Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Seçkilərə start verilənə kimi biz bu işləri görüb yekunlaşdırmalıyıq

Siyavuş Novruzov: Seçkilərə start verilənə kimi biz bu işləri görüb yekunlaşdırmalıyıq

10.08.2017 [15:30]

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə rəhbəri bildirdi ki, Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Bəs siz bunu necə şərh edərdiniz?
- Hesab edirəm ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir. Cənab Prezidentin göstərişlərinə və tapşırıqlarına əsasən, artıq Azərbaycan iqtisadiyyatının yeni bir mərhələsi başlayıb. Kənd təsərrüfatının inkişafına qoyulan vəsaitlər, investisiyalar özünü doğrultmaqdadır. Yəni artıq qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq istər emal müəssisələri, istər kənd təsərrüfatı məhsulları, istərsə də ayrı-ayrı konserv zavodları və fabriklərin açılması, yeni iş yerlərinin yaradılması ən aparıcı istiqamətlərdən birinə çevrilib. Məhz bunun nəticəsi olaraq həm insanların gəlirləri artır, həmçinin ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll olunur, eləcə də Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ölkəyə valyuta gətirir. Bu gün tək Azərbaycan bazarları deyil, eləcə də ayrı-ayrı ölkələrin bazarlarında da Azərbaycan məhsulları çox yüksək qiymətləndirilir. Həm ekoloji cəhətdən təmiz, həmçinin keyfiyyətli olan məhsullar kimi də qəbul olunur və alınır. O baxımdan da kənd təsərrüfatına qoyulan investisiyalar qısa müddət ərzində həm özünü doğruldacaq, həmçinin də yeni gəlirlər əldə olunacaq. Bundan öncə Sabirabad rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qoyulan investisiyalar da öz bəhrəsini verib. Müxtəlif mövsümi dövrlərə uyğun olaraq istehsal olunan məhsulların istehsalına dair müşavirələr keçirilir. Burada da ciddi şəkildə istehsal olunan məhsulların miqdarı, onların gətirəcəyi gəlirlər, qoyulan investisiyalar və s. məsələlər müzakirə olunur. Məhz bunun nəticəsində də istehsalatda yüksək göstəricilər əldə olunur. Məsələn, əgər ötən il baramaçılıqda (ümumi Azərbaycan üzrə) 20 ton məhsul istehsal olunmuşdusa, artıq yalnız bir rayonda 27-28 ton barama istehsal olunur. Eləcə də yeni tut ağaclarının əkilməsi ilə ipəkçiliyə geniş imkanlar yaranır. Bunun təminatı nəticəsində də həm ölkənin daxilinə, həm də xarici bazarlara məhsulların çıxmasına əlavə stimul yaranır.
- Prezident İlham Əliyev dəfələrlə məmurlara öz övladlarının, ailə üzvlərinin hərəkətlərinə nəzarət etməyi tapşırıb, qanunları pozan məmur övladlarının cəzalandırılacağını bildirib. İndiyədək bir neçə məmurun övladı və qohumu cəzalandırılıb, özləri işdən çıxarılıb. Lakin görünür, bəziləri bundan nəticə çıxartmayıblar. Siz bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, hər bir məmur vəzifəyə ona görə təyin olunur ki, o xalqa xidmət göstərsin və xalqın, cəmiyyətin problemlərini həll etsin. Beləcə o, əlavə problemlər yaratmasın. Ölkə başçısı bununla bağlı dəfələrlə deyib ki, nəinki həmin məmurlar işdən azad olunacaq, hətta cəzalandırılacaqlar. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanda bu proses gedir və hər kəs də bundan ibrət dərsi götürməlidir.
- Bu bir faktdır ki, Ermənistan daha çox Azərbaycanın mülki vətəndaşlarını hədəf seçir. Dünya birliyinin Ermənistanın bu terrorçu, vandalizm siyasətinə göz yumması nədən irəli gəlir?
