Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır
27.09.2017 [10:11]
Prezident İlham Əliyev: Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir
Hazırda öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycan, eyni zamanda, müstəqil, milli maraqlara əsaslanan siyasəti ilə də nümunə göstərilir. Azərbaycan iqtidarı daim xalqın mənafeyindən çıxış edir, ölkənin milli maraqlarını qətiyyətlə qoruyur. Öz növbəsində Prezident İlham Əliyev xarici dövlətlərin, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan tədbirlərdəki çıxışlarında bir qayda olaraq respublikamızın bugünkü müsbət reallıqlarını, həmçinin ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini və digər təfərrüatlarını qətiyyətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bunun nəticəsində də beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında daha dolğun, daha obyektiv rəy formalaşır, respublikamızın nüfuzu və paralel şəkildə dostlarımızın sayı artır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev cari il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında da Öz ənənəsinə sadiq qalaraq ölkəmizin reallıqlarını və prioritetlərini bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb.
Sabitlik və demokratik inkişaf müstəqil Azərbaycanın uğurlar qazanmasını şərtləndirir
Bu gün müasir dünyanın, o cümlədən də ciddi kataklizmlər yaşanan Yaxın Şərqin mənzərəsinə nəzər saldıqda aydın görünür ki, sabitlik olmayan ölkələrdə inkişafdan da söhbət açmaq mümkün deyil. Qarşıdurmalar, dövlət siyasətinin fundamental prinsiplərinin tez-tez dəyişməsi ayrı-ayrı xalqların, ölkələrin inkişafı qarşısında buxova çevrilib. Belə ölkələr xaricdəki bəlli mərkəzlərin məqsədyönlü şəkildə sırıdıqları eksperimentlərin poliqonunu xatırladır, göz önundə böyük bir coğrafiyanın maddi və mədəni sərvətləri talanır, insanlar həyatları boyu səfalət içində yaşamaq məcburiyyətində qalırlar.
Dünyadakı və qonşuluqdakı belə kədərli mənzərə ilə müqayisədə isə Azərbaycan sabitlik, firavanlıq adası kimi fərqlənir. Respublikamızda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla irəli aparılması və daha da zənginləşdirilməsi Azərbaycanın bütün sahələrdə inamlı inkişafını təmin edir. Milli maraqlar üzərində qurulan belə xəlqi və praqmatik siyasət ölkəmizdə sarsılmaz xalq-iqtidar vəhdəti yaradıb.
Eyni zamanda, müasir dövlət quruculuğunu strateji hədəf seçən Azərbaycanda ölkə həyatının demokratikləşməsi istiqamətində ciddi addımlar atılır. Respublikamızda dövlət aktiv vətəndaş cəmiyyətinin formalaşmasına həm siyasi, həm də maddi dəstək göstərir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışında ölkəmizin bu kimi müsbət reallıqlarından qürur hissi ilə bəhs edərək vurğulayıb: “Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir”.
Ölkəmizi fərqləndirən həm də o cəhətdir ki, bütün etnik qruplar və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində yaşadığı Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biridir. Yəni, ölkəmizdə milli-dini-irqi müxtəliflik xalqları ayıran deyil, əksinə, onları birləşdirən üstün cəhət kimi qəbul edilir. Tarixin dərin qatlarından, böyük mədəniyyətimizdən gələn tolerantlıq bu gün ölkəmizin, xalqımızın həyat tərzidir. Eyni zamanda, Azərbaycan özünün multikulturalizm dəyərlərini bu gün birgəyaşayışla bağlı ciddi kataklizmlər yaşanan dünya müstəvisinə keçirməyə çalışır. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı və İƏT ölkələri arasında əməkdaşlıq əlaqələrinin yeni formatlarda genişlənməsinə verdiyi mühüm töhfələr, bu məqsədlə müxtəlif humanitar və mədəniyyət forumlarına, idman yarışlarına məmnuniyyətlə ev sahibliyi etməsi beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir.
Beləliklə, möhkəm daxili sabitlik və demokratik inkişaf, ölkədə yaşayan bütün xalqların eyni amal uğrunda çalışması bu gün müstəqil Azərbaycanın hər sahədə böyük uğurlar qazanmasını şərtləndirir. Son 10 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmayıb. 2004-cü ildən başlayaraq ölkənin iqtisadiyyatı 3 dəfədən çox artıb, respublikada 1 milyon 600 mindən artıq iş yeri açılıb. Respublikamızda işsizlik səviyyəsi dünyada ən aşağı həddə - 5 faizə enib. Müstəqillik illərində Azərbaycanın prioritetlərindən biri yoxsulluğun azaldılması ilə bağlı idi. Əgər 2004-cü ildə ölkə üzrə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu göstərici cəmi 5-6 faiz civarındadır. Müstəqillik illərində Azərbaycanın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Hazırda nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu isə ÜDM-in 20 faizindən azdır.
