Azərbaycanın bu günü və gələcəyi üçün heç bir təhlükə yoxdur
23.08.2017 [10:01]
Prezident İlham Əliyev: Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var
Bu gün bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycanın inkişaf kursunun təməlində Ümummilli lider Heydər Əliyevin həmişəyaşar ideyaları dayanır. Çünki məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ulu öndər Heydər Əliyev Öz müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizi xaosdan, qarşıdurmalardan, iqtisadi tənəzzüldən xilas edərək uzunmüddətli inkişafa istiqamətləndirdi.
Eyni zamanda, Ümummilli liderin əsasını qoyduğu inkişaf kursu 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində də son 13 ildə Azərbaycanın müasir mənzərəsi formalaşıb. Bu gün ölkəmizdə müşahidə edilən müsbət reallıqlar Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi əsasında həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Möhkəm daxili sabitlik davamlı inkişaf üçün fundamental amil rolunda çıxış edir
Hazırda bir çox ölkələrin timsalında son dərəcə kədərli mənzərənin şahidi oluruq. Müharibələr, terror təhlükələri, daxili çəkişmələr ayrı-ayrı dövlətlərin inkişafı qarşısında çox ciddi əngələ çevrilib. Arzuolunmaz proseslərin nəticəsi olaraq Yaxın Şərqdə, Afrikada və digər regionlarda ölkələrin milli sərvətləri talanır, insanlar isə aclıqdan, yoxsulluqdan əziyyət çəkirlər. Ara verməyən qanlı vətəndaş müharibələrinin fonunda bəhs olunan ölkələrin nə vaxtsa dirçələcəyinə, sabitliyə və inkişafa qovuşacağına ümidlər də getdikcə azalır.
Dünyadakı kədərli mənzərə ilə müqayisədə isə Azərbaycan sabitlik və inkişaf adası kimi fərqlənir. Cəmiyyətdəki ideoloji həmrəylik, davamlı sabitlik, xalq-iqtidar birliyi ölkəmizin bütün sahələrdə yüksək səviyyəli inkişafını şərtləndirən fundamental amillər rolunda çıxış edir. Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışından əvvəl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında ölkəmizi fərqləndirən bu cəhətə xüsusi diqqət çəkib. Dövlət başçısı respublikamızdakı əmin-amanlıqdan məmnunluğunu bildirərək vurğulayıb ki, gələcək inkişaf üçün də yaxşı perspektivlər var: “Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”.
Təbii ki, respublikamızda insanlarda məmnunluq, sabaha böyük inam yaradan, eyni zamanda, dinamik inkişafı təmin edən sabitlikdən söhbət açarkən, ilk növbədə, bunu şərtləndirən amillərə nəzər salmaq lazımdır. Bu gün çoxlu sayda ölkə daxili konsensusun olmaması səbəbindən çox böyük fəlakətlərlə üzləşdikləri halda, necə olur ki, respublikamız əmin-amanlıq şəraitində özünün davamlı inkişafını təmin edir?
Sualın cavabını Azərbaycan iqtidarının daim milli maraqlardan çıxış etməsində axtarmaq lazımdır. Tarixi təcrübə göstərir ki, ideoloji həmrəyliyə malik olan, iqtidar-xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan bütün hədəflərə müvəffəqiyyətlə çatırlar. Bu mənada bütün dünyada yeni inkişaf modeli kimi qəbul edilən və müstəqil siyasət kursu ilə seçilən respublikamızın nümunəsi daha xarakterikdir. Ölkəmizin inkişafını fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan iqtidarı heç vaxt populist vədlərlə çıxış etmir və dövlət siyasətinin müəyyənləşməsində cəmiyyətdən gələn sifarişlər əsas götürülür. Respublikamızın heç bir ölkə və yaxud beynəlxalq təşkilat qarşısında hansısa öhdəliyi yoxdur. Azərbaycan iqtidarı ölkənin milli mənafeyinin maksimum dərəcədə qorunmasına yönələn müstəqil siyasətində əsas dəstəyi cəmiyyətdən, xalqdan alır. Məqsədyönlü siyasət sayəsində bərqərar olan möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi ölkəmizdə milli mənafeyə əsaslanan müstəqil siyasi kursu inamla həyata keçirməyə etibarlı zəmin yaradır. Son 13 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz xəlqilik təşkil edib. Ötən illərin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və ölkənin milli mənafeyi ilə səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Belə siyasət isə ölkəmizin özünə olan inamını qat-qat artırır.