- Ermənistanın bu məkrli siyasətinin arxasında çox gizli bir niyyət dayanır. Əslində Ermənistan məlum aprel hadisələrinə kimi gözləyirdi ki, əgər hər hansı bir müharibə baş verəcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr rəsmi İrəvanı ciddi şəkildə müdafiə edəcəklər, bura qoşun yeridəcəklər və Azərbaycana qarşı birgə silahlı aksiyalar həyata keçirəcəklər. Lakin onlar bir şeyi yaddan çıxarırlar ki, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, istər işğal olunmuş ərazilər, istər Dağlıq Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış əraziləridir. Yəni Azərbaycan beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq orada istər antiterror əməliyyatları, istərsə də ərazi bütövlüyünün bərpası ilə məşğul olmaq hüququna malikdir. Buna BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının, Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, ATƏT-in və digər qurumların çıxardığı qərarlar da tam hüquqi əsas verir. Göründüyü kimi, Ermənistan 2 aprel hadisələrində nə qədər müraciət etsə də, həmin dövlətlər qeyd etdilər ki, Azərbaycan öz əraziləri daxilində bu tədbirləri həyata keçirir. Başqa bir dövlətin Azərbaycanın dövlət ərazisinə müdaxilə etmək hüququ yoxdur. Bu baxımdan Ermənistan ciddi-cəhdlə çalışır ki, nəinki bizim ordu mövqelərinə, eyni zamanda, paralel olaraq dinc sakinlərin yaşadığı və təsərrüfat işləri ilə məşğul olduqları ərazilərə də atəş açsın. Çalışırlar ki, bunun nəticəsində insanları vahimədə saxlasınlar, onlara xəsarət yetirsinlər, öldürsünlər, yaralasınlar və s. Ermənistan həm də burada iriçaplı silahlardan istifadə etməkdən çəkinmir. Rəsmi İrəvan hesab edir ki, bununla Azərbaycanı qıcıqlandırır. Ermənistan dövlətinin xislətidir ki, hər hansı qəddarlığın, terror hadisəsinin həyata keçirilməsi onlar üçün adi haldır. Biz bunu Xocalıda, türk diplomatlarına qarşı Avropada təşkil olunan terror aktlarında da görmüşük. Həmçinin biz bunu Azərbaycanın metrosunda, avtobuslarında 20-dən artıq terror aktının həyata keçirilməsində də görmüşük. Eləcə də bu yaxınlarda Füzulidə baş verən hadisələrdə də bunun şahidi olduq və s. Yəni bu, bir növ erməni xüsusiyyəti və ermənilikdir.
- Ümumiyyətlə, Azərbaycanın öz torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı müharibə etməsinə nə mane ola bilər?
- İlk növbədə bu gün Ermənistanın gücü çatmaz ki, Azərbaycanla müharibə aparsın. Bilirsiniz ki, əgər bu məsələ Azərbaycanla Ermənistan arasında qalsa, ölkəmizə bir həftə lazımdır ki, İrəvana qədər xalqımızın qədim dədə-baba torpaqlarını da bərpa etsin. Həm Azərbaycan ordusunun psixoloji durumu, hərbi texnikası, təchizatı, təlimi, həm də Ali Baş Komandanın iradəsi, xalqla bir yerdə olması, xalqın Ona dəstəyi buna imkan verir. Beynəlxalq hüquq da birmənalı şəkildə Azərbaycanın yanındadır.
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında konfranslar keçirir. Bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?
- Bu konfranslar 5 ildən bir keçirilir. Bizim 84 rayon və şəhər təşkilatımız var. Onun artıq 63-də bu konfranslar keçirilib. Hazırda 21 təşkilatımızda bu konfranslara hazırlıq gedir. Bu il, bildiyiniz kimi, YAP-ın 25 illiyidir. Biz sentyabr ayından etibarən silsilə tədbirlərə başlayacağıq. Bu 5 il müddətində partiya sıralarına kifayət qədər yeni insanlar daxil olub. Bunların 70 faizini gənclər təşkil edir. Partiyanın yerli strukturlarının rəhbər orqanlarında (rayon təşkilatının şurasında, idarə heyətində, sədrlərdə, sədr müavinlərində, o cümlədən nəzarət-təftiş qruplarında) müvafiq dəyişikliklər olunur. Bu proses davam edir. 150 mindən artıq insan son 5 il ərzində partiya sıralarına daxil olub. Bilirsiniz ki, prezident seçkiləri ilə bağlı hazırlıq işləri çoxdur. Bizim bununla bağlı proqramımız hazırlanır. Biz bu proqramı İdarə Heyətinin təsdiqinə təqdim edəcəyik. Məntəqə, dairə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, imza toplayacaq şəxslər, təbliğat materiallarının açılması, yapışdırılması, çatdırılması ilə məşğul olan şəxslər və s. hər biri proqram əsasında hazırlanır. Seçkilərə start verilənə kimi biz bu işləri görüb yekunlaşdırmalıyıq. Ona görə də ikinci mərhələdə partiya qarşısında duran çox böyük işlər var. Sentyabrdan etibarən seçkilərə qədər çox aktiv və gərgin şəkildə bu işlər öz həllini tapmalıdır.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30