Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda müasir yol infrastrukturu yaradılıb və bu istiqamətdə işlər uğurla davam etdirilir

Azərbaycanda müasir yol infrastrukturu yaradılıb və bu istiqamətdə işlər uğurla davam etdirilir

15.08.2017 [10:04]

Prezident İlham Əliyev: Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq
Azərbaycanın Prezident İlham Əliyevin siyasi iradəsi ilə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşan dövlət siyasətinin xəlqiliyi regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunan uğurlarda qabarıq şəkildə özünü büruzə verir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 13 ildə mütəmadi olaraq bölgələrə səfərlərə gedib, yerlərdə ictimaiyyət nümayəndələri ilə görüşüb.
Təbii ki, Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlər və keçirdiyi görüşlər izsiz ötüşmür. Ölkə başçısı Azərbaycanın hər bir regionuna səfər etdikdən sonra həyata keçirilən sosial infrastruktur tədbirləri və həllini gözləyən məsələlərlə yaxından tanış olur və bu istiqamətdə işlərin davam etdirilməsi, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir, imzaladığı sərəcamlarla vəsaitlər ayırır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfərini yekunlaşdırdıqdan sonra Balakən, Zaqatala və Qax rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalayıb.
Qeyd edək ki, ölkəmizdə 2004-cü ildən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları da bölgələrdəki reallıqlar nəzərə alınmaqla hazırlanıb. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramının icrası uğurla tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Azərbaycanın dövlət başçısı tərəfindən regionların inkişafına göstərilən diqqət bölgələrdə yeni reallıqlar yaradıb. Bu gün Azərbaycanın regionları abadlıq, infrastruktur təminatı, kommunal xidmətlərlə təchizat və digər parametrlər baxımından paytaxt Bakıdan və digər iri şəhərlərdən fərqlənmir. Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində Azərbaycanın bölgələrinin inkişafını tarixi nailiyyət kimi səciyyələndirərək vurğulayıb: “Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir”.
Bölgələrdə yaradılan müasir infrastruktur ölkənin müasir mənzərəsini səciyyələndirir
Azərbaycanın regionlarının tarazlı inkişaf strategiyasına uyğun olaraq son 13 ildə ölkənin bütün bölgələrində infrastruktur quruculuğuna xüsusi diqqət yetirilib. Bu isə heç də təsadüfi deyil. Bir vaxtlar ölkəmizdə infrastruktur təminatı heç də arzuedilən səviyyədə deyildi. Belə vəziyyət öz növbəsində həm insanların sosial vəziyyətinə, həm də bölgələrdə iqtisadi aktivliyə mənfi təsir göstərirdi. Kommunal rahatlıqlarla təmin olunmayan insanlar, ələlxüsus da gənclər paytaxta və digər iri şəhərlərə üz tuturdular. Eyni zamanda, investorlar infrastruktur təminatı aşağı olan bölgələrə sərmayələr yönəltməyə, sadəcə, maraq göstərmirdilər.
Bir sözlə, müasir infrastruktur quruculuğu bölgələrdə iqtisadi aktivliyi artırmaq və insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün strateji zərurət qismində çıxış edirdi. Buna görə də regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrası çərçivəsində bütün ölkə boyu genişmiqyaslı infrastruktur quruculuğuna start verildi və və sonrakı mərhələdə bu proses eyni intensivliklə davam etdirildi. Bəhs olunan Dövlət proqramlarında bölgələrdə sosial-iqtisadi infrastruktur quruculuğu ilə bağlı konkret müddəalar öz əksini tapıb. Artıq Dövlət proqramlarında nəzərdə tutulan çoxlu sayda sosial-iqtisadi infrastruktur obyektlərinin inşası yüksək səviyyədə tamamlanıb və onlar uğurla fəaliyyət göstərirlər. Hazırda infrastruktur təminatı baxımından ölkəmizin mənzərəsi tamam dəyişib. Respublikamızda yeni generasiya gücləri yaradılıb, bütün bölgələrdə qazlaşdırma, su layihələri həyata keçirilib. Ölkədə infrastruktur quruculuğunun yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib: “Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.
Respublika miqyasında yaradılan müasir infrastruktur ilk növbədə insanların həyat şəraitinin yaxşılaşmasına xidmət göstərir. Son illərdə bütün ölkə boyu istifadəyə verilən müasir infrastruktur insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsinə etibarlı zəmin yaradıb. Eyni zamanda, dövlət vəsaitləri hesabına yaradılan infrastruktur obyektləri qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə özünəməxsus iqtisadi münasibətlər formalaşdırır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün ölkə boyu dövlət vəsaitləri hesabına yeni infrastruktur obyektlərinin yaradılması davamlı xarakter daşıyır və bu proses getdikcə daha geniş miqyas alır. Regionlarda infrastruktur obyektlərinin yaradılmasına yönəldilən investisiyaların həcmi ildən-ilə artır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilində regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, Prezident İlham Əliyevin bölgələrə çoxsaylı səfərləri nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası ilə bağlı imzaladığı 67 Sərəncamla 261 milyon manat vəsait ayrılıb. Konkret layihələrin reallaşdırılmasına yönəldilən sərmayələrin həcmi də kifayət qədər böyük rəqəmlərlə ölçülür.
Azərbaycanda yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir
