Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

04.04.2018 [10:29]

Millət vəkilləri xaricdə dövlətimizə qarşı çirkin kampaniya aparanların fəaliyyətini kəskin şəkildə pisləyiblər
Aprelin 3-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 25 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildiriblər. Xaricdə məskunlaşmış bəzi soydaşlarımızın sosial şəbəkələrdə və saytlarda yer alan qeyri-etik çıxışları yolverilməz sayılıb və şiddətlə pislənilib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında Azərbaycanın iqtisadi sahədə dinamik inkişaf etdiyini deyərək bu sahədə böyük uğurlar qazanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmizin inkişafı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır: “Amma xaricdəki müəyyən qüvvələr ölkəmizin nüfuzuna zərbə vurmağa çalışırlar. Onların qeyri-əxlaqi mübarizə metodu cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Bu, yolverilməzdir”.
“Azərbaycanda aktiv siyasi proseslərin olduğu bir vaxtda bir qrup şəxs Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə qarayaxma kampaniyası ilə məşğuldur”. Bu fikri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, bu kampaniya erməni lobbisinin dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, mühacir adı altında bəzi şəxslər erməni lobbisinin dəstəyi ilə dövlətimizin əleyhinə fəaliyyət göstərirlər.
“Onlar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qarayaxma ilə məşğuldurlar. Bu vaxta qədər bir dəfə də olsun Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən şəxslər Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçirirlər. Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var. Çox təəssüf ki, onların Azərbaycan dövləti və xalqına qarşı apardıqları siyasət ermənilərdən betərdir. Sapı özümüzdən olan baltalar belələrinə deyilir. Ölkəmizdə siyasi mübarizə aparmaq istəyənlər üçün heç bir məhdudiyyət yoxdur. Amma düşmənin dəyirmanına su tökmək, erməni mediasında məşhurlaşmaq ancaq bu insanlara yaraşır. Vətənə, xalqa, orduya qarşı müxalif olmaq olmaz, azərbaycanlılara qarşı soyqırımı törətmiş xalqla əlbir olmaq olmaz”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov qeyd edib ki, hər kəs, o cümlədən millət vəkilləri bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Onun fikrincə, cəmiyyətimiz bu məsələdə həmrəy olmalıdır: “Bu baxımdan, xalqın seçdiyi millət vəkilləri də həmin ünsürlərə qarşı mövqeyini ortaya qoymalıdır. Bu məsələdə susmaq olmaz”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar xalqımızı təhqir edirlər: “Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz”.
E.İbrahimov deyib ki, cəmiyyətin hər bir üzvü belə insanların cavabını verməlidir: “Bu dərəcədə tərbiyəsizliyə dözmək mümkün deyil. Həmin şəxslər ölkədəki sabitliyi pozmaq istəyirlər. Ona görə də buna imkan vermək olmaz. Ölkəyə, millətə qarşı müxalifətçilik, düşmənçilik etmək olmaz. Belələrinə ar olsun deyirəm”.
“Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir. Qlobal imperializm hazırkı mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir. Bunun üçün ilk növbədə milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə nümunələrin şahidi olmuşuq”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, dünyada terrorun forma və növləri hamıya məlumdur. İndi isə informasiya, sosial şəbəkələr terroru yaradılıb. Onun sözlərinə görə, hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir: “Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar. Həmin ölkələr hazırda siyasi “teatrlar” düzəldirlər. Belə ki, xarici ölkələrin birində vətənpərvər soydaşlarımız 31 mart soyqırımı ilə bağlı aksiya keçirdiyi halda, digər tərəfdən həmin şəbəkə eyni vaxtda dövlətimizə qarşı siyasi “teatr” təşkil etdi. Polis də bu prosesə müdaxilə etmədi. Bir qədər gücləndikdən sonra isə bu siyasi “teatrlar” ölkəmizə transfer edilərək siyasi drama çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperialzimin milli dövlətlərə hücumudur”.
Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik korpuslarımız bu istiqamətdə fəaliyyətə başlamalıdır. “Həmçinin milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Transmilli şirkətlər olan “Facebook”, “Tvitter”ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli-əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar blok edilməlidir. Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın”, - deyə millət vəkili vurğulayıb.
“Xaricdə müəyyən dairələrin ölkəmizə qarşı apardığı kampaniya ilə əlaqədar cəmiyyətimizin həmrəylik göstərməsi mühüm amildir”. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, bu hallarla bağlı Avropa məkanında mübarizə üçün hüquqi mexanizm yoxdur. Onun sözlərinə görə, cəmiyyətimizdə müxtəlif təbəqələri təmsil edən şəxslər bu kimi hadisələrdə mövqeyini ortaya qoymalıdır.
“Azərbaycan dövlətinə, Prezidentinə qarşı səslənən qeyri-əxlaqi sözlər, təhqirlər bütün xalqımızın ünvanına olan təhqir deməkdir. Ona görə də, bu kampaniyaya qarşı həmrəy olmalıyıq. Azərbaycanda doğulmaq, azərbaycanlı adı və soyadı daşımaq bu millətin nümayəndəsi olmaq demək deyil. Elə insanlar var ki, onlar milli təfəkkürdən uzaqdırlar. Avropa ölkələrində öz fəaliyyətlərini söyüş, təhqir üzərində quranlar da milli dəyərlərimizdən uzaqdırlar. Belələrinə cəmiyyətimizdə yer yoxdur. Bizim bu kampaniyaya qarşı həmrəyliyimiz dövlətimizə, Prezidentimizə və xalqımıza sədaqətimizin ifadəsidir”, - deyə komitə sədri vurğulayıb.
