Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan regional və qlobal miqyasda enerji təhlükəsizliyinə mühüm töhfə verir

Azərbaycan regional və qlobal miqyasda enerji təhlükəsizliyinə mühüm töhfə verir

07.08.2009 [02:47]

Prezident İlham Əliyev: Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur və qarşılıqlı maraqlar üzərində qurulubdur
Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində özünü göstərməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da transmilli aktor və faktor olmaq etibarilə Azərbaycanın dünya dövlətlərinin enerji planı və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir.
Məhz bütün bu uğurları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında vurğulayıb ki, enerji təhlükəsizliyi məsələlərinin həlli ilə mütəmadi qaydada məşğul olunur və bu sahədə, demək olar ki, bütün vəzifələr uğurla icra edilmişdir: “...Enerji təhlükəsizliyi məsələsinə gəldikdə demək istəyirəm ki, Azərbaycan tam şəkildə özünü təmin edib. Biz enerji təhlükəsizliyi məsələsində beynəlxalq təşkilatlarla və dost ölkələrlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulur”.
Bəli, hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Belə ki, dünyanın aparıcı analitik mərkəzlərindən biri olan “Con Hopkins Strateji Araşdırmalar Mərkəzi”nin regional və qlobal miqyasda enerji təhlükəsizliyi ilə bağlı apardığı araşdırmaların nəticəsində Cənubi Qafqazın təhlükəsizlik və sabitlik təminatçısı olmaq etibarilə Azərbaycanın önəmi məhz bu şəkildə qiymətləndirilir: “Azərbaycan Qafqaz bölgəsi və Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmin edilməsi və strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında lokomotiv roluna malik olan bir aktordur... Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm yerə malik olmaqla Qərb ölkələrinin əksəriyyətinin etibarlı strateji tərəfdaşına çevrilməkdədir”.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan “heartland”ın (geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edən kontinental ərazi) tərkib hissəsi olmaq etibarilə əlverişli tranzit mövqeyi və zəngin karbohidrogen ehtiyatları ilə Avropa üçün də “həyati” önəm kəsb edir. Məhz bu önəmin fonunda Azərbaycanla Avropa arasında qarşılıqlı-faydalı əməkdaşlıq edilməkdə və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etməkdədir. Belə ki, Azərbaycan 2007-ci ildən etibarən Avropaya qaz ixrac edir. Bununla yanaşı, yaxınmüddətli perspektivdə Xəzərin Azərbaycan sektorundan hasil edilən 20 milyard kubmetrə yaxın qaz ehtiyatının Bakı-Tiflis-Ərzurum - Yunanıstan-Balkan qaz marşrutu vasitəsilə Avropaya nəql edilməsi də nəzərdə tutulur. Digər tərəfdən, 2012-2014-cü illərdə Xəzərin Azərbaycan sektorundan Avropanın 10-a yaxın ölkəsinə qaz ixrac edilməsinin nəzərdə tutulması da çoxşaxəli nəqletmə sisteminin tərkib hissəsini təşkil etməkdədir. ümumilikdə, Azərbaycanın 2012-ci ildən etibarən dünya bazarlarına təxminən 30 milyard kubmetrə yaxın qaz ixrac etməsi gözlənilir. Eyni zamanda, 2012-ci ilin sonuna kimi Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək qaz kəmərinin inşasının tamamlanması ilə Azərbaycan qazının İtaliyaya ixrac edilməsi də planlaşdırılır. Bu layihənin reallaşdırılmasından sonra digər Avropa ölkələrinə də qaz ixracının həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq “Odessa-Brodı-Plotsk-Qdansk” layihəsinin reallaşdırılmasında da Azərbaycan önəmli mövqeyə malik olan aktorlardan birini təşkil etməkdədir.
Digər tərəfdən, Qərb Mərkəzi və Şərqi Avropanın enerji ehtiyatları ilə təmin edilməsində əhəmiyyətli dərəcədə önəm kəsb edəcək nəhəng NABUCCO layihəsində də Azərbaycanın iştirakını olduqca prioritet və zəruri amil kimi qiymətləndirir. Belə ki, ABŞ-ın Ceyms Taun Fondunun “Avrasiya gündəlik monitor” elektron nəşrində ekspert Vladimir Sokorun “Azərbaycan NABUCCO layihəsinə təkan verir” sərlövhəli məqaləsində yuxarıda qeyd edilən fikir bir daha təsdiq edilir. Məqalədə NABUCCO layihəsinin reallaşdırılmasında Azərbaycanın yeri, rolu və önəmi məhz bu şəkildə qiymətləndirilir: “NABUCCO layihəsinin ilkin mərhələdə qazla təmin edilməsi, ikinci mərhələdə isə tranzit mövqeyi baxımından Azərbaycanın əhəmiyyəti olduqca önəmlidir”.