Dünyanın istənilən ölkəsi Azərbaycanın bu kimi göstəriciləri üçün həsəd apara bilər. İqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etmiş Azərbaycanda başlıca məqsəd vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır. Ölkəmiz sosial sferada davamlı olaraq vətəndaşların mənafeyinə yönələn yeni təşəbbüslərlə çıxış edir. Respublikamızda maaşlar, pensiyalar və əhalinin digər gəlirləri davamlı olaraq artırılır. Prezident İlham Əliyev qarşıya belə bir mühüm vəzifə qoyub ki, Azərbaycanda sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırılmalıdır. Ölkəmiz bu hədəfə doğru inamla irəliləyir. Respublikamız 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. 2015-ci ildə isə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatına layiq görülüb. Prezident İlham Əliyev dünyada çətinliklər yaşandığı bir dövrdə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanmasını şərtləndirən amillərə diqqət çəkərək bildirib: “...Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.
Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan layihələr Avropanın enerji xəritəsini dəyişir
Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə yuxarıda bəhs olunan dinamik inkişafından söhbət açarkən Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla həyata keçirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ümummilli lider Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. Xatırladaq ki, ötən 23 il ərzində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib.
“Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz öz resurslarından səmərəli istifadə etməklə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır.
Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Mübaliğəsiz demək mümkündür ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Hazırda Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin TANAP, TAP və digər seqmentləri üzrə işlər böyük uğurla davam etdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. Azərbaycanın moderatorluğu ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”ni dünyanın ən iri infrastruktur layihələrindən biri kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir”.
Bu günlərdə isə respublikamızın həyatında daha bir əlamətdar hadisə baş verib. Xəbər verildiyi kimi, sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Yeni əsrin kontraktı Azərbaycanın qarşısında daha geniş perspektivlər açır. Bəhs olunan Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Ölkəmizin prioritetləri həm də nəqliyyat sektoru ilə bağlıdır
Azərbaycanın regional və qlobal əməkdaşlığa verdiyi töhfələr yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan dünyaya özünü həm də geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir. Ölkəmizin özünün tranzit imkanlarını genişləndirməklə bağlı hədəflərinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir”.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Bu baxımdan Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılmasında və onun funksionallığının artırılmasında fəal rol oynaması tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan bəhs olunan nəqliyyat dəhlizinin funksionallığının artırılmasına nail olmaq məqsədilə Gürcüstan və Türkiyə də daxil olmaqla həm üçtərəfli formatlarda, həm də digər platformalarda fəal əməkdaşlıq siyasəti həyata keçirir. Eyni zamanda, bu məqsədlə dəhlizin ölkəmizdən keçən hissəsi boyunca yeni layihələr reallaşdırılır.
Azərbaycan fəal dəstək tədbirləri ilə Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan qədim İpək Yolunun bərpasında yaxından iştirak edir. Ölkəmizin səyləri ilə Azərbaycanda Böyük İpək Yolunun bərpa və inkişaf etdirilməsinə dair beynəlxalq forum keçirilib. 42 ölkənin 8-i dövlət başçısı olmaqla yüksək səviyyəli nümayəndələrinin qatıldığı forumda qədim İpək Yolunun bərpası ilə bağlı aktual məsələlər müzakirə edilib və konkret təkliflər səsləndirilib. Tarixi İpək Yolunun bərpa edilməsi bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin dərinləşdirilməsi, tranzit daşınmalar üçün əlverişli şərait yaradılması, ölkələr arasında nəqliyyat siyasətinin əlaqələndirilməsi, daşıma tariflərinə və vergilərə xüsusi güzəştlərin tətbiq edilməsi kimi mühüm məqsədləri özündə ehtiva edir.
Azərbaycan, eyni zamanda, Şimal-Cənub dəhlizinin yaradılmasında üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb.
Şübhə yoxdur ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üzrə reallaşdırılan yeni layihələr ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək. Deyilənlər baxımından respublikamızın təşəbbüsü ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Hazırda Azərbaycan Xəzər sahilində ən böyük liman inşa edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin önəminə diqqət çəkərək vurğulayıb: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq”.
Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir
Azərbaycanın güclənməsi, beynəlxalq nüfuzunun artması fonunda qlobal miqyasda ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət də artıb. Bunun təsdiqi kimi vurğulamaq yerinə düşər ki, son vaxtlarda ayrı-ayrı iri dövlətlərin rəhbərləri, mötəbər beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk qrupunun yüksək səviyyəli rəsmiləri qoşunların təmas xəttində mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyinə çağırışlar ediblər.
Azərbaycanın və beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması ilə bağlı ciddi narahatlıq ifadə etmələri başadüşüləndir. Münaqişənin fəsadları çox böyükdür və bu gün də regionun təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. İşğalçı Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və digər 7 rayonunu işğal altında saxlayır. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır.
Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.
Ermənistan milli azlıqların olmadığı, monoetnik və ksenofobiyanın dövlət siyasətinə çevrildiyi dövlətdir. Xocalı soyqırımını törətmiş Ermənistan bu gün də dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.
Ermənistan kimi despotik, korrupsiyaya uğramış, uğursuz dövlət uzun illərdir beynəlxalq hüququ pozmağa müvəffəq olur. Sanksiyaların tətbiq olunmaması Ermənistan diktatorluğunda belə illüziya yaradır ki, sanki öz terror siyasətini davam etdirə bilər. Beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır. Dünya birliyinə çağırış edən Prezident İlham Əliyev bildirib: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”.
Təbbi ki, Ermənistan hərbi təxribatı davam etdirərsə, Azərbaycan öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenə də cəzalandıracaq. Ölkəmiz ərazi bütövlüyü məsələsində prinsipial mövqedən çıxış edir. Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13

