Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Babək rayonunun Payız kəndində kompleks quruculuq işləri aparılıb

Babək rayonunun Payız kəndində kompleks quruculuq işləri aparılıb

16.09.2017 [11:00]

Bilik Günü Payız kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub
Sentyabrın 15-də - Bilik Günündə Payız kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Vasif Talıbov Bilik Gününün - yeni tədris ilinin başlanmasının Babək rayonunun Payız kəndində müasir məktəb binasının istifadəyə verilməsi ilə qeyd olunduğunu bildirib, muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird, tələbə və müdavimlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək deyib: “Təhsil qədər cəmiyyəti irəli aparan ikinci bir sahə yoxdur. Əgər təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün inkişaf edən ölkələrin təcrübəsini nəzərdən keçirsək, görərik ki, bu ölkələrin inkişafının kökündə təhsilə göstərilən qayğı dayanır. Bu bir həqiqətdir ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ümummilli liderimizin müəllifi olduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlmişdir”.
Ali Məclisin Sədri deyib: “Göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə müasir təhsil infrastrukturu yaradılıb. Qəbul olunan dövlət proqramlarının icrası da təhsildə keyfiyyət dəyişikliklərinə səbəb olub. Hər bir təhsil pilləsi üzrə kadr hazırlığı müasir dövrün tələbləri nəzərə alınaraq həyata keçirilir. Görülən tədbirlərin nəticəsində ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbul olanların və qəbul imtahanlarında yüksək bal toplayanların sayı ilbəil artır. Təhsilə, məktəb işinə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Əgər yaxşı mütəxəssis və əsl vətəndaş yetişdirmək istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə, təhsilə həmişə olduğu kimi, bundan sonra da xüsusi diqqət yetirməliyik”.
Ali Məclisin Sədri Ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq deyib: “Hər bir müəllim və şagird bilməlidir ki, dövlət müstəqilliyinin qorunub saxlanması vacib və taleyüklü məsələdir. Dövlət müstəqilliyini qorumağın, əsl vətəndaş olmağın yolu isə yaradılan təhsil imkanlarından bəhrələnməkdən, yaxşı təhsil almaqdan və hər bir gəncin seçdiyi sahə üzrə ixtisaslı kadr kimi yetişməsindən keçir. Təhsil elə bir sahədir ki, bu sahədə inkişafın ləngiməsi yolverilməzdir. Ona görə də məktəblərdə yaradılan müasir tədris şəraitindən, yeni texnologiyalardan lazımi şəkildə istifadə olunmalı, gənclər gələcək dövrün tələbləri nəzərə alınaraq hazırlanmalıdır. Bunun üçün, ilk növbədə, müəllimlər ixtisaslarını təkmilləşdirməli, müasir tədris metodlarını mənimsəməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır”.
Ali Məclisin Sədri tədbir iştirakçılarını, eləcə də muxtar respublikanın bütün şagird, kursant və tələbələrini, müəllimləri bir daha Bilik Günü münasibətilə təbrik edib, onların hər birinə yeni tədris ilində uğurlar arzulayıb, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Elm və bilik ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, muxtar respublikada yeni təhsil müəssisələrinin tikilməsi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin tətbiqi təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. 2017-ci ilin ötən dövründə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində yeni avadanlıqlarla təchiz edilən, ən yeni kompüter dəstləri və elektron lövhələrlə təmin olunan 2716 şagird yerlik 5 tam orta məktəb binası istifadəyə verilib. Hazırda muxtar respublikada 3-ü ibtidai, 5-i ümumi orta və 208-i tam orta olmaqla, ümumilikdə, 216 məktəb və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir.
Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli deyib ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsi yüksəldilir, tikinti-quruculuq işləri geniş vüsət alır.
Ali Məclisin Sədri məktəbin açılışını bildirən lenti kəsib.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında keçirilən interaktiv dərsi izləyib. İnteraktiv dərsdə şagirdlərə Ümummilli liderin həyatı, siyasi və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib ki, Payız kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Bu il 2016-cı ilin məzunlarından 1, 2017-ci ilin məzunlarından isə 3 nəfər ali məktəblərə, 1 şagird Heydər Əliyev adına Hərbi Liseyə, 1 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunub. Məktəbdə yaradılan şərait tədrisin bundan sonra da günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Müəllimlər şagirdlərin hərtərəfli hazırlanmasına diqqət yetirməli, keçirilən dərslər qavrama yolu ilə öyrədilməli, yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. Şagirdlərə birinci Ana dili və Vətən tarixi, ikinci dəqiq elmlər, üçüncü xarici dil öyrədilməli, dördüncü isə təmayülləşmə, yəni seçdiyi ixtisas üzrə fənlər öyrədilməlidir.
Payız Kənd Mərkəzi istifadəyə verilib
Sentyabrın 15-də Payızda yeni kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və 44 yerlik zal yerləşir. Mərkəzdə yerləşən iş otaqları zəruri mebel dəstləri və avadanlıqlarla təchiz olunub.
Yeni Azərbaycan Partiyası Payız kənd ərazi ilk təşkilatının 140 üzvü vardır. Onlardan 50-si gənc, 26-sı isə qadındır.
Payız kəndinin yolu yenidən qurulub
Sentyabrın 15-də Payız kənd avtomobil yolu istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşüb, onları yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Bu gün Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və müəyyən etdiyi yolla gedir. Ona görə də ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Bu gün ölkəmiz inkişaf edən ölkələr sırasındadır. Bütün bunların nəticəsidir ki, yaşayış məntəqələrində, kəndlərdə geniş quruculuq işləri aparılır. Bu gündən Payız kəndi də müasir kəndlərin sırasına qoşuldu. Kənddə yaradılan şərait insanların rahat yaşayışını təmin edəcəkdir. Sakinlər isə dövlətin yaratdığı bu şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verməli, təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır”.
Ali Məclisin Sədri yolun açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, ümumi uzunluğu 5200 metr olan kənddaxili avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 82 su keçidi qoyulub, 2380 metrlik beton kanal çəkilib. Tikinti işləri aparılarkən yolun kənarında 115 metr daş və 298 metr istinad divarı da tikilib. Həmçinin Cəhri çayı üzərindəki kənd körpüsü təmir olunub, ətrafda 703 metr sahilbərkitmə işləri aparılıb.
Payız kəndində xidmət mərkəzi və su dəyirmanı istifadəyə verilib
Həmin gün Payız kəndində yeni xidmət mərkəzi və su dəyirmanı da istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət, ərzaq və təsərrüfat malları mağazaları, dərzi fəaliyyət göstərir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ali Məclisin Sədri tapşırıb ki, yerli ərzaq məhsullarının satışına üstünlük verilsin.
Ali Məclisin Sədri kənddəki su dəyirmanının yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olub.
Ali Məclisin Sədri muxtar respublikada su dəyirmanlarının bərpasının bundan sonra da davam etdiriləcəyini bildirib, su dəyirmanlarının tarixi-mədəni irsimizin bir parçası kimi işlədilməsi və qorunub saxlanılması barədə tapşırıqlar verib.

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30