Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan güclü və müasir ölkəyə çevrilib

Milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan güclü və müasir ölkəyə çevrilib

26.01.2018 [10:02]

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir
Son illərdə beynəlxalq nüfuzu kifayət qədər yüksək olan Davos Dünya İqtisadi Forumu Azərbaycanla uğurlu əməkdaşlıq platformasına çevrilib. Elə bu günlərdə Davosda Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada ayrı-ayrı ölkələrin yüksək səviyyəli rəsmiləri, transmilli şirkətlərin rəhbərləri, eləcə də Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə məhsuldar görüşlər keçirib. Dövlətimizin başçısı yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında iştirak edib və tədbirin aparıcısının suallarını cavablandırıb. Prezident İlham Əliyev aparıcının suallarına cavablarında ardıcıl islahatlar kursunun reallaşdırılması ilə sosial-iqtisadi sahədə dinamik inkişaf göstəricilərinə nail olan, eyni zamanda, özünün və tərəfdaşlarının mənafeləri nəzərə alınmaqla həyata keçirdiyi balanslaşdırılmış siyasət sayəsində beynəlxalq nüfuzu, regional və qlobal müstəvidə gedən proseslərə təsir etmək imkanları getdikcə artan Azərbaycanın uğurlarını, müsbət mənzərəsini dolğun şəkildə təqdim edib.
Dünya İqtisadi Forumunun son hesabatlarında Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar ardıcıl olaraq yüksək dəyərləndirilir
Dünya İqtisadi Forumu bütün ölkələr üzrə dəyərləndirmələrini vahid metodologiya üzrə həyata keçirir. Qurumun hesabatlarında hər hansı bir ölkəyə subyektiv yanaşmadan söhbət belə gedə bilməz. Buna görə də Dünya İqtisadi Forumunun hesabatları qlobal miqyasda yüksək reytinqə malikdir və ölkələr tərəfindən birmənalı şəkildə obyektiv dəyərləndirmə kimi qəbul edilir. Deyilənlər baxımından qurumun son hesabatlarında Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar ardıcıl olaraq yüksək dəyərləndirilir ki, bu da böyük nailiyyətdir. Dünya İqtisadi Forumunun yaydığı hesabatlarda Azərbaycanın müxtəlif indikatorlar üzrə mövqeyini yaxşılaşdırması ondan xəbər verir ki, ölkəmizin hərtərəfli inkişafı üçün fundamental zəmin formalaşıb və artıq nüfuzlu beynəlxalq reytinq agentlikləri də respublikamızın inamlı inkişaf yolunda olduğunu etiraf edirlər.
Həqiqətən də, son 15 ildə dünya miqyasında Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox azdır. Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də inkişafa istiqamətlənib. Belə ki, respublikamız qlobal iqtisadi böhranın mənfi təsirlərini effektiv şəkildə önləməklə özünün iqtisadi göstəricilərini artırmaqda davam edir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Aparılan islahatlar da məhz qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönəldilib. 2017-ci ildə əldə olunan uğurlar onu deməyə əsas verir ki, artıq respublikada yeni iqtisadi modelin tətbiqi öz bəhrəsini verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır.
Dünyadakı gərginliklər fonunda Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf göstəriciləri qazanması milli iqtisadiyyatımızın kifayət qədər yüksək rəqabət qabiliyyətinin olmasının əlamətidir. Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Dünya İqtisadi Forumunun bəhs olunan hesabatında Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Bəhs olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərə də diqqət çəkilib. Belə xüsusi narahatlıq yaradan trendlərdən biri sosial sfera ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə mövcud olan “dağıdıcı bərabərsizlik” insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan Azərbaycanın mənzərəsi tamam fərqlidir. Təsadüfi deyil ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın müxtəlif indikatorlar üzrə irəliləməsini yaxşı göstəricilər kimi səciyyələndirərək deyib: “Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, biz bu uğurlara nail ola bilməzdik”.
Azərbaycanın həyata keçirdiyi siyasət milli maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanır
Azərbaycanın daxili və xarici siyasətində iki mühüm cəhəti xüsusi qeyd etmək lazımdır. Onlardan biri ölkəmizin apardığı məqsədyönlü siyasətdə daim milli maraqlardan çıxış etməsi, digəri isə mehriban qonşuluq prinsipinə əsaslanmasıdır. Azərbaycan iqtidarı ölkənin strateji inkişaf hədəflərini məhz milli maraqlara uyğun müəyyənləşdirib və ölkəmizin, xalqımızın daha yüksək inkişafına nail olmaq üçün qətiyyətli siyasət həyata keçirir.
Tarixi təcrübə göstərir ki, ideoloji həmrəyliyə malik olan, iqtidar-xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan bütün hədəflərə müvəffəqiyyətlə çatırlar. Bu mənada bütün dünyada yeni inkişaf modeli kimi qəbul edilən və müstəqil siyasət kursu ilə seçilən respublikamızın nümunəsi daha xarakterikdir. Ölkəmizin inkişafını fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan iqtidarı heç vaxt populist vədlərlə çıxış etmir və dövlət siyasətinin müəyyənləşməsində cəmiyyətdən gələn sifarişlər əsas götürülür. Respublikamızın heç bir ölkə və yaxud beynəlxalq təşkilat qarşısında hansısa öhdəliyi yoxdur. Azərbaycan iqtidarı ölkənin milli mənafeyinin maksimum dərəcədə qorunmasına yönələn müstəqil siyasətində əsas dəstəyi cəmiyyətdən, xalqdan alır. Məqsədyönlü siyasət sayəsində bərqərar olan möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi ölkəmizə milli mənafeyə əsaslanan müstəqil siyasi kursu inamla həyata keçirməyə etibarlı zəmin yaradır. Prezident İlham Əliyev Azərbaycanın milli mənafeyə söykənən müstəqil siyasət həyata keçirməsinə diqqət çəkərək vurğulayıb: “Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər”.
Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasəti beynəlxalq təşkilatlarla, digər dövlətlərlə, o cümlədən də qonşu ölkələrlə mehriban münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq qurulmasına yönələn güclü siyasi iradə ilə tamamlanır. Respublikamızın dünya ölkələri ilə əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi qlobal miqyasda Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Qısa müstəqillik tarixində 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür.
Azərbaycan bölgənin aparıcı aktorlarından biri kimi regional əməkdaşlığın dərinləşməsinə, qonşu ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə davamlı səylər göstərir. Respublikamız o mövqedən çıxış edir ki, region dövlətlərinin gələcək inkişafı, iqtisadi cəhətdən çiçəklənməsi bölgədə sabitliyin, təhlükəsizlik mühitinin təmin olunması faktorundan asılıdır. Azərbaycanın regionda qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə çalışması çox haqlı olaraq ölkəmizin qlobal təhlükəsizliyə töhfə vermək əzmi kimi dəyərləndirilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan qonşu dövlətlərin iştirakı ilə formalaşan bir neçə üçtərəfli formatın təşəbbüskarıdır. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə götürdükdə, respublikamız təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev region dövlətləri və tərəfdaşlarla əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına güclü siyasi iradə nümayiş etdirir. Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Prezident İlham Əliyev Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığı bundan sonra da dərinləşdirməkdə maraqlı olduğunu nəzərə çatdıraraq bildirib: “Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir”.
Reallaşdırılan enerji layihələri həm ölkəmiz, həm də region üçün əhəmiyyətlidir
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə böyük dividendlər gətirib. 1994-cü ildə imzalanan “Əsrin kontraktı” və digər enerji müqavilələri çərçivəsində respublikamıza iri həcmlərdə valyuta axınları təmin edilib və bu vəsaitlərdən səmərəli istifadə edilməklə ölkəmizdə irimiqyaslı layihələr reallaşdırılıb, insanların rifah halı yaxşılaşıb.
Eyni zamanda, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən enerji layihələri regional və qlobal miqyasda uğurlu əməkdaşlıq platformalarının formalaşmasında mühüm rol oynayıb. “Əsrin kontraktı” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin kontraktı”ndan sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb. Beləliklə, Azərbaycanın “Əsrin kontraktı” ilə başlayan şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Azərbaycanın şaxələndirilmiş ixrac marşrutlarının böyük üstünlüklər yaratdığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”.
“Əsrin kontraktı”nın və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz öz resurslarından səmərəli istifadə etməklə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nın Avropa üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Mübaliğəsiz demək mümkündür ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Hazırda Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin TANAP, TAP və digər seqmentləri üzrə işlər böyük uğurla davam etdirilir.
Ölkəmiz özünün enerji siyasətində o prinsipi əsas götürür ki, müxtəlif platformalarda əməkdaşlıq edən tərəflərin hamısı bu əməkdaşlıqdan faydalanmalıdır. Bütün tərəfləri qane edən bu prinsip 2017-ci ildə imzalanan Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də əsas götürülüb. Bəhs olunan sənəddə Azərbaycanın milli maraqları maksimum dərəcədə qorunduğu kimi, tərəfdaşların da maraqları nəzərə alınıb. “Enerji layihələrinə gəldikdə, onlar bizim üçün və region üçün əhəmiyyətlidir. Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir”, - deyə Prezident İlham Əliyev Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan enerji layihələrinin önəminə diqqət çəkib.
Ölkəmizin regional nəqliyyat dəhlizinə çevrilməsi böyük uğurdur
Azərbaycanın qlobal əməkdaşlığa verdiyi sanballı töhfələr yalnız enerji sektoru ilə məhdudlaşmır. Son illərdə əlverişli coğrafi mövqedə yerləşən respublikamız həmçinin dünyaya özünün geniş nəqliyyat imkanlarını təqdim edir. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Ölkəmiz malik olduğu tranzit-logistika imkanlarından daha səmərəli istifadə etmək üçün nəqliyyat sektoruna çox ciddi önəm verir, bu sahədə müasir infrastruktur yaradılmasına böyük həcmlərdə sərmayələr yönəldir. 2004-cü ildən bu günə qədər Azərbaycanda 12 min kilometrdən çox avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Hazırda Azərbaycanın 20-yə yaxın yük laynerinin cəmləşdiyi çox böyük yük təyyarəsi parkı var. Respublikamız Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün mühüm rol oynayır. Bir neçə il bundan əvvəl Azərbaycan Xəzər sahilində böyük gəmiqayırma zavodu inşa etməyə nail olub. Bu zavodun texniki imkanları kifayət qədər genişdir və burada bütün növ gəmiləri istehsal etmək mümkündür.
2017-ci ildə nəqliyyat sektorunda ölkəmizin fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılması mühüm tarixi hadisəyə çevrildi. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli layihədir. Uzunluğu təxminən 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin əhəmiyyəti də kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışı da baş tutub. Prezident İlham Əliyev reallaşdırılan layihələr sayəsində Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrildiyini deyərək vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30