/ / Olimpiya İdman komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur həm də çoxsaylı sosial problemləri həll edir
Olimpiya İdman komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur həm də çoxsaylı sosial problemləri həll edir
01.08.2017 [09:26]
Prezident İlham Əliyev: İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir
Respublikamızda həyata keçirilən səmərəli iqtisadi siyasət hər sahədə ölkənin güclənməsinə, o cümlədən də milli gücün artmasını şərtləndirən vacib amillərdən biri kimi sosial sahənin prioritetliyinin təmin olunmasına xidmət edir. Son illərdə ölkədə sosial sfera ilə bağlı sahələrdə, o cümlədən də sosial infrastruktur quruculuğunda əldə olunan nailiyyətlər də bunu təsdiqləyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha xüsusi olaraq vurğulayıb ki, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir.
Azərbaycanda dövlət başçısının siyasi iradəsi sayəsində sosial sahənin prioritetliyinin təmin olunması davamlı xarakter daşıyan idman siyasətində də öz əksini tapır. Daha dəqiq desək, məqsədyönlü siyasət sayəsində Azərbaycan yüksək səviyyəli idman dövlətinə çevrilib.
Azərbaycanda idmanın inkişafının yeni mərhələsi cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra başlayıb
Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə digər sahələr kimi idman da, necə deyərlər, gözdən-könüldən uzaq düşmüşdü. Respublika miqyasında idmanın inkişafı, gənclərin bu sahəyə cəlb edilməsi üçün heç bir stimullaşdırıcı tədbir görülmürdü.
Bütün ölkə boyu mövcud idman qurğuları əslində yararsız vəziyyətə düşmüşdü. Maddi-texniki baza mənəvi və fiziki baxımdan tamam köhnəlmişdi. Onların yenilənməsindən, yeni idman qurğularının inşasından isə söhbət belə gedə bilməzdi. Belə ögey münasibət öz növbəsində idmançılarda ruh düşkünlüyü yaradırdı...
1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən, indiyədək bir çox sahələrdə Özünü yüksək səviyyəli mütəxəssis kimi təsdiqləyən İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkənin idman təsərrüfatında böyük canlanma yarandı. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idmanın keyfiyyətcə yeni inkişaf mərhələsi başladı. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaratdı. Azərbaycanda idmana üz tutan gənclərin sayı sürətlə artmağa başladı.
MOK-un yeni rəhbərinin diqqəti və qayğısı tezliklə idmançılarımızın mötəbər beynəlxalq yarışlarda bir-birinin ardınca parlaq qələbələr qazanmaları ilə nəticələndi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başladı.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımızın olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.
Bu məqamda 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunlarının bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildiyini desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında da uğurlar seriyasını davam etdirib. İdmançılarımız İslamiadada qazandıqları qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Xatırladaq ki, Oyunlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir.
Bütün bu sadalanan faktlar göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır. Deyilənlərdən də göründüyü kimi, həm dövlət, həm də Milli Olimpiya Komitəsi səviyyəsində göstərilən hərtərəfli qayğı və diqqət sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib. IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində bunu məmnunluqla nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”.
Ölkədə idmanın inkişafına qayğı bu sahədə güclü infrastrukturun yaradılmasında daha qabarıq şəkildə təzahür edir
Bu, bur aksiomadır ki, zəruri infrastruktur yaradılmadan böyük idmanda uğurlar qazanmaq da mümkün deyil. Cənab İlham Əliyevin MOK-un prezidenti seçiləndən sonra böyük diqqət göstərdiyi sahələrdən biri də bütün ölkə boyu müasir idman infrastrukturunun yaradılması oldu. Cənab İlham Əliyevin paytaxt Bakının qəsəbələrində və regionlarda Olimpiya İdman komplekslərinin tikilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs böyük sosial mahiyyət daşıyır. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, hazırda bu proses respublikanın bütün bölgələrini əhatə edib. Eyni zamanda, həmin vaxt MOK-un yeni rəhbərinin səyləri ilə mövcud idman arenalarının yenidən qurulmasına, idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə start verildi.
Hazırda Azərbaycan idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür. Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində ölkəmizdə yüksək səviyyəli idman infrastrukturu yaradılmasından qürurla söhbət açaraq vurğulayıb: “Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik”.
Yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, son illərdə respublikamızda Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. 2016-cı ildə respublikamız “Formula-1” yarışlarına və beynəlxalq şahmat olimpiadasına ev sahibliyi etdi. 2017-ci ilin birinci yarısında ölkəmizdə böyük uğurla IV İslam Həmrəyliyi Oyunları keçirildi. Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Müqayisə üçün bildirək ki, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.
