Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Okeanın o tayından səslənən önəmli ismarıclar

Okeanın o tayından səslənən önəmli ismarıclar

25.09.2009 [11:05]

Və ya Azərbaycan yenə də beynəlxalq aləmin diqqət mərkəzindədir
Məlum olduğu kimi, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64-cü sessiyası öz işinə başlayıb. Sentyabrın 30-dək davam edəcək sessiya çərçivəsində bir çox, GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan torpaqlarında vəziyyətlə bağlı məsələlər müzakirə ediləcək. Bundan başqa, ABŞ-Rusiya, ABŞ-Türkiyə danışıqları, həmçinin, İranın nüvə proqramı məsələsi də sessiya çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzində olacaq. Onu da qeyd edək ki, ölkəmizi bu tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Artıq o, Nyu-Yorkda çoxsaylı ikitərəfli görüşlər keçirib. Yerli və xarici mətbuatın da vurğuladığı kimi, həmin görüşlər Azərbaycanın beynəlxalq aləmdəki yerinin, regionda və dünyada təhlükəsizliyin təminatı istiqamətində ölkəmizin atdığı addımların, həmçinin, Azərbaycanın Avropanın enerji təminatı üçün vacib ölkə olduğunun növbəti dəfə xatırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, nazir Elmar Məmmədyarovun bu görüşlərdə və Harriman İnstitutunda səsləndirdiyi bəzi önəmli ismarıclar da xarici ekspertlərin diqqətindən yayınmayıb.
Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, E.Məmmədyarovun İsrailin xarici işlər naziri Aviqdor Liberman, Avstriyanın xarici işlər naziri Mixail Spindelegger, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu, Portuqaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Joao Gomes Kravinyo,  Estoniyanın xarici işlər naziri Urmas Paetl, ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, həmçinin, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parilya ilə keçirdiyi görüşlərdə də ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub. Tərəflər ölkələrin beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsində əməkdaşlığının davam etdirilməsinin vacibliyini bildiriblər.
E.Məmmədyarovun Avropa Komissiyasının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benito-Ferrero Uoldnerlə görüşündə isə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. B.Uoldner Aİ-nin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, Azərbaycanın Avropanın enerji təminatı üçün vacib ölkə olduğunu vurğulayaraq Aİ-Azərbaycan əməkdaşlığında enerji sektorunun əhəmiyyətini qeyd edib. öz növbəsində E.Məmmədyarov ölkəmizin Aİ ilə əməkdaşlığının getdikcə daha da intensiv xarakter aldığından məmnunluğumuzu bildirib, mövcud və nəzərdə tutulan təşəbbüslərin əlaqələrin dərinləşməsinə töhfə verəcəyini qeyd edib.
Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu görüşlərin ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Əvvəla, xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq təşkilatlar və dünyanın müxtəlif istiqamətlərində yerləşən ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləmiş oldu. Digər tərəfdən isə, bundan əvvəlki beynəlxalq təbdirlərdə olduğu kimi bu dəfə də ölkəmizin üzləşdiyi başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmin münaqişənin həll olunması istiqamətində atılan addımlar və işğalçı Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe barədə ətraflı məlumat verilib. Dağlıq Qarabağ münaqişəsindən söz düşmüşkən qeyd edək ki, bu məsələ, xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Harriman İnstitutundakı çıxışının da özəyini təşkil edib.
Nazir E.Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, problemin həll olunmamasının regional və beynəlxalq vəziyyətə təsiri, nizamlanma prosesi və bununla bağlı ölkəmizin mövqeyi haqqında danışıb. Münaqişə ilə bağlı bir sıra önəmli ismarıclar verən nazir “Azərbaycan geosiyasi cəhətdən elə məkanda yerləşir ki, Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın inkişafı ilə yanaşı, bütöv regionun inkişafı üçün çox vacibdir” deyib. Onun sözlərinə görə, Azərbaycanın bu məsələdə mövqeyi bəllidir: torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan çox qaçqınımız var, yalnız bu insanların doğma evlərinə qayıtmasından sonra Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı bir danışıq aparıla bilər.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan nazirin fikrincə, ümumilikdə yaxınlaşma prosesi müsbət hal olsa da, Türkiyənin Ermənistanla əlaqələrinin kəsilməsi Kəlbəcərin alınmasından və münaqişənin Dağlıq Qarabağ sərhədlərini keçməsindən sonra baş verib. O vaxtdan isə heç nə dəyişməyib.