Azərbaycanın son 13 ildə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir infrastruktur quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsində aydın şəkildə görmək mümkündür. Belə ki, respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Paralel surətdə daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib və ölkəmizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişlənib. Həyata keçirilən bu və digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək özünün tranzit imkanlarını genişləndirmək üçün həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin ölkə ərazisindən keçən hissəsinin yüksək dünya standartları səviyyəsində qurulması üçün bütün zəruri tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan beynəlxalq miqyaslı İpək Yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır.
Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin respublikamızın ərazisindən keçən hissəsinin tikintisi də sürətlə davam etdirilir.
İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib.
Ümumiyyətlə, son 13 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Bəhs olunan Dövlət Proqramının icrası çərçivəsində 2015-ci ildə respublikamızda 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Dövlət Proqramının icrasının üçüncü ilində isə respublikanın regionlarında 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub.
Təbii ki, davamlı dövlət qayğısı göstərilmədən belə genişmiqyaslı işləri həyata keçirmək mümkün olmazdı. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğuladığı kimi, yol infrastrukturuna çox böyük diqqət verilmişdir: “2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir”.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev istər bölgələrdə, istərsə də paytaxt Bakıda tez-tez yol infrastrukturu obyektlərinin açılışında şəxsən iştirak edir və dəyərli tövsiyələrini verir. Bir qədər bundan əvvəl dövlət başçısı Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışına qatılıb. Bəhs olunan işlər “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində reallaşdırılıb. 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. İşlər yüksək keyfiyyətlə, texnoloyi ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra olunub. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işlərinin, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Paytaxt əhəmiyyətli bu layihənin icrası zamanı su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyaların tikintisi həyata keçirilib. 5,7 kilometr uzunluğunda drenaj xətti çəkilib, onun üzərində 149 quyu və uzunluğu 1,5 kilometr olan mərkəzi kanalizasiya kollektoru tikilib. Bundan əlavə, 2,6 kilometr uzunluğunda qaz xətti, 5,7 kilometrlik su xətti və abadlaşdırılmış ərazidə 510 metr uzunluğunda ehtiyat keçidlər inşa olunub. Yenidən qurulan yolların üzərində 9 yerdə avtobus dayanacağı quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Prospekt və küçələrdə fiziki qüsurlu insanların da rahat hərəkəti üçün panduslar qurulub.
Qarşıya yaxın 3-4 il ərzində bütün kənd yollarının təmirinə nail olmaqla bağlı mühüm vəzifə qoyulub
Son illərdə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi siyasəti çərçivəsində həmçinin kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulmasına böyük diqqət göstərilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilində əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. O cümlədən Prezident İlham Əliyev tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində əminliyini ifadə edərək bildirib ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq.
Dövlət başçısının çağırışına uyğun olaraq ölkə miqyasında cari ilin əvvəlindən yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulması daha da intensivləşib. Bu günlərdə isə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə ilkin mərhələdə 3 milyon manat, Zaqatalanın Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC-yə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən 8,9 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında 12 avqust 2017-ci il tarixində imzaladığı müvafiq Sərəncama əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon manat vəsait ayrılıb. Qax və Zaqatala rayonlarının 37,3 min nəfərdən çox əhali yaşayan 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşmasına imkan verəcək. Prezident İlham Əliyev həmçinin M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat vəsait ayrılıb.
Bölgələrdə yol infrastrukturunun yenilənməsi aqrar sektorun inkişafı baxımından da müstəsna əhəmiyyət daşıyır
Yeni iqtisadi şəraitdə aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu hədəflər sırasında mühüm yer tutur. Ölkəmizdə kənd təsərrüfatının potensialından daha səmərəli istifadə etmək məqsədilə zəruri tədbirlər reallaşdırılır, aqrar sahədə çalışan fermerlərə həm siyasi, həm də maddi dəstək göstərilir.
Yol tikintisi ilə bağlı layihələrin reallaşdırılması da bölgələrdə aqrar sektorun inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Yeni çəkilən rahat yollar kənd təsərrüfatı texnikasının hərəkətini asanlaşdırır, eyni zamanda, daşıma xərclərinin azalmasına müsbət təsir göstərir. Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bölgələrdə yol infrastrukturunun yenilənməsinin aqrar sektorun inkişafındakı roluna diqqət çəkərək vurğulayıb: “Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan “40 yol layihəsi”, - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31