Ölkəmiz cari ilin birinci yarısında IV İslam Həmrəyliyi Oyunlarından sonra ikinci dəfə “Formula-1” yarışlarına ev sahibliyi etdi. Qeyd edək ki, dünyada maraqla izlənilən “Formula-1” yarışlarını keçirmək hər ölkəyə nəsib olmur. Belə yarışları məhz Azərbaycan kimi güclü dövlət təşkil etməyə qadirdir.
2017-ci ildə respublikamız həmçinin qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edəcək. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək. Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur.
Ölkəmizdə dövlət və MOK səviyyəsində göstərilən hərtərəfli qayğı sayəsində yüksək səviyyəli idman infrastrukturunun yaradılması siyasəti bu gün də uğurla davam etdirilir. Hazırda ölkənin ayrı-ayrı bölgələrində yeni Olimpiya İdman komplekslərinin inşa edildiyini bildirən Prezident İlham Əliyev deyib: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Bölgələrdə 40-dan çox müasir Olimpiya İdman Kompleksi yaradılıbdır”.
Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir
Yeri gəlmişkən, paytaxt Bakıda və bölgələrdə müasir idman qurğularının yaradılmasına və müvafiq infrastrukturun inkişaf etdirilməsinə yalnız idman hadisəsi kimi baxmaq doğru olmazdı. Məlumdur ki, indiyədək Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən Olimpiya İdman komplekslərinin böyük əksəriyyəti bölgələrdə istifadəyə verilib. Bunun sayəsində bölgələrdə zəncirvari proseslər gedib. Əvvəla, onu vurğulayaq ki, yaradılan infrastruktur müxtəlif idman yarışlarının keçirilməsi coğrafiyasını paytaxtdan bölgələrə doğru genişləndirib. Hazırda Azərbaycanın bölgələrində də yüksək səviyyəli idman yarışlarını keçirmək üçün hər cür şərait var. Bunu biz birinci Avropa Oyunları ərəfəsində bir daha gördük. Bəhs olunan Oyunlar zamanı avarçəkmə yarışları Mingəçevirdə keçirildi. Eyni zamanda bir neçə ildir ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turnirinin marşrutu ölkənin bir sıra regionlarından keçir. Belə misalların sayı kifayət qədər çoxdur.
Beləliklə, idman həyatının canlanması öz növbəsində regionlarda iqtisadi aktivliyin, o cümlədən də turist cəlbediciliyinin artmasına müsbət təsir göstərir. İnsanlar arasında sosiallaşma daha da genişlənir.
Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Ölkədə Olimpiya İdman komplekslərinin və qurğularının tikintisi və onların ətrafında yaradılan infrastruktur həm də çoxsaylı sosial problemləri həll edir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, mənəvi cəhətdən kamilləşmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar pleyadası yetişir. Digər tərəfdən, Olimpiya-İdman komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu təsərrüfatda çoxlu sayda yeni iş yerləri açılıb. Soydaşlarımız bu iş yerlərində çalışaraq yüksək əməkhaqqı alırlar və ailələrinin dolanışığını təmin edirlər.
Gənclərin sağlamlığının təmin edilməsi - idman siyasətində qarşıya qoyulan əsas məqsədlərdən biridir
Azərbaycanın idman sahəsində qazandığı yüksək nəticələrdən söhbət açarkən başqa bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır. Söhbət ondan gedir ki, respublikamızda dövlət idmanın inkişafına yalnız ölkənin tanıdılması amili kimi yanaşmır. İdman sahəsində dövlət siyasəti müəyyənləşdirilərkən cəmiyyətdən gələn sosial sifariş əsas götürülür. Başqa sözlə desək, ölkəmizin idman siyasətində bu sahənin sosial aspekti - gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyümələri əsas götürülür. Buna görə də respublikamızda idman sahəsində qarşıya qoyulan əsas hədəflərdən biri onun kütləviliyinə nail olmaqdır.
Yerlərdə gənclər, yeniyetmələr bəhs olunan obyektlərdə idmanın bu və ya digər növləri ilə məşğul olurlar. Beləliklə də, gənclərimiz pis vərdişlərdən uzaq olurlar və sağlam həyat tərzi keçirirlər. Əlamətdar haldır ki, son vaxtlarda regionlardan böyük idmana gələn və müxtəlif yarışlarda Azərbaycanın idman şərəfini qoruyan gənclərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Öz növbəsində Azərbaycan idmançılarının qələbələri ölkədə idmanın inkişafını stimullaşdırır, gənc nəslin idmana daha güclü meyillənməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyev ölkədə idmanın kütləviliyinə nail olunmasının önəmindən bəhs edərək bildirib: “Biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

