Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qüds probleminin həllində Azərbaycanın müstəqil mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır

Qüds probleminin həllində Azərbaycanın müstəqil mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır

23.12.2017 [09:49]

BMT Baş Assambleyası ABŞ-ın Qüdslə bağlı qərarının əleyhinə qətnamə qəbul edib
Amerika Birləşmiş Ştatlarının Prezidentinin Qüds şəhərinin İsrailin paytaxtı kimi tanıması və ABŞ-ın İsraildəki səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bütün dünyada böyük narahatlıqla qarşılanıb. Bəhs olunan qərarı dəyərləndirən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri bildirirlər ki, ABŞ-ın mövqeyi bundan sonra regionda və bütövlükdə dünyada təhlükəli presedentlərə yol aça, Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması prosesinə mənfi təsir göstərə, həmçinin Yaxın Şərqdə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara bilər.
Dünya dövlətləri ABŞ-ın Qüdslə bağlı qərarına etiraz edirlər
ABŞ Prezidentinin Qüds şəhərinin İsrailin paytaxtı kimi tanıması və ABŞ-ın İsraildəki səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı dünya dövlətlərinin ən ali qurumu olan BMT-də də ciddi müzakirələrə yol açıb. Xəbər verildiyi kimi, bu günlərdə BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Qeyd edək ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz sayılmış və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ isə qətnaməyə veto qoymuşdu. Həmçinin ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-nin qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.
Hər şeydən göründüyü kimi, ABŞ-ın təhdidləri bir nəticə verməyib. Belə ki, 128 üzv ölkə BMT Baş Assambleyasının ABŞ-ın qərarını rədd edən qətnaməsinin lehinə səs verib. 9 ölkə qətnamənin əleyhinə olub, 35 ölkə isə bitərəf mövqe tutub.
Azərbaycan Qüds məsələsində özünün ardıcıl və prinsipial mövqeyinə sadiq qalıb
Azərbaycan qlobal miqyasda yaranan münaqişələrin, ölkələr arasındakı mübahisəli məsələlərin beynəlxalq hüquq və prinsiplər əsasında dinc vasitələrlə həllinə tərəfdardır. Bu baxımdan ölkəmizin Qüds məsələsində tutduğu mövqe də xarakterikdir. Prezident İlham Əliyev cari il dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı çıxışında ölkəmizin mövqeyini nəzərə çatdıraraq bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT Baş Assambleyasının bəhs olunan qətnaməsinə münasibətdə də prinsipial mövqedən çıxış edib. Belə ki, Azərbaycan öz ardıcıl siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələblərinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.
Xatırladaq ki, ABŞ Prezidentinin məlum qərarı bundan əvvəl İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında geniş müzakirə edilib. “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Zirvə görüşünün iştirakçıları yekdilliklə belə bir rəy ifadə ediblər ki, ABŞ Prezidentinin qərarı beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid edir, Qüdsün xarakterinin dəyişdirilməsi yolverilməzdir.
Yuxarıda vurğuladığımız kimi, Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Halbuki bəzi türkdilli dövlətlər, o cümlədən də Türkmənistan Zirvə toplantısının əhəmiyyətini nəzərə almayıb, türkdilli dövlətlərin ortaq maraqları, İslam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe ölkəmizin beynəlxalq hüququn aliliyinə hörmətinin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə verdiyi əməli töhfənin bariz nümunəsidir.
Azərbaycanın multikulturalizm ənənələrinə sadiqliyi, İslam həmrəyliyinə verdiyi töhfələr bütün dünyada yüksək qiymətləndirilir
Məlumdur ki, Azərbaycan Prezident İlham Əliyevin yüksək siyasi qətiyyəti sayəsində cəmiyyətin tarixdən gələn multikulturalizm ənənələrinə yüksək səviyyədə sadiqlik nümayiş etdirir. Bu gün Azərbaycan dünyanın elə azsaylı ölkələrindəndir ki, burada müxtəlif milli-dini mənsubiyyətə görə insanlar arasında heç bir fərq qoyulmur. Ölkəmizdə fərqli mədəniyyətlər mövcuddur və onlar qarşılıqlı əlaqədə inkişaf edərək daha da zənginləşirlər.
Eyni zamanda, Azərbaycan dünya miqyasında İslam ölkələri arasında həmrəyliyin güclənməsinə davamlı səylər göstərir. Ölkəmiz İƏT-in tədbirlərində yaxından iştirak edir. İndiyədək respublikamızda İƏT üzvlərinin qatıldığı bir sıra yüksək səviyyəli tədbirlər keçirilib. 2017-ci ildə Bakıda təşkil edilən İslam Həmrəyliyi Oyunları iştirakçı ölkələr arasında əsl dostluq bayramına çevrildi.
Azərbaycanın multikulturalizm ənənələrinə sadiq qalması, eyni zamanda İslam həmrəyliyinə davamlı töhfələr verməsi öz növbəsində ölkəmizə qlobal miqyasda böyük hörmət qazandırıb. Məhz müstəqil, ardıcıl və prinsipial siyasətin, dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini tolerantlığın daha da genişlənməsinə verdiyi mühüm töhfələrin nəticəsidir ki, bu günlərdə Bakıda keçirilmiş “2017 - İslam Həmrəyliyi İli” dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya toplamışdır. Dünyanın müxtəlif ölkələrindən, beynəlxalq təşkilatlardan daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30