Azərbaycan beynəlxalq səviyyədə böyük nüfuza malik ölkəyə çevrilib
Dünyada qloballaşma meyillərinin artdığı indiki dövrdə ölkələrin, necə deyərlər, beynəlxalq birlikdən təcrid olunmuş şəraitdə inkişafı qeyri-mümkündür. Daxili sabitliklə yanaşı, beynəlxalq təhlükəsizliyin təmin olunması, regional və qlobal əməkdaşlığın dərinləşdirilməsi də ölkələrin inkişafına təsir göstərən mühüm faktorlardır. Bu baxımdan da Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Son 13 ildə Azərbaycan regional və qlobal əməkdaşlıq platformalarının işinə fəal dəstək nümayiş etdirib ki, bu da ölkəmizin beynəlxalq təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərir. Hazırda ölkəmizin işğalçı Ermənistan istisna olmaqla heç bir dövlətlə nə siyasi, nə də iqtisadi müstəvidə hər hansı bir problemi yoxdur.
Azərbaycanı qlobal məkanda güclü dövlət kimi səciyyələndirən əsas cəhətlərdən biri ölkəmizin milli mənafeyə əsaslanan müstəqil xarici siyasət yürütməsidir. Azərbaycan iqtidarı ölkənin strateji inkişaf hədəflərini, o cümlədən də xarici siyasətini məhz milli maraqlara uyğun müəyyənləşdirib və ölkəmizin, xalqımızın maraqlarını yüksək səviyyədə təmin etmək üçün daim qətiyyət nümayiş etdirir.
Respublikamızın ardıcıllıqla həyata keçirdiyi uğurlu xarici siyasət Prezident İlham Əliyevin müəyyənləşdirdiyi belə bir fundamental amilə əsaslanır ki, ölkələr, xalqlar arasında münasibətlər və müxtəlif əməkdaşlıq formatları bərabərlik və qarşılıqlı faydalılıq kimi prinsiplər əsasında qurulmalıdır. Azərbaycan da özünün xarici siyasətində məhz bu mövqedən çıxış edərək regional və qlobal əməkdaşlığa, dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməyə çalışır. Ölkəmiz Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun sülh, əməkdaşlıq, tərəqqi məkanına çevrilməsinə böyük səy göstərir. Respublikamız regional müstəvidə olduğu kimi, beynəlxalq miqyasda cərəyan edən proseslərə də öz müsbət təsirini göstərir.
Azərbaycanın fəal beynəlxalq əməkdaşlıq siyasəti davamlı xarakter daşıyır. Cari ilin birinci yarısında da ölkəmizin xarici siyasəti kifayət qədər aktiv olub. Azərbaycanın dövlət başçısı son altı ay ərzində 5-i Avropa, 5-i isə müsəlman dövləti olmaqla 10 xarici ölkəyə səfər edib. Cari ildə Azərbaycan Davos və Münxendə keçirilən iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında uğurla təmsil olunub. Eyni zamanda, cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrdən çoxlu sayda yüksək səviyyəli qonağı qarşılayıb. O cümlədən 2017-ci ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı ölkəmizə səfərə gəlib ki, bu da respublikamızın fəal xarici siyasətinin çox yaxşı nəticəsidir.
Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri ilə sıx əlaqələr qurmağa müvəffəq olub. Azərbaycan əksər beynəlxalq təşkilatların, o cümlədən də BMT-nin, Qoşulmama Hərəkatının, İƏT-in və digər nüfuzlu qurumların üzvüdür. Ölkəmiz 2001-ci ildən Avropa Şurasında təmsil olunur. Əksər Avropa qurumlarında təmsil olunan ölkəmiz, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynayaraq qurum ölkələri arasında əməkdaşlığın dərinləşməsinə özünün sanballı töhfələrini verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət respublikamızın regional və qlobal miqyasda nüfuzlu aktora çevrilməsini təmin edib. Təsadüfi deyil ki, cəmi 25 illik müstəqillik tarixinə malik ölkəmiz dünyanın 155 dövlətinin dəstəyini qazanaraq BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilib. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq nüfuzunun artmasından məmnunluğunu bildirərək vurğulayıb: “Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır”.
