Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir

Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir

22.12.2017 [10:13]

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin ölkə ərazisində apardığı sosioloji tədqiqat və sorğunun nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir
Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğu ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Yeri gəlmişkən, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2018-ci il prezident seçkiləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində apardığı sosioloji tədqiqat və sorğunun nəticələri də bu reallığı ifadə edir.
Azərbaycan vətəndaşları ölkəmizdə təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyi milli inkişafın əsası kimi dəyərləndirirlər
Bəhs olunan sorğu çərçivəsində Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92,8 faizi vəziyyəti sabit hesab edib. Ümumiyyətlə, sirr deyil ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 14 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Azərbaycan gələcəyə doğru əmin addımlarla irəliləyir
Azərbaycanın son 5 ildə hansı istiqamətdə (düzgün, yaxud yanlış) inkişaf etdiyini respondentlərin 83,7 faizi “düzgün” olaraq qiymətləndirib ki, bu da öz növbəsində həyata keçirilən strateji kursun doğru və təqdirəlayiq olduğunu göstərir. Ümumiyyətlə, dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Praqmatik iqtisadi siyasətin nəticəsi kimi əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Bu gün Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər xüsusi vurğulanmalıdır. Bütün bunlar ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji faktorlardır. Məhz bunların nəticəsidir ki, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir.
Ölkəmizdə həyata keçirilən milli inkişaf siyasətinin alternativi yoxdur
Bütövlükdə, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində bu reallığı ifadə edirlər. Bəhs olunan sorğuda da bu məqamlar yer alıb. Məlumata görə, dövlət başçısının həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə əksəriyyət (84,7 faiz) bu siyasəti dəstəklədiyini deyib.
Şübhəsiz ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Xüsusilə də, həyata keçirilən islahatlar daxili siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktorlar sırasında yer alır. Çoxşaxəli islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent kimi çıxış edir.
Beləliklə, iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Nəticə etibarilə, inkişafın milli modelini formalaşdıran Azərbaycanın dinamik tərəqqisi uğurla davam edir və bunun əsasında, qeyd etdiyimiz kimi, praqmatik, milli maraqlara söykənən strateji kurs dayanır.
Sorğu zamanı respondentlərə gələn həftə prezident seçkiləri keçiriləcəyi halda, Prezident İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2 faizi Prezident İlham Əliyevə səs verəcəyini bildirib.
Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir
Bundan başqa, bəhs olunan sorğu çərçivəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildirib. Şübhəsiz ki, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
O da qeyd edilməlidir ki, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Azərbaycan heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. İkitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli lahiyələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelərə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar. Bütün bunların qanunauyğun nəticəsidir ki, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi önəmli hadisə kimi qiymətləndirilib
Yeri gəlmişkən sadalanan məqamlarla yanaşı, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilib. Əlbəttə, bu, təsadüfi deyil. Çünki Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəal ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. Mehriban xanım Əliyeva millət vəkili və Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyət göstərərkən ölkənin siyasi həyatında aktiv iştirakı ilə milli inkişafa, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstəriblər. Çünki məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Bundan başqa, Mehriban xanım Əliyeva Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub.
Hazırda isə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Hər şeydən öncə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması yuxarıda sadalanan milli və ictimai məzmunlu işlərin, mühüm nailiyyətlərin nəticəsidir. Mehriban Əliyeva Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır.
Məhz bu gün Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyəti həm də ölkəmizdə yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından müstəsna önəmə malikdir. Bir sözlə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti milli maraqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır.
Dövlətimizin qüdrətinin artmasına xidmət edən məqsədyönlü tədbirlər vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır
Digər tərəfdən, Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələr sırasında respondentlər ilk növbədə 2016-cı ilin aprel döyüşlərindəki qələbələri və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlını qeyd ediblər. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, “ASAN Xidmət” mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti, yeni infrastrukturun yaradılması və digər məsələlər isə rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilib.
Şübhəsiz ki, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsinə xidmət edən məqsədyönlü tədbirlər vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır. Əminliklə söyləmək olar ki, həyata keçirilən islahat xarakterli məqsədyönlü tədbirlər qarşıya qoyulan inkişaf hədəflərinə çatmağa imkan verir. Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı tədqiqatlar aparan ekspertlərin qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Bir sözlə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan öz inkişaf yolunda əmin addımlarla irəliləyir.
Bütövlükdə isə, rəy sorğusundan göründüyü kimi, Azərbaycan vətəndaşları ölkəmizdə təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyi milli inkişafın əsası kimi qiymətləndirirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30