Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

01.11.2017 [10:25]

İclasda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanmış yeni Saziş ratifikasiya edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra millət vəkilləri müzakirələrə başlayıblar. Əvvəlcə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər LTD, Ekson Azərbaycan Limited, İndeks Sausvest Kaspian Si, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə dair” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd haqqında vitse-spiker, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
V.Ələsgərov bildirib ki, yenilənmiş Saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. Görülən işlərin nəticəsi kimi indiyədək podratçı tərəflər mənfəətlərindən 14,4 milyard dollar mənfəət vergisi ödəyib. Dövlət Neft Şirkətinin törəmə şirkəti podratçı tərəf olaraq mənfəət neftinin satışından 5,9 milyard dollar qazanıb. Müqavilə şərtlərinə uyğun olaraq texnoloji tələbat üçün istifadə olunmayan 41,7 milyard kubmetr həcmində səmt qazı ötürülüb. Mövcud məlumata görə, adıçəkilən yataqlarda ən azı 500 milyon tona yaxın çıxarıla biləcək neft ehtiyatı var. Vurğulanıb ki, müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər olduğundan qalan yeddi ildə hasilat aşağı düşəcəkdi. Bu hasilatı isə sonradan bərpa etmək çox çətin olacaqdı. Ona görə də müqavilə müddətinin uzadılması, yenilənməsi çox uzaqgörənliklə atılmış bir addımdır.
Vitse-spiker qeyd edib ki, Azərbaycan dövləti və Dövlət Neft Şirkəti yenilənmiş müqaviləni bundan əvvəlki müqavilədəki şərtlərdən də üstün şərtlərlə imzalayıb. Dövlət Neft Şirkətinin danışıqlar nəticəsində daha üstün, əlverişli şərtlər əldə etməsində əsas amillərdən biri həm neft, həm də qaz sahəsində artıq heç bir riskin olmamasıdır. Bunun üçün də həmin xarici investorlar ölkəmizə hər il 450 milyon dollar olmaqla səkkiz il bonus ödəyəcəklər.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu il Azərbaycan iki mühüm tarixi hadisəyə imza atdı. Onun sözlərinə görə, bunlardan biri “Əsrin müqaviləsi”nin müddətinin uzadılması haqqında sazişin imzalanması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışıdır: “Bu hadisələr tarixi hadisələrdir. Ulu öndər Heydər Əliyevin ideyaları addım-addım, böyük zəhmətlər hesabına həyata keçirilir. Bu ideyaların həyata keçirilməsində Prezident İlham Əliyevin böyük iradəsi və qətiyyəti müstəsna rol oynayır. Həm 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, həm də 2017-ci ildə bu müqavilənin uzadılması xalqımızın gələcəyi üçün atılan addımlardır. Hər iki müqavilənin imzalanması mərasimində iştirak etmişəm və bundan qürur duyuram. “Əsrin müqaviləsi” imzalananda bəzi adamlar onu xülya adlandırırdılar. Lakin tarix sübut etdi ki, bu sazişi xülya hesab edənlərin fikirləri xülyadır. Ümummilli liderin uzaqgörən siyasəti 25 ildən sonra həmin şəxslərə başa saldı ki, atılan addımlar nə qədər duzgün və vaxtında atılıb. Vaxtilə bu müqavilələrin reallaşmasına inanmayanlar, onun səmərəli olmadığını deyənlər arasında hazırda Milli Məclisdə oturanlar da var”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin atdığı hər addım xalqımızın mənafeyinə hesablanıb. O, yeni sazişin də ölkəmizə böyük fayda verəcəyinə əminliyini ifadə edib.
Millət vəkili Sahibə Qafarova isə bildirib ki, Ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan hər cəhətdən güclü dövlətə çevrilib. Onun sözlərinə görə, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin gücləndirilməsi təminat altına alınmışdısa, bu gün haqqında danışdığımız Sazişin imzalanmasının da Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyəti var: “Bu sazişlə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Birmənalı şəkildə qeyd edə bilərik ki, bu Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Bu Sazişin imzalanması tərəfdaşları arasında ölkəmizə qarşı böyük inam formalaşdığını təsdiqləyir”.