Azərbaycanın beynəlxalq nüfuzunu artıran həm də o amildir ki, ölkəmiz regionda reallaşdırılan qlobal əhəmiyyətli əksər meqalayihələrin təşəbbüskarı kimi çıxış edir. İndiyədək regionda respublikamızın təşəbbüsü ilə bir neçə nəhəng enerji layihəsi reallaşdırılıb. Hazırda ölkəmiz yeni meqalayihələr sayəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə ən münasib nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Bu baxımdan tamamlanmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin önəmini daha da artıracaq. Eyni zamanda, Azərbaycan perspektivdə Avropanın enerji xəritəsini dəyişəcək “Cənub” qaz boru kəməri layihəsinin moderatorudur.
Tolerantlıq ənənələri ilə zəngin olan Azərbaycan İslam dünyasında həmrəyliyin güclənməsində mühüm rol oynayır
Tarixdən gələn tolerantlıq ənənələri bu gün respublikamızda yüksək səviyyədə qorunub saxlanılır və daha da zənginləşdirilir. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Lakin belə rəngarəngliyə baxmayaraq, müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda qədim avtoxton etnos olan udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir. Prezident İlham Əliyevin yüksək siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Respublikamızda Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunması da Azərbaycan dövlətinin tolerantlıq dəyərlərinə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir.
Öz tolerantlıq nümunəsi ilə dünyada nadir rol oynayan Azərbaycan həmçinin İslam coğrafiyasında ölkələr və xalqlar arasında həmrəyliyin güclənməsinə töhfə verməyə çalışır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradəsini, xoş niyyətini ifadə edir. Ölkəmiz cari ilin birinci yarısında Bakıda əksər İslam ölkələrindən təxminən 3 min idmançının iştirakı ilə keçirilən Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə İslam dövlətləri arasında həmrəyliyin güclənməsinə özünün növbəti töhfəsini verdi. Bu Oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək idi ki, buna da nail olundu.
Respublikamız aqrar sektorda məhsuldarlığı artırmaqla özünün ərzaq təhlükəsizliyinə tam nail olmaq niyyətindədir
Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmiz ərzaq təhlükəsizliyinə həm sosial, həm də iqtisadi məsələ kimi yanaşır. Dövlət daxili tələbatı qarşılayacaq qədər keyfiyyətli qida ehtiyatları yaratmaqla ilk növbədə ölkə əhalisinin, vətəndaşların sağlamlığını yüksək səviyyədə təmin etmək məqsədi güdür. Eyni zamanda, məsələnin iqtisadi tərəfi də kifayət qədər önəmlidir. Ərzaq idxalını azaltmaqla respublikamız özünün valyuta ehtiyatlarına qənaət edə bilər ki, bu da indiki dönəmdə çox aktual məsələdir.
Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikamızda əhalinin bir sıra qida məhsullarına, o cümlədən meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir. Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb.
Aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi ərzaq məhsulları istehsalının artmasında mühüm rol oynayır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin, o cümlədən iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb ki, bu da ərzaq məhsulları istehsalının artmasında da özünü qabarıq şəkildə göstərir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin regionlara son səfəri çərçivəsində istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, Göygöl Zona Baytarlıq Laboratoriyası kimi yeni müəssisələr ölkədə ərzaq məhsulları istehsalının artmasında mühüm rol oynayacaq.
Bununla belə, bu sahədə potensial daha böyükdür. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdə diqqəti məhsuldarlığın artırılması, torpaqlardan səmərəli istifadə edilməsi kimi məsələlərin zəruriliyinə yönəldib. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda”.
Azərbaycan etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyub
Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada su təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
Ölkəmizdə su təhlükəsizliyinə belə ciddi önəm verilməsi təsadüfi deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Azərbaycanın şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir.
Güclü dövlət olan Azərbaycan müstəqillik illərində özünün su təhlükəsizliyini təmin etmək üçün bir sıra önəmli layihələrin həyata keçirilməsinə nail olub. Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarının inşası, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi Azərbaycan dövlətinin gücünü nümayiş etdirir. Bəhs olunan layihələrin reallaşdırılması, həmçinin genişmiqyaslı meliorativ tədbirlər sayəsində ölkə miqyasında dövriyyəyə yeni suvarılan torpaqlar cəlb edilib, eyni zamanda, Bakıda və bölgələrdə əhalinin içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində yeni su layihələrinin tamamlanması münasibətilə keçirilən mərasimlərə qatılaraq Özünün dəyərli tövsiyələrini verir. Azərbaycanın dövlət başçısı cari il avqustun 20-də Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib. İllər boyu su çatışmazlığından əziyyət çəkən Gədəbəydə bu vacib məsələnin həllindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “İndi Azərbaycanda içməli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən biridir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

