Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir
04.11.2017 [01:06]
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın son illərdə moderatorluğu və qonşu tərəfdaş dövlətlərin iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr sayəsində regionda yeni reallıqlar yaranıb. Respublikamızdan başlayan və Gürcüstanın, Türkiyənin ərazilərindən keçən neft və qaz kəmərləri bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, bu kəmərlər Xəzərin şərq hissəsində yerləşən ölkələrin enerji resurslarının istehlakçılara nəql edilməsində şaxələndirilmiş tranzit vasitə qismində çıxış edir.
Deyilənlər kontekstində ölkəmizin güclü siyasi iradəsi və böyük maddi dəstəyi ilə inşa edilərək bu günlərdə Azərbaycanın, qardaş Türkiyənin, Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın dövlət və hökumət başçılarının, həmçinin Tacikistanın və Türkmənistanın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli açılış mərasimindəki çıxışında yeni nəqliyyat bağlantısının əhəmiyyətindən bəhs edərək vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur”.
BTQ yüklərin daşınmasında əlavə imkanlar yaradacaq
Qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, müasir infrastrukturlar qurulur, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir. Son 13 ildə ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ölkədə və bütövlükdə regionda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə göstərdiyi yüksək siyasi iradənin daha bir nümunəsidir. Yeni nəqliyyat bağlantısı tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Qeyd edək ki, yeni dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub.
BTQ Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan üzərindən yük və sərnişin daşımalarının həcmi əhəmiyyətli dərəcədə artacaq. Ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək. Eyni zamanda, yeni dəmir yol bağlantısı ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərəcək. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi yalnız 3 ölkənin maraqlarını təmin etməklə məhdudlaşmır və daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Prezident İlham Əliyev bu kimi önəmli məqamlara diqqət çəkərək bildirib: “Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksəkvəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər”.
Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi səmərəliliyi kifayət qədər yüksəkdir. Yeni dəmir yolu bağlantısı ilə yüklər 16-18 saata daşınacaq. Bakı-Tbilisi-Qars vasitəsilə həmçinin gələn ildən başlayaraq sərnişin daşımaları təmin ediləcək. İlkin mərhələdə BTQ ilə ildə 1 milyon sərnişin daşınacaq və sonrakı mərhələdə bu rəqəm 2 milyona çatdırılacaq. Artıq İsveçrənin “Stadler” zavoduna 30-a yaxın sərnişin vaqonu sifariş edilib.
Bütün bu deyilənlər Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi əhəmiyyəti barədə konkret təsəvvür yaradır. Azərbaycan da daxil olmaqla böyük bir coğrafiyada ayrı-ayrı ölkələrin yük qəbul etmə və yük göndərmə imkanları artacaq, eyni zamanda, sərnişinlər mənzil başına daha tez çatacaqlar və onların yol xərcləri azalacaq. Bütün bunlar son nəticədə bölgədə iqtisadi çiçəklənmə, biznesin, o cümlədən də turizm sektorunun inkişafı deməkdir. Prezident İlham Əliyev yeni nəqliyyat qovşağı sayəsində həmçinin qarşılıqlı sərmayə qoyuluşunun artacağına əminliyini ifadə edərək deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı, əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq”.
BTQ-nin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq
Dünyada ciddi kataklizmlərin yaşandığı, müharibələrin, terror hadisələrinin səngimək bilmədiyi indiki dövrdə təhlükəsizlik, sabitlik, ölkələr arasında qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi kimi məsələlərin aktuallığı artıb. Hər bir dövlət, hər bir xalq bəşəriyyətin gələcəyi naminə qlobal miqyasda münaqişələrin və digər gərginliklərin aradan qaldırılmasına öz töhfəsini verməlidir. Əks təqdirdə sabah gec olacaq, təhlükə hər kəsin qapısını döyəcək.
