Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dilinin qorunmasına və inkişafına böyük qayğı göstərilir

Azərbaycan dilinin qorunmasına və inkişafına böyük qayğı göstərilir

10.10.2017 [10:06]

Əli Həsənov: Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir
Müasir dövrdə qlobal miqyasda baş verən proseslər, yeni ünsiyyət formalarının yaranması, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı əcdadlarımızın yadigarı olan milli dilimizin yad təsirlərdən qorunması və hazırkı reallıqlar fonunda yeni yanaşmalarla inkişafı kimi ciddi məsələləri gündəmə gətirib. Deyilənlər baxımından bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda təşkil olunan konfrans xüsusi aktuallıq daşıyır. Dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov respublikamızda həyata keçirilən məqsədyönlü dil siyasəti barədə ətraflı məlumat verib və müasir dövrdə dilimizin qorunması və inkişafı ilə bağlı bir sıra aktual məsələlərə diqqət çəkib.
Müstəqilliyimizin mühüm atributlarından olan Azərbaycan dili hər bir azərbaycanlının qürur mənbəyidir
Bu gün Azərbaycan dili getdikcə güclənən, bütün dünyada ləyaqətli dövlət kimi qəbul edilən respublikamızın müstəqilliyinin çox mühüm atributlarından biri qismində çıxış edir. Dilimizin Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə, rəsmi tədbirlərdə, həmçinin mötəbər beynəlxalq qurumların tribunalarından əzəmətlə səslənməsi hər bir azərbaycanlıda özünün tarixdən gələn milli dəyərlərinə görə sonsuz iftixar hissi yaradır ki, bu amil də dövlət quruculuğu, müstəqilliyin möhkəmlənməsi üçün çox vacibdir.
Azərbaycan dilinin ölkədə yaşayan bütün xalqlar üçün birləşdirici rolunun əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Milliyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşları dövlətimizin atributlarından biri olan Azərbaycan dilini məmnuniyyətlə qəbul edirlər. Deyilənlər dövlət dilinin saf və zəngin olması ilə bağlı çağırışın əhəmiyyəti barədə konkret təsəvvür yaradır. Bəhs olunan konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vurğuladığı kimi, bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. Əli Həsənov dövlətçiliyin möhkəmlənməsində dilin tarixi rol oynadığını nəzərə çatdıraraq bildirib: “Milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan dili bugünkü yüksək inkişaf səviyyəsinə çatanadək bir sıra mərhələlərdən keçib. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycan dilinin inkişafına göstərdiyi qayğını xüsusi qeyd etmək lazımdır. Ulu öndər Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksək qiymətləndirərək həm də onun qorunmasına və inkişafına müstəsna diqqət göstərirdi. Ümummilli liderin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrü yada salaq. Həmin dövrdə mərkəzi hakimiyyətin kəskin etirazlarına baxmayaraq, Ulu öndər Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bundan başqa, ötən əsrin 70-80-ci illərində məhz Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda milli mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafında güclü irəliləyiş baş verdi. Bütün bunların nəticəsində də Azərbaycan dilinin ictimai-siyasi və mədəni mövqeyi əhəmiyyətli dərəcədə möhkəmləndi.
Ümummilli lider Heydər Əliyev həmçinin müstəqil Azərbaycanın dil siyasətini müəyyənləşdirib. Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də Heydər Əliyev tərəfindən 2001-ci ilin iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması olub. Fərmana əsasən respublikamızda 2001-ci il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Ümummilli lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli Fərmanına əsasən Azərbaycan dilinin statusu daha da möhkəmlənib.
Xalqımızın əvəzolunmaz mənəvi sərvəti olan Azərbaycan dilinə qayğı siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Əli Həsənovun konfransdakı çıxışında vurğuladığı kimi, Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb.
Qloballaşma şəraitində dil norma və prinsiplərinin qorunmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşür
Məlumdur ki, hazırda bütün dünyada intensiv qloballaşma prosesi gedir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı sayəsində dünya, necə deyərlər, bir ovucun içinə sığan kiçik kəndə çevrilib. Ölkələr, müxtəlif mədəniyyətlər arasında inteqrasiyanın dərinləşdiyi belə bir dövrdə milli dillərin kənar təsirlərdən qorunması ilə bağlı çağırışlar xüsusi aktuallıq daşıyır. Gizlətmək lazım deyil ki, qloballaşma şəraitində Azərbaycan dili də müəyyən xarici təsirlərə məruz qalır, həmçinin dilimizin norma və prinsipləri heç də bütün hallarda lazımi səviyyədə qorunmur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.
Bundan başqa, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir.
Qloballaşma şəraitində dilimizin kənar təsirlərdən qorunması, həmçinin dil norma və prinsiplərinin gözlənilməsi baxımından yuxarıda bəhs olunan konfransın əhəmiyyəti böyükdür. Konfransın “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilməsi heç də təsadüfi deyil. Bir tərəfdən, KİV kənar təsirləri birbaşa öz üzərində hiss edir. Xarici amillərin milli dilə təsiri elə milli mətbuata nüfuz etməsi anlamına gəlir. Digər tərəfdən isə mətbuat, necə deyərlər, xarici və daxili auditoriya üçün bir növ əlaqələndirici vasitə rolunu oynayır, yəni arzuolunmaz təsirlər məhz mətbuat üzərindən cəmiyyətlərə ötürülür. Belə vəziyyətdə KİV-lərin məsuliyyəti hədsiz dərəcədə yüksək olmalıdır. Əməkdaşlar bir tərəfdən dilimizin normalarını, qrammatik qaydalarını mükəmməl bilməli, digər tərəfdən özlərinin intellektual səviyyələrini artırmaq qayğısına qalmalıdırlar. Lakin biz mediada başqa mənzərənin şahidi oluruq. Etiraf etmək lazımdır ki, bu gün KİV-lərdə yerli-yersiz xarici söz və ifadələrin işlənməsinə, ədəbi dil normalarının kobud şəkildə pozulmasına tez-tez rast gəlinir. Bununla bağlı fikirlərini ifadə edən Əli Həsənov deyib: “Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq”.
Konfransda qeyd edildiyi kimi, KİV-lərdə ədəbi dil norma və prinsiplərinin pozulması qətiyyən yolverilməzdir. Media, ələlxüsus da teleradio dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi baxımından böyük imkanlara malikdir və bu imkanlardan səmərəli şəkildə istifadə edilməlidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30