Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bölgələrimizin qədim tarixi, müasir görünüşü və inkişafı Latviya Prezidentini heyran edib

Bölgələrimizin qədim tarixi, müasir görünüşü və inkişafı Latviya Prezidentini heyran edib

13.08.2009 [10:47]

Prezident Valdis Zatlers Azərbaycana rəsmi səfəri çərçivəsində respublikamızın şimal-qərb rayonlarında olub
Latviya Prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 11-də respublikamızın şimal-qərb bölgəsində olub. Latviya dövlətinin başçısının respublikamızın şimal-qərb bölgəsinə səfəri Zaqatala rayonundan başlayıb.
Zaqatala hava limanında Prezident Valdis Zatlersi və xanımı Lilita Zatlereni böyük səmimiyyətlə qarşılayıblar.
Məlumat verilib ki, Zaqatala hava limanı 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Şəhərdən 5 kilometr məsafədə yerləşən hava limanının müasir üslubda inşa edilmiş dördmərtəbəli binası birinci dərəcəlidir və saatda 120 sərnişinə xidmət göstərir. Hava limanının uçuş-enmə zolaqlarının uzunluğu 2200 metrdir.
Daha sonra Latviya Prezidenti və onu müşayiət edən nümayəndə heyəti avtobusla Zaqatala şəhərinin görməli yerləri ilə tanış olublar. Bildirilib ki, Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şimaldan Rusiya Federasiyası, cənubdan Gürcüstan ilə həmsərhəddir. Əhalisi 118 min nəfərdir. Rayonda azərbaycanlılarla yanaşı, ruslar, avarlar, ləzgilər, tatarlar, saxurlar, ingiloylar, ümumilikdə 20-dən çox millətin nümayəndəsi əmin-amanlıq şəraitində yaşayır. ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar nəticəsində Zaqatala rayonu da sürətlə inkişaf edir. Rayonda yeni istehsal və infrastruktur obyektləri inşa olunur. 2004-2008-ci ildə 11.100 yeni iş yeri açılıb ki, onun da 7.100-ü daimidir.
Sonra Latviya Prezidenti və xanımı Zaqatalanın ən iri və qədim Tala məscidi ilə tanış olublar. Bildirilib ki, inşasına 1903-cü ildə başlanan və 1908-ci ildə istifadəyə verilən bu ibadət ocağı Tala kənd sakini hacı Əhməd əfəndinin təşəbbüsü ilə tikilib. Hacı Əhməd əfəndi məscidin layihəsini İstanbuldan gətirtdirib. Məscidin dam örtüyünün materialını Bakı milyonçusu, xeyriyyəçi hacı Zeynalabdin Tağıyev verib. Sahəsi 2500 kvadratmetr olan məsciddə eyni vaxtda 1000-1500 dindar ibadət edə bilir. Tala məscidi tarixi mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur. Qonaqlar Zaqatala Olimpiya İdman Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, bu kompleksin tikintisinə 2003-cü ildə başlanıb. 2006-cı ildə idman kompleksinin açılışında Prezident İlham Əliyev iştirak edib. Ərazisi 4,5 hektar olan kompleksə əsas korpus, futbol stadionu, mehmanxana daxildir. Mehmanxana kompleksi 16 kottecdən ibarətdir. Əsas korpusda 1200 tutumu olan oyun zalı, üzgüçülük hovuzu, məşq zalı yerləşir. Hazırda idman kompleksinin xidmətindən 1000-dən çox gənc istifadə edir. Burada respublika miqyaslı yarışlar da keçirilir.
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere daha sonra Zaqatala müalicə-diaqnostika mərkəzinə gəliblər. Qonaqlar burada xəstələrlə görüşüb, həkimlərlə söhbət ediblər. Mərkəzin baş həkimi Nəriman Əfəndiyev qonaqlara məlumat verib ki, müalicə ocağının tikintisinə 2006-cı ildə başlanıb və 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Mərkəzin ərazisi 1,8 hektar, binanın ümumi sahəsi isə 10 min kvadratmetrdir. Müəssisədə 200 nəfərə yaxın tibbi heyət çalışır. Diaqnostika mərkəzinin 6 şöbəsi var və bu şöbələr Almaniyanın “Siemens” firmasından alınmış ən müasir  avadanlıqla təchiz olunub. Burada Zaqatala ilə yanaşı, qonşu rayonların əhalisinə də yüksək tibbi xidmət göstərilir. Cari ilin may ayında burada Heydər Əliyev Fondu və Neft Şirkətinin təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkimlərindən ibarət briqada 5 xəstə üzərində ilk dəfə açıq ürək əməliyyatı keçirib.
Ali qonaq mərkəzin işindən razılığını bildirib.
Avqustun 11-də Zaqatala şəhəri ilə tanışlıqdan sonra Latviya Prezidenti Valdis Zatlers və onu müşayiət edən şəxslər Şəki şəhərinə gəliblər.
Şəki ilə tanışlıq Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayından başlayıb. Qonaqlara məlumat verilib ki, Şəki xan sarayı XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilib. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunub. üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Xan sarayının divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir.
Latviya dövlətinin başçısı və xanımı sarayın eyvanından Şəkinin qədim məhəllələrinin mənzərəsini seyr ediblər.