Deyilənlər baxımından Azərbaycanın mövqeyi təqdirəlayiqdir. Belə ki, öz siyasətində daim milli maraqlardan çıxış edən ölkəmiz paralel şəkildə regional və qlobal əməkdaşlığın dərinləşməsinə, bu strateji məqsədə xidmət edən yeni platformaların yaradılmasına nail olmağa çalışır. Nümayiş etdirdiyi xoş məramın nəticəsidir ki, respublikamız həm Avropa İttifaqı, həm də İƏT ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurub və öz nümunəsi ilə fərqli mədəniyyətlərin yaxınlaşmasında mühüm rol oynayır.
Azərbaycan qlobal xarakterli enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında bütün iştirakçı tərəflərin maraqlarının qorunmasının və nəzərə alınmasının tərəfdarıdır. Ölkəmiz zəngin enerji resurslarına, geniş tranzit imkanlarına malik olmasını heç vaxt özünün üstünlüyü kimi şərt qismində təqdim etmir. Respublikamız o mövqedən çıxış edir ki, enerji amili və digər üstünlüklər qarşı tərəfə təzyiq vasitəsinə çevrilməməlidir.
Eyni zamanda, iqtisadi inkişafa, tərəqqiyə və əməkdaşlığa hesablanan layihələrin həyata keçirilməsinə davamlı səylər göstərməsi ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, respublikamız dünya miqyasında öz sözünü qətiyyətlə deyən, müstəqil siyasət həyata keçirən güclü və ləyaqətli ölkə kimi tanınır. Hazırda ölkəmizin mövqeyi o dərəcədə möhkəmlənib, siyasi çəkisi o səviyyədə artıb ki, regionda hər hansı irimiqyaslı layihəni və yaxud siyasi təşəbbüsü Azərbaycanın iştirakı olmadan reallaşdırmaq mümkün deyil.
Dünyadakı reallıqlar fonunda Bakı-Tbilisi-Qars kimi qlobal xarakterli layihələr də böyük əhəmiyyət daşıyır. Yeni dəmir yolunu çox haqlı olaraq yalnız iqtisadi əhəmiyyətli layihə kimi səciyyələndirmirlər. Bakı-Tbilisi-Qars onun xidmətindən bəhrələnən dövlətlərə iqtisadi fayda gətirməklə yanaşı, həm də ölkələr və xalqlar arasında xoş münasibətin bərqərar olmasına, əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək ki, bu da Azərbaycanın strateji kursu ilə tam üst-üstə düşür. Yeni dəmir yolu bağlantısının geosiyasi əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.
Ölkəmizdə Şərq-Qərb dəhlizinin digər seqmentləri üzrə də işlər uğurla həyata keçirilir
Qeyd etdiyimiz kimi, Azərbaycan özünün tranzit imkanlarından daha səmərəli istifadə etmək üçün müasir yol-nəqliyyat və logistika infrastrukturunun yaradılmasına böyük diqqət göstərir. O cümlədən ölkəmizdə Şərq-Qərb dəhlizinin digər seqmentləri üzrə də işlər uğurla həyata keçirilir.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir. Bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalma körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Yeni dəniz ticarəti limanının birinci mərhələsi çərçivəsində həmçinin beş dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara verilib. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının, həmçinin təmir bazasının, gözləmə salonlarının, anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin və digər qurğuların tikintisi davam etdirilir. Prezident İlham Əliyev Xəzər sahilində inşa olunan yeni limanı ölkəmizin nəqliyyat infrastrukturunun mühüm seqmenti kimi dəyərləndirərək vurğulayıb: “Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq”.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır
Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər iki layihədə fəal iştirakçıdır: “Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”.
Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb.
Hazırda magistralın ayrı-ayrı hissələrinin tikintisi davam etdirilir. “Azəravtoyol” ASC-dən verilən məlumatda bildirilir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Layihə çərçivəsində yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə tamamlanacaq.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Hazırda Yalama-Astara dəmir yol sahəsində Şimal-Cənub dəmir yol nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir.
Perspektivdə Azərbaycanın tranzit imkanlarının artırılmasına hesablanan bir sıra önəmli layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev ölkəmizdən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inteqrasiyasının zəruriliyini gündəmə gətirərək deyib: “Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni bütün infrastruktur hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

