Azərbaycanda bütün sosial proqramlar uğurla yerinə yetirilir
28.07.2017 [08:55]
Prezident İlham Əliyev: Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır
Dünyada yaşanan gərginliklərə, kataklizmlərə baxmayaraq, Azərbaycan 2017-ci ilin birinci yarısında da öz inkişafının ardıcıllığını təmin etməyə nail olub. Prezident İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi əsasında ötən ilin əvvəlindən başlanan islahatlar sayəsində ölkəmiz yeni şəraitə uğurla adaptasiya olunub. Cari ilin birinci yarısında respublikada maliyyə və iqtisadi sabitlik təmin edilib, neftdənkənar iqtisadiyyat üzrə yaxşı göstəricilər əldə edilib. Belə ki, ötən 6 ayda Azərbaycanın qeyri-neft iqtisadiyyatı 1,7 faiz genişlənib, o cümlədən qeyri-neft sənayesi 4,4, kənd təsərrüfatı 2,2 faiz artıb. İlin birinci yarısında ölkənin xarici ticarət dövriyyəsinin göstəriciləri kifayət qədər müsbət olub. Belə ki, ilin əvvəlindən ixrac 36, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb. Paralel şəkildə idxal 15 faiz azalıb. Beləliklə, xarici ticarət dövriyyəsində 1,9 milyard dollar civarında müsbət saldo yaranıb. İlin əvvəlindən bəri respublikamızın valyuta ehtiyatları 3 milyard dollar artaraq 40,6 milyard dollara çatıb.
Faktlardan da göründüyü kimi, Azərbaycanın 2017-ci ilin birinci yarısının iqtisadi inkişaf göstəricilərinə dair statistika kifayət qədər zəngindir. Başqa bir heç də az əhəmiyyət daşımayan müsbət məqam isə ondan ibarətdir ki, son dövrlərdə dünyanın mənzərəsi müharibələrlə, müxtəlif zəmində baş qaldıran münaqişələrlə, digər bu kimi neqativ hallarla səciyyələnsə də, Azərbaycan sabitlik adası kimi fərqlənir və ölkədə möhkəm xalq-iqtidar həmrəyliyi hökm sürür.
İqtisadi potensialın güclənməsi və sabitlik isə hər bir ölkənin, hər bir xalqın arzuladığı fundamental amillərdir. Digər istiqamətlərdə inkişaf bir-birini tamamlayan bu iki faktorla sıx bağlıdır.
Sabitlik şəraitində Azərbaycan xalqının rifah halı daha da yaxşılaşır
Ölkənin iqtisadi gücünün davamlı olaraq artması və daxili sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması sosial sferanın inkişafı baxımından xüsusi ilə aktuallıq daşıyır. Dünya təcrübəsindən də bəlli olduğu kimi, məhz sabit cəmiyyətlərdə ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi naminə səmərəli şəkildə istifadə olunur. Bu baxımdan Azərbaycanın modeli dünya üçün nümunə sayıla bilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizi fərqləndirən cəhətlərə diqqət çəkərək vurğulayıb: “Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur”.
Qeyd etmək yerinə düşər ki, davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır”.
Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Ümumiyyətlə, Azərbaycanın sosial siyasəti genişməzmunlu olmaqla davamlı xarakter daşıyır. Əvvəlki illərdə olduğu kimi, ölkəmizin cari il üçün dövlət büdcəsi də sosialyönümlüdür. Milli Məclisin bir qədər bundan əvvəl keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin qəbul edilməsi respublikamızın özünün dərinməzmunlu sosial siyasətinə sadiq qaldığını bir daha təsdiqləyir. Belə ki, Milli Məclisdə təsdiqlənən yeni qanun layihəsinə əsasən büdcəyə cəlb ediləcək vəsaitlərin böyük qisminin sırf sosial istiqamətlərə xərclənməsi nəzərdə tutulub. Yeri gəlmişkən, parlamentdə qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov büdcəyə daxil olacaq vəsaitlərin xərclənmə istiqamətləri barədə ətraflı məlumat verərək bildirib ki, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait yönəldiləcək.
Bütün ölkə boyu yeni sosial infrastruktur layihələri reallaşdırılır
Son illərdə bütün ölkə boyu intensiv şəkildə sosial infrastruktur layihələri reallaşdırılır ki, bu da Azərbaycanda həyata keçirilən sosial siyasətin miqyası barədə konkret təsəvvür yaradır. Paytaxt Bakıda və respublikanın bütün regionlarında müasir məktəb, xəstəxana binalarının, idman komplekslərinin inşası, əhalinin kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasəti qabarıq şəkildə təzahür etdirir.