Müzakirələrdə çıxış edən digər millət vəkilləri də sənədin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu müqavilə Azərbaycan dövlətinin və xalqının tam maraqlarına cavab verməklə ölkəmizin inkişafını daha da sürətləndirəcək, siyasi və iqtisadi qüdrətini möhkəmləndirəcək. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda həmçinin Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Hər üç sənədə eyni dəyişikliyi nəzərdə tutan layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd məhkəmələrin işinin səmərələşdirilməsidir. O qeyd edib ki, Avropa praktikası nümunə kimi götürülərək, fiziki şəxslərin nümayəndə kimi iştirakının (qanuni nümayəndələrin) ləğvi təklif olunub: “Amma bəzi təkliflər nəzərə alınaraq, keçid müddəalar layihəyə salındı”.
Dəyişikliklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.
Digər yenilik isə ondan ibarətdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.
Müzakirələr zamanı bəzi millət vəkilləri dəyişikliklərə etiraz ediblər. Amma YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, məhkəmələrdə nümayəndəlik institutunun ləğvi ilə bağlı məsələ çox aktualdır və uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Lakin bu qanun qəbul edilməlidir ki, onun işlək olub-olmadığını görə bilək. Yəni bu məsələni təcrübədə sınamalıyıq. S.Novruzov bildirib ki, məsələyə birmənalı şəkildə etiraz etmək düzgün deyil: “Biz bu qanunları Azərbaycan xalqının mənafeyi üçün qəbul edirik. Xaricdə bunun qəbul edilib-edilməməsi bizi maraqlandırmır”.
Azərbaycanda vəkillik institutunun zəif olduğunu deyən millət vəkili qanun qəbul olunduqdan sonra vəkillik fəaliyyəti ilə ciddi məşğul olunmasının və bu istiqamətdə fəaliyyətin artırılmasının vacibliyini vurğulayıb: “Əgər kifayət qədər savadlı hüquqşünas vəkil işləyərsə, o zaman öz halal zəhməti ilə digər peşə sahiblərindən daha çox əməkhaqqı ala bilər”.
S.Novruzov vəkillər arasında test imtahanlarının keçirilməsinin intensivləşdirilməsi məsələsinə də toxunub: “Ali hakimiyyət orqanları var ki, orada seçki bəllidir. Lakin vəkil seçildikdə müddət qoyulmamalıdır. Əgər zərurət varsa, test imtahanları ayda bir dəfə də keçirilə bilər”.
Deputatın sözlərinə görə, vəkillik institutunun fəaliyyətinin genişləndirilməsi üçün hüquqi firmalar açılmalı, onların nizamnamələri sadələşdirilməlidir: “Belə olan halda nümayəndəliyə ehtiyac qalmayacaq. Nümayəndəlik hüquqi prosesudur həyata keçirən şəxs deyil. Nümayəndə, sadəcə, hər hansı bir şəxsi hüquqi istiqamətə yönəltməklə məşğuldur. Əgər biz vəkillik institutunu təkmilləşdiririksə, o zaman nümayəndəlik ləğv olunacaq. Qanunda da bu nəzərdə tutulub”.
S.Novruzov qeyd edib ki, hüquq-mühafizə orqanlarında rüşvətə və ya vəzifəsindən sui-istifadəyə görə işdən çıxarılan bəzi insanlar vəkil işləyirlər: “Belələrinin yerinə gənclərin işə götürülməsi daha məsləhətlidir. Elələri var ki, onlar şantajla məşğuldurlar. Öz işini əsaslandıra bilməyənlər ATƏT-ə, Avropa Şurasına məktublar yazırlar. Bu cür insanların sayını azaldaraq, yeniləri cəlb edərək vəkillik institutu yarada bilərik. Hər şey islahatlarla, təcrübəyə əsasən həyata keçirilməlidir. Yəni islahatlar yolu ilə vəkillik institutu təkmilləşdirilməlidir”.
Vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institutunun fəaliyyətinin qeyri-normal olduğunu deyib, bu sahədəki problemin yalnız bu yolla həllinin mümkünlüyünü vurğulayıb.
Millət vəkili Musa Quliyev çıxışında bildirib ki, bu dəyişikliklər hüquq sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir. Onun fikrincə, ölkəmizdə vəkillik institutu təkmilləşdirilərək genişləndirilməlidir.
İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dəyişikliklərin əhəmiyyətli olduğunu bildirib: “Hesab edirəm ki, bunu qəbul etsək, vəkillik institutu daha da işlək olacaq”.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
İclasda həmçinin bir sıra qanunlara da əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30