Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin tolerantlıq ənənələrinin təbliğinə, xalqlar və sivilizasiyalararası dialoqun dərinləşməsinə böyük töhfə verir

Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin tolerantlıq ənənələrinin təbliğinə, xalqlar və sivilizasiyalararası dialoqun dərinləşməsinə böyük töhfə verir

28.12.2017 [09:25]

Mehriban Əliyeva: Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli dəyərlərinə, humanizm prinsipinə əsaslanan ali məqamlı çoxşaxəli fəaliyyəti respublikamızda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda da yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva indiyədək müxtəlif beynəlxalq təşkilatların mükafatlarına, ayrı-ayrı ölkələrin yüksək dövlət təltiflərinə layiq görülüb. Bu günlərdə isə onun ünvanına daha bir xoş xəbər Azərbaycana dost və qonşu ölkə olan Rusiyadan gəlib. Xəbər verildiyi kimi, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. Dekabrın 26-da isə Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimi keçirilib.
Mehriban xanım Əliyeva daim ölkəmiz və xalqımız üçün vacib olan mühüm məsələlərin həllinə səy göstərir
Mehriban Əliyevanın həm Azərbaycanın Birinci vitse-prezidenti, həm də Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətini izlədikdə belə bir ümumiləşdirmə aparmaq mümkündür: Mehriban xanım Əliyeva daim ölkəmiz, xalqımız üçün vacib olan mühüm məsələlərin həllinə səy göstərir və öz xarakteri, prinsipiallığı, qarşıya qoyduğu vəzifənin həllinə ən optimal yanaşma üsulu seçməsi sayəsində uğurlara nail olur. Təsadüfi deyil ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimindəki çıxışında onun geniş və səmərəli fəaliyyətinə diqqət çəkərək vurğulayıb ki, siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız.
Mehriban xanım Əliyevanın təşkilatçılq qabiliyyəti və vətənpərvərliyi ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və yüksək səviyyədə keçirilməsində bir daha öz təsdiqini tapdı. Bundan başqa, indiyədək Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə çoxlu sayda layihələr reallaşdırılıb. Onun diqqət və qayğısı sayəsində həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinə dəstək” layihələri Azərbaycanda müasir təhsil infrastrukturunun yaradılmasında mühüm rol oynayır. “Xocalıya ədalət!” kampaniyası da məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlayıb. Sonradan dövlət orqanları, ictimai qurumlar bu təşəbbüsə qoşulublar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb.
Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi də təsadüfi deyil. Bu fakt bir daha təsdiqləyir ki, o, öz fəaliyyətində daim humanizm prinsipindən çıxış edir və ehtiyacı olan insanlara həmişə öz kömək əlini uzatmaq istəyir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən söhbət açarkən onun milli mədəniyyətimizə qayğısını xüsusi qeyd etmək lazımdır. Belə ki, Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.
Azərbaycan torpağında müxtəlif mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar
Müxtəlif ölkələrdə fərqli etnik-dini mənsubiyyətə malik insanların ciddi təhdidlərlə üzləşdiyi, diskriminasiyaya məruz qaldığı, dözümsüzlük və ksenefobiya hallarının artdığı indiki dövrdə Azərbaycan dövlətinin və cəmiyyətinin dünyaya təqdim etdiyi nümunə tamam fərqli cəhətlərlə səciyyələnir. Bu da təsadüfi deyil. Mehriban xanım Əliyevanın bəhs olunan mərasimdəki çıxışında vurğuladığı kimi, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir: “Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar”.
Xalqımızın əsrlərdən gələn tolerantlıq ənənələrinə sadiq qalan ölkəmiz son illərdə dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Azərbaycan tolerantlıq, sivilizasiyalararası dialoq kimi mühüm məsələlərin müzakirəyə çıxarıldığı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. 2010-cu ildə respublikamızın paytaxtında Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə startı verilən “Bakı prosesi” mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilib. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutub. Cari il dekabrın 21-də isə Bakıda “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Eyni zamanda, Mehriban xanım Əliyeva da çoxşaxəli fəaliyyəti ilə ölkəmizin tolerantlıq ənənələrinin təbliğinə, xalqlar və sivilizasiyalararası dialoqun dərinləşməsinə böyük töhfə verir. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr dünyada tolerantlıq prinsiplərinin təbliği nöqteyi-nəzərindən çox əlamətdardır. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib.
Azərbaycan ilə Rusiya arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq prinsipi əsasında qurulub
Yeri gəlmişkən, milli maraqlardan çıxış edən Azərbaycan özünün məqsədyönlü siyasəti ilə regionda və qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verir. Eyni zamanda, respublikamızın qonşu Rusiya ilə münasibətləri də yüksək səviyyədədir. İki ölkə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə qarşılıqlı maraqlar əsasında uğurla əməkdaşlıq edir. Təsadüfi deyil ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, investisiya qoyuluşu getdikcə genişlənir. Yuxarıda bəhs edilən mərasimdəki çıxışı zamanı Mehriban xanım Əliyeva ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsinə diqqət çəkərək bildirib: “Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur”.
Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir. Bizim çox böyük ortaq mədəni irsimiz var və humanitar sahədə əməkdaşlığımız hələ Azərbaycan və Rusiya eyni dövlətin hissələri olduğu illərdə formalaşıb.
Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra da respublikamızda rus mədəniyyətinin təbliğinə böyük diqqət göstərilir. Azərbaycanın məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300-dən çox məktəb, paytaxt Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti fəaliyyət göstərir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması əlamətdar hadisədir. Hazırda respublikamızda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir.
Son illərdə respublikamızla Rusiyanın Həştərxan vilayəti arasında yaranan isti münasibətlər də hər cür xoş sözə layiqdir. Bundan məmnunluğunu bildirən Mehriban xanım Əliyeva vurğulayıb: “Həştərxan vilayəti ilə bizim çox səmimi dostluq münasibətlərimiz var. Bu vilayət bizim dostumuz, qonşumuzdur və burada uğurlu əməkdaşlıq nümunələri çoxdur. 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30