Serj Sərkisyanın dil problemi
Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin səsləndirdiyi önəmli ismarıclardan biri də Serj Sərkisyanın danışıqlar zamanı sərgilədiyi mövqe ilə bağlı olub. Belə ki, jurnalistlərin suallarını cavablandıran nazir “Biz danışıqlar prosesinin işçi dilini ingilis dilindən rus dilinə ilk növbədə ona görə dəyişdik ki, Ermənistanın prezidenti Serj Sərkisyan, təəssüf ki, ingilis dilini bilmir. Buna görə biz rus dilinə keçdik. Yoxsa bizim tərəfdən danışıqların ingilis dilində keçirilməsində heç bir çətinlik yox idi” deyib.
Hər halda, Serj Sərkisyanın ingilis dilini bilməməsi, yaxud da danışıqlar zamanı rus dilinə üstünlük verməsi üstündan sakit keçilə bilinəcək bir hal deyil. Kim bilir, bəlkə də S.Sərkisyan rus dilinə üstünlük verməklə bir daha ağalarına sadiq olduğunu, onların istəyindən kənar hər hansı bir addım atmayacağını nümayiş etdirmək istəyib.
Ermənistandan fərqli olaraq isə rəsmi Bakı əbədi sülhə aparan bütün imkanlardan istifadə edilməsinə tərəfdardır. ölkəmiz eyni zamanda Rusiya prezidentinin danışıqlar prosesindəki aktiv iştirakından da məmnundur. Bunu da E.Məmmədyarov deyib: “Biz məmnuniyyətlə deyə bilərik ki, Rusiya prezidenti Dmitri Medvedev danışıqlarda çox yaxından iştirak edir və hətta əsas sənəd layihələrinin detallarının müzakirəsinə qədər özü şəxsən iştirak edir. Bunu ilk növbədə onun problemin həllinə nail olmaq istəyinin əlaməti kimi qiymətləndiririk”.
Azərbaycan indiki status-kvo vəziyyətini qəbul edə bilməz
Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin növbəti önəmli ismarıcı isə ölkəmizin öz haqlı mövqeyindən geri çəkilmək və hazırkı vəziyyətlə uzun müddət barışmaq niyyətində olmaması ilə bağlıdır. E.Məmmədyarovun sözlərinə görə, bu məsələyə ciddi yanaşan tərəf başa düşməlidir ki, heç kim başqasından torpağı zorla götürüb özünü heç nə olmamış kimi apara bilməz: “Bizim bu sadə həqiqəti etiraf etməkdən başqa yolumuz yoxdur. Siz Prezident Əliyev, prezident Sərkisyan və prezident Medvedevin imzaladığı birgə sənədə diqqət yetirsəniz, orada münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə yönələn niyyət haqqında tərəflərin öhdəliyi var. Bu o deməkdir ki, biz diplomatik cəhdlərdən hələ təngə gəlməmişik. Biz hələ də çalışırıq ki, münaqişənin sülh yolu ilə həllinə gətirəcək yollar axtaraq. Digər tərəfdən isə, Azərbaycan indiki status-kvo vəziyyətini də qəbul edə bilməz. Bu məsələnin uzandığı hər gün, hər ay, hər il bizim xarici siyasətimizin prioritetlərinə təsir edir”.
Məcburi köçkünlər Dağlıq Qarabağa qayıtmalıdır
Ən nəhayət, okeanın o tayındakı çıxışı zamanı nazir münaqişənin həllinin hansı şəkildə mümkün olacağına dair ölkəmizin mövqeyini növbəti dəfə ortaya qoyub: “Bəli, Dağlıq Qarabağdan qovulan azərbaycanlılar geri qayıtmalı, sonra birlikdə sərbəst halda-məhz azad və sərbəst, Kalaşnikov silahlarının lüləsi altında yox-dinc, birgə həyat qurulmalıdır. Biz Bakıda əminik ki, bu insanlar birlikdə Azərbaycan tərkibində ən yüksək muxtariyyət əldə edə biləcəklər. Amma bu haqda indidən danışmaq, məncə, sadəcə söz-söhbət olardı”.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, nazir E.Məmmədyarov bu açıqlamaları BMT-nin Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçirdiyi görüşlər zamanı verib. Sentyabrın 30-dək davam edəcək sessiyanın bir sıra özəl məqamları ilə yaddaşlarda qalacağı gözləniləndir. Lakin xarici işlər naziri Elmar Məmmədyarovun istər yuxarıda sadalanan, istərsə də beynəlxalq təhlükəsizliyin və asayişin təmin olunmasına Azərbaycanın verdiyi töhfə, əsasən də Əfqanıstan və İraqda beynəlxalq sülhyaratma əməliyyatları çərçivəsində fəaliyyəti, habelə, həyata keçirdiyi mülki-infrastruktur, humanitar layihələr barədə verdiyi mesajların da yaddaşlarda qalacağı şübhəsizdir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30