Müəllif onu da qeyd edir ki, bundan əvvəl reallaşdırılan layihələrdə zəngin enerji ehtiyatları və əlverişli tranzit mövqeyi baxımından Azərbaycanın oynadığı rol və kəsb etdiyi önəm Qərbin Azərbaycana etibarı və marağını artırmaqla yanaşı, bu ölkənin əsas söz sahibi olacağı perspektiv layihələrin də gündəmə gəlməsinə təkan verir: “... Beləliklə, Azərbaycan əlində cəmləşdirdiyi bütün bu üstünlüklərlə NABUCCO layihəsinə təkan verir”.
Amma bir məqamı xüsusi şəkildə vurğulamaq lazımdır ki, NABUCCO layihəsi Azərbaycanın çoxşaxəli nəqletmə sisteminin tərkib hissəsini təşkil edir. Yəni, Azərbaycan hazırda şaxələndirilmiş 4 kəmər vasitəsilə Avropaya qaz ixrac edir və gələcəkdə yeni qaz kəmərlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Bir sözlə, Azərbaycan iqtisadi və kommersiya şərtləri uyğun olarsa, NABUCCO layihəsində də təmsil olunacaq. Bu da onu deməyə əsas verir ki, heç vaxt rentabelli kəmər problemi ilə üzləşməyən Azərbaycanla aparıcı aktorlar arasında perspektivdə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri daha da inkişaf edəcək.
Beləliklə, Prezident İlham Əliyevin bildirdiyi kimi, enerji təhlükəsizliyi sahəsində atılacaq növbəti addımlar bu vaxta qədər olduğu kimi, ilk növbədə Azərbaycanın milli maraqlarını təmin edəcək, eyni zamanda, əməkdaşlığın daha da möhkəmləndirilməsi beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə də müsbət təsir göstərəcək.
Bunlarla yanaşı, “İnternational Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlenin “Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqaləsində Azərbaycanın həm Avropanın, həm də Rusiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilir. Məqalədə qeyd olunur ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan regional miqyasda reallaşdırılan layihələrin mərkəzi oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də tarazlaşdırıcı mexanizmdən səmərəli şəkildə istifadə edir: “Bu da Azərbaycanın dünya miqyasında əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olur”.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurla həyata keçirdiyi enerji siyasəti ölkəmizin milli maraqlarına uyğun olmaqla mütəmadi iqtisadi inkişaf tendensiyasını daha da sürətləndirməkdədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz neft gəlirlərindən səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı yüksək səviyyədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti buna bariz nümunədir: “... Bizim üstünlüyümüz ondan ibarətdir ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, öz milli maraqlarımızı da heç vaxt unutmamışıq. Biz ancaq o sahələrə inteqrasiya etmişik ki, bunlar daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın”.
Məhz bu uğurların fonunda “enerji amili məqsəd deyil, vasitədir” prinsipi əsas tutularaq enerji sahəsindən əldə edilən gəlirlər sosial-iqtisadi inkişafın səviyyəsinin yüksəldilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması və qeyri-neft sektorlarının inkişaf etdirilməsi kimi prioritet istiqamətlərə yönləndirilib. Bir sözlə, Prezident İlham Əliyevin bildirdiyi kimi: “Enerji siyasətindən əldə edilən gəlirlər sosial məsələlərin həllinə yönəldilir. Minlərlə yeni məktəblər, yüzlərlə yeni xəstəxanalar, yollar, elektrik stansiyaları bugünkü Azərbaycanın reallıqlarıdırsa, bunun təməlində uğurlu enerji siyasəti dayanır”.
Nəticə etibarilə qeyd etmək olar ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti milli sərvəti milli mənafeyə yönəltməklə yanaşı, ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsinə də xidmət edən başlıca amil kimi qiymətləndirilməlidir.
Nurlan QƏLƏNDƏROV
Paylaş:
Baxılıb: 1075 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30