İclasda həmçinin millət vəkilləri Ağacan Abiyev, Novruz Aslanov, Elmira Axundova və başqaları çıxış edərək bildiriblər ki, Vətənin, xalqın, ordunun şərəf və ləyaqətini qorumaq, milli maraqları və millətin mənafeyini nəzərə almaq siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın borcudur.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov bildirib ki, belə çirkin kampaniya aparanlar Azərbaycan xalqına xas olan insanlar deyil: “Azərbaycan xalqı mərd, yüksək mənəviyyata sahib olan xalqdır. Həmin adamlar isə mənəviyyatımızdan uzaqdırlar”.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan hökuməti ilə Əfqanıstan hökuməti arasında hava əlaqəsi haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri şərh edib. Parlament hər iki sazişi təsdiqləyib.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 2005-ci il 3 may tarixli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər barədə məlumat verərək bildirib ki, komissiyanın əsas vəzifələrinə və əsas hüquqlarına dair maddələrə edilən dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilmiş dəyişikliklərin ötən ilin oktyabr ayından etibarən tətbiqi ilə əlaqədardır.
Sonra Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim edib. Nəzərə çatdırılıb ki, sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Sənəd səsə qoyularaq qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda zəruri dəyişiklikləri şərh edib. Bildirib ki, hər iki medal milli dövlətçilik atributlarını əks etdirir. Məsələ müzakirə olunaraq qəbul edilib.
Gündəlikdəki növbəti dörd qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Bildirilib ki, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər 2016-cı ilin oktyabrından etibarən tətbiq olunan “Kredit büroları haqqında” Qanunla əlaqədardır. Bu dəyişikliklər banklar tərəfindən borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır. Səsvermə zamanı deputatlar qanun layihələrinin dördünə də müsbət münasibət bildiriblər.
İclasda Mülki Məcəllədə dəyişikliklərə dair daha bir qanun layihəsinə də baxılib. Qeyd edilib ki, məqsəd hüquqi şəxs adından çıxış edən şəxsin məsuliyyətinin artırılmasıdır. Sənəd qəbul olunub.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Valyuta tənzimi haqqına” qanunlara təklif olunan dəyişikliklər də qəbul edilib.
Parlament “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq hazırlanmış iki sənəddə - Ticarət Gəmiçiliyi Məcəlləsində və “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsini də məqsədəmüvafiq sayıb.
Sonra Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş beş məsələyə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi baxımından Şəhərsalma və Tikinti Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişikliklər barədə məlumat dinlənilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputatlara məlumat verib ki, “Tibbi sığorta haqqında” Qanunun 12-ci və 16-cı maddələrində aparılan dəyişikliklər “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 24 noyabr tarixli Prezident Fərmanına uyğun olaraq “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə əlaqədardır, həmçinin İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Sənəd qəbul edilib.
Deputatlar İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində, “Fərdi məlumatlar haqqında” Qanunun 13-cü, İnzibati Xətalar Məcəlləsinin 28-ci və 43-cü maddələrində edilən dəyişikliklərə də razılıq veriblər.
Sonra parlamentə “Azərbaycan Respublikasinda dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi təqdim olunub. Komitə sədri Əli Hüseynli bildirib ki, zamanın tələbinə əsasən Azərbaycan qanunvericiliyində mövcud olan daktiloskopik qeydiyyat haqqında qanun genişləndirilib və layihəyə genom qeydiyyatı məsələsi də əlavə olunub. Dörd fəsil, 21 maddədən ibarət olan bu qanun ölkəmizdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün aparılacaq dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyənləşdirəcək, bu sahədə yaranan ictimai münasibətləri tənzimləyəcək. Qanun cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, həmçinin itkin düşmüş şəxslərin tapılmasında səmərəli nəticə əldə etməyə töhfə verəcək.
Müzakirə zamanı deputatlar qanun layihəsinin əhəmiyyətini yüksək dəyərləndiriblər. Belə bir vacib sənədin hazırlanmasında əməyi olan Daxili İşlər Nazirliyi əməkdaşlarının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, layihə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq aktların tələblərinə uyğundur. Bu qanun həmçinin miqrasiya proseslərinin tənzimlənməsində, vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Fikir mübadiləsində qanun layihəsi konseptual baxımdan məqbul sayılıb və səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sonuncu məsələ olaraq ikinci oxunuşda müzakirəyə çıxarılmış “Peşə təhsili haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib.
Müzakirələrdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spiker Valeh Ələsgərov, komitə sədrləri Siyavuş Novruzov, Ziyad Səmədzadə, Əli Hüseynli, Eldar İbrahimov və Fuad Muradov, deputatlar Ağacan Abiyev, Novruzəli Aslanov, Cavid Qurbanov, Fəzail Ağamalı, Tahir Kərimli, Çingiz Qənizadə, Sahib Alıyev, Rövşən Rzayev, Aytən Mustafayeva, Elmira Axundova, Tahir Rzayev, Elşad Həsənov, Şəmsəddin Hacıyev, Rauf Əliyev, Rəşad Mahmudov rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, ölkəmizin inkişaf etdiyi, yeni istehsal sahələrinin yarandığı indiki dövrdə peşə təhsilinə çox ehtiyac var. Qanun layihəsində innovasiya və sahibkarlıq fəaliyyəti, müasir dövrün çağırış və inkişaf tendensiyaları da nəzərə alınıb.
Müzakirələrdən sonra “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30