamızda neftdənkənar iqtisadiyyat üzrə daha yüksək göstəricilər əldə olunub. Prezident İlham Əliyev bunu ölkədə aparılan siyasətin nəticəsi kimi səciyyələndirib. “Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan investisiyalar üçün çox cəlbedici məkandır
Güclü investisiya təminatı olmadan milli iqtisadiyyatın inkişafından da söhbət açmaq mümkün deyil. Bu baxımdan Azərbaycandakı mənzərə çox müsbətdir. Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzləşdiklərinə baxmayaraq, Azərbaycan yüksək investisiya cəlbediciliyini qoruyub saxlamağa müvəffəq olur. Bütövlükdə, Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Ötən 15 ildə müxtəlif mənbələrdən respublikamıza 230 milyard dollardan artıq sərmayələr yönəldilib. Əlamətdar haldır ki, müstəqillik illərində ölkəmizə yönəldilən investisiyaların 93 faizi məhz son 15 ilin payına düşür.
Son 15 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Dövlət başçısının 2016-cı il 20 aprel tarixində imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixində imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Həyata keçirilən islahatlar öz növbəsində investorlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Qeyd edək ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 200-dən çox sahibkarlıq subyektinə investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür.
Respublikamızda investisiya qoyuluşu sahəsində dövlət-özəl sektor əməkdaşlığının yaxşı nümunəsi formalaşıb. Belə ki, ölkəmizdə özəl sahibkarlıq subyektləri dövlət tərəfindən həm siyasi, həm də maddi cəhətdən yüksək səviyyədə dəstəklənirlər. Təkcə 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bundan başqa, pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit yönəldilib. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Öz növbəsində, dövlətin hərtərəfli dəstəyindən bəhrələnən milli sahibkarlar ordusunun təmsilçiləri ölkə boyu yeni layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiyalar yönəldirlər. Son illərdə respublikanın müxtəlif regionlarında sahibkarların vəsaitləri hesabına çoxlu sayda təsərrüfatlar, sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Yalama və Şəmkir aqroparkları, taxılçılıq və digər istiqamətlər üzrə yaradılan iri fermer təsərrüfatları, Sumqayıt, Balaxanı sənaye parklarında uğurla fəaliyyət göstərən sənaye obyektləri bu qəbildəndir.
Respublikamıza yönəldilən investisiyaların daha böyük hissəsini isə xarici sərmayələr təşkil edib ki, bu da təsadüfi deyil. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı da əhəmiyyətli dərəcədə artıb. Xarici investorlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltməkdə həvəslidirlər. İndiyədək xarici sərmayələr hesabına Bakıda, Sumqayıtda və ölkəmizin digər regionlarında yaradılan istehsalatlar uğurla fəaliyyət göstərirlər. Təkcə Pirallahı Sənaye Parkında xarici tərəfdaşların iştirakı ilə dərman istehsalına qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Cari ilin birinci rübündə də respublikamıza yönəldilən sərmayələrin böyük hissəsini xarici investisiyalar təşkil edir. Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir: “Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir”.
Strateji valyuta ehtiyatlarının artması Azərbaycanın qarşısında geniş imkanlar açıb
Məlumdur ki, son 15 ildə Azərbaycanın həyatı genişmiqyaslı infrastruktur quruculuğu ilə əlamətdar olub. Müstəqillik illərində Taxtakörpü, Şəmkirçay kimi iri su anbarlarının inşası Azərbaycanın gücünü təsdiqləyir. Respublikamızın böyük həcmlərdə sərmayələr yönəldilməsi sayəsində elektrik enerjisi idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır. 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib, qazlaşdırmanın səviyyəsi 93 faizə çatdırılıb. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Azərbaycanı fərqləndirən həm də o cəhətdir ki, ölkəmiz böyük investisiya tutumuna malik infrastruktur layihələrini reallaşdırmaqla paralel şəkildə, həm də özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində də özünün strateji valyuta ehtiyatlarını ilbəil artırır. Belə ki, son 15 ildə respublikamızın strateji valyuta ehtiyatları 23 dəfə artaraq 44 milyard dollara çatıb və tədiyyə balansında profisit yaranıb. Hazırda respublikamızın ümumi daxili məhsul həcmində strateji valyuta ehtiyatlarına malik olması bütün dünya miqyasında ən yaxşı göstəricilərdən biri kimi qiymətləndirilir. Ölkəmiz ardıcıllıqla reallaşdırılan siyasət sayəsində cari ilin birinci rübündə də strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır”.
Maliyyə imkanlarının genişlənməsi sayəsində Azərbaycan son 15 ildə güclü dayaqlara malik ölkəyə çevrilib və özünün iqtisadi müstəqilliyini tam təmin edib. Öz növbəsində iqtisadi müstəqilliyin təmin edilməsi ölkənin siyasi müstəqilliyini şərtləndirir.
Ölkəmizin uğurları beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir
Son illərdə Azərbaycanın uğurlarının, bütün parametrlər baxımından inkişafının yüksək səviyyəsinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında adekvat dəyərləndirilməsi ölkəmizin nüfuzunun artması baxımından çox önəmlidir. Məlum olduğu kimi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycandakı prosesləri yüksək qiymətləndirərək perspektiv inkişafla bağlı müsbət proqnozlar irəli sürüblər. Dünya İqtisadi Forumu “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”na əsasən isə Azərbaycanın mövqeyi daha iki pillə yaxşılaşıb və ölkəmiz 35-ci yerdə qərarlaşıb.
Nüfuzlu Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasət də “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda yüksək qiymətləndirilib. Sənəddə dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun hesabatında Azərbaycanın 35-ci yerdə qərarlaşmasını tarixi nailiyyət kimi səciyyələndirib. “Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir. Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik”, - deyə dövlət başçısı bildirib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30