Sonra qonaqlar Kiş kəndində yerləşən alban məbədi ziyarət ediblər. Latviya Prezidentinə və xanımına məlumat verilib ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Qeyd olunub ki, əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir. 2001-ci ilin may ayında burada  Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanıb, 2003-cü ilin sentyabr ayında məbədin açılışı olub. Layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilib və məşhur alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü ucaldılıb. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Qonaqlar buradan bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinə gəliblər və müəssisədə istehsal olunan müxtəlif ipək, xalça, kəlağayı və digər məhsullardan ibarət sərgi ilə tanış olublar.
Müəssisənin baramaaçan istehsalatı və toxuculuq sexi ilə tanış olan qonaqlara məlumat verilib ki, “Şəki-İpək” ASC 1931-ci ildə təbii ipək sap istehsalı ilə fəaliyyətə başlayıb. Keçmiş SSRİ-nin ən qabaqcıl istehsalatlarından biri olan bu müəssisə ittifaq dağılandan sonra fəaliyyətini dayandırıb. 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Şəkiyə səfərindən sonra Ulu öndərin köməyi sayəsində müəssisə fəaliyyətini yenidən bərpa edib. Müəssisədə istehsal sexləri əsaslı şəkildə yenidən qurulub, müasir texnologiyalar tətbiq edilib, məhsuldar dəzgah və avadanlıq işə salınıb, işçilərin sosial müdafiəsini gücləndirmək üçün əlavə tədbirlər görülüb. 2008-ci ildə müəssisənin baramaaçan istehsalatında çin istehsalı olan 493,7 min avro dəyərində dörd baramaaçan, 4 baramasarıyan, barama buğaverən dəzgahlar, habelə vakuum aparatı və laboratoriya avadanlığı quraşdırılıb. Yeni dəzgahların quraşdırılması nəticəsində sexdə əmək məhsuldarlığı 6-7 dəfə, istehsal gücü isə 2,5 dəfə artıb. Bundan əlavə, işçilərin əl əməyi xeyli yüngülləşib, buraxılan məhsulun keyfiyyəti daha da yaxşılaşıb, dünya standartları səviyyəsinə çatdırılıb.
Qonaqlara müəssisənin iqtisadi göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, 2008-ci ildə müəssisədə 1270 nəfər çalışıb, 43,1 ton xam ipək, 15 ton bişmiş sap, 497 min kvadratmetr təbii ipək parça, 105,5 min kvadratmetr güllü pambıq parça, 138,4 kvadratmetr təbii ipək xalça, 180 min 822 ağ rəngli kəlağayı, 8128 güllü kəlağayı, 23 min 926 kip şal dəsti,  təbii ipəkdən 32 min 199 şarf və digər məhsullar istehsal olunub. İstehsal olunan məhsulun ümumi dəyəri 4 milyon 681,9 min manat təşkil edib.
Prezident Valdis Zatlers müəssisənin xatirə kitabına ürək sözlərini yazıb. Latviya Prezidenti və xanımı “Yuxarı karvansara” mehmanxana kompleksinin qarşısında şəhər ictimaiyyətinin nümayəndələri ilə söhbət ediblər. Prezident Valdis Zatlers Azərbaycana səfərindən məmnun qaldığını və hər iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Qeyd edilib ki, bu səfər ikitərəfli münasibərlərdə yenu mərhələ olacaq.
Sonra qonaqlar mehmanxana kompleksi ilə tanış olublar. Məlumat verilib ki, XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı karvansara” mehmanxana kompleksi “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir, ümumi sahəsi 6 min kvadratmetrdir. Karvansara Şərq memarlıq üslubunda tikilib. Kompleks 300-ə qədər otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarada ticarətlə məşğul olardılar. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir. Şəkiyə səfərini başa çatdıran Latviya Prezidenti həmin gün Qəbələyə yola düşüb.
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Qəbələ rayon tarix diyarşünaslıq muzeyi ilə tanış olublar. Latviya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere “Gilan Holdinq”in Qəbələ konserv zavoduna gəliblər. Qonaqlar zavodun ayrı-ayrı sexlərini, laboratoriyalarını gəziblər, məhsulların emalı, qablaşdırılması və saxlanması prosesi ilə maraqla tanış olublar.
Məlumat verildi ki, istehsal gücünə və texnoloji avadanlığına görə Cənubi Qafqazda analoqu olmayan bu müəssisə 12 hektar ərazidə yerləşir. Zavod fasiləsiz rejimdə fəaliyyət göstərir və burada 350 nəfər daimi işçi çalışır. Müəssisədə məhsulların qablaşdırılması üçün avtomatlaşdırılmış 8 axın xətti işləyir. Bütün istehsal prosesi kameralar vasitəsilə izlənilən bu müəssisədə 30 çeşiddə məhsul buraxılır. Zavodun illik istehsal gücü 250 min tondur. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 14 xarici  ölkəyə də ixrac edilir. Xarici ölkələrə hazır məhsullarla yanaşı, 15 çeşiddə yarımfabrikat da göndərilir. Müəssisənin laboratoriyası, anbarı və məhsulların sərgisi ilə tanış olan Latviya Prezidenti dequstasiya mərkəzində müxtəlif meyvə şirələrinin dadına baxıb. Ali qonaq zavodun fəaliyyətini, məhsulların keyfiyyətini yüksək qiymətləndirib.
Daha sonra Prezident Valdis Zatlers və onu müşayiət edən nümayəndə heyəti Qəbələ Müalicə-Diaqnostika Mərkəzinə gəliblər. Həmin gün Latviya Prezidenti Bakı şəhərinə qayıdıb.
Latviya Prezidenti Valdis Zatlersi respublikamızın şimal-qərb bölgəsinə səfərdə Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, xarici işlər nazirinin müavini Vafiq Sadıqov və digər rəsmi şəxslər müşayiət ediblər.
Paylaş:
Baxılıb: 1122 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30