Azərbaycanda sosial infrastruktur quruculuğundan söhbət açarkən bütün respublika miqyasında təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, ölkənin hər yerində məktəb tikintisinin geniş vüsət almasını xüsusi qeyd etmək lazımdır. Sirr deyil ki, güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Təkcə son bir il ərzində respublikanın regionlarında 59 məktəb, 53 bağça tikilib və ya əsaslı təmir olunub.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir. Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Ölkə miqyasında sosial infrastruktur quruculuğu səhiyyə sahəsində də geniş vüsət alıb. Belə ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq səhiyyə sahəsində davamlı şəkildə həyata keçirilən islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Ölkə miqyasında tibb müəssisələrinin yenidən qurulması layihələrinin icrası cari ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 30-dək tibb müəssisəsində təmir-tikinti işləri aparılır.
Regionlarda qazlaşdırma, kənd yollarının asfaltlaşdırılması layihələrinin uğurla həyata keçirilməsi çox ciddi sosial mahiyyət kəsb edir. Artıq respublika miqyasında qazlaşdırmanın səviyyəsi 93 faizə çatdırılıb. Prezident İlham Əliyev tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilində əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. Cari ilin əvvəlindən isə bu istiqamətdə işlər daha da intensivləşib. Hazırda respublikanın əksər bölgələrində kənd yollarının yenidən qurulması layihələri həyata keçirilir. 2017-ci ilin sonunadək respublika ərazisində bir sıra sosial infrastruktur layihəsinin tamamlanması planlaşdırılıb. O cümlədən ilin sonunadək 270 kənddə modul tipli içməli su qurğularının quraşdırılmasının başa çatdırılması, Abşeron və Ağcabədi Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev ölkə miqyasında sosial infrastruktur quruculuğundan məmnunluq ifadə edərək deyib: “Sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir”.
Əhalinin pulsuz tibbi müayinədən keçməsi böyük sosial əhəmiyyət daşıyır
Sosial dövlət olan Azərbaycanda daim insanların həyat şəraitinin yaxşılaşmasına yönələn yeni sosial təşəbbüslər irəli sürülür. Belə təşəbbüslər, adətən, cəmiyyətin istəyi, sifarişləri əsasında formalaşır.
Son illərdə Azərbaycanda irəli sürülən sosial təşəbbüslər sırasında aztəminatlı ailələr üçün uyğun qiymətə sosial mənzillərin tikintisi layihəsi mühüm yer tutur. Yeni sosial təşəbbüsə uyğun olaraq bütün respublika miqyasında aztəminatlı ailələrin uyğun qiymətə mənzil şəraitlərinin yaxşılaşdırılması strateji hədəf kimi qarşıya qoyulub. Sirr deyil ki, aztəminatlı ailələrin aylıq gəlirləri bazar qiymətləri ilə mənzil almağa kifayət etmir. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.
Qeyd edək ki, sosial əhəmiyyətli bu təşəbbüs bilavasitə xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına yönəlmiş siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Prezident İlham Əliyevdən gəlib. Azərbaycanın dövlət başçısı yaranan şəraitdə aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə belə ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsinə böyük önəm verir. Vurğulamaq yerinə düşər ki, 2017-ci ilin yenidən baxılan büdcəsinin xərclər istiqamətində sosial mənzillərin tikintisi proqramına böyük məbləğdə vəsait ayrılması nəzərdə tutulub. Maliyyə naziri Samir Şərifovun parlamentə verdiyi məlumata əsasən, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərində sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 milyon manat vəsait yönəldiləcək. Xatırladaq ki, hazırda ölkədə sosial mənzillərin inşasına cəlb olunan Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. O cümlədən qəzalı vəziyyətdə olan binalar sökülərək onların yerində yeniləri tikilir. Belə qəzalı binaların sayı 80-ə yaxındır. Sökülən binaların sakinlərinin maraqları da yüksək səviyyədə təmin olunur. Onlara yeni binaların tikintisi tamamlananadək kirayə pulu ödənilir. Həmin sakinlər tikiləcək yeni binalarda daha böyük ölçüdə mənzillərlə təmin olunacaqlar. Sosial baxımdan başqa bir önəmli cəhət isə odur ki, yeni binalarda sakinlər hər cür rahatlıqlarla təmin olunacaqlar. Prezident İlham Əliyevin xüsusi göstərişinə əsasən yeni tikilən binaların hər birinin birinci mərtəbəsində uşaq bağçaları fəaliyyət göstərəcək. Prezident İlham Əliyev vurğulayıb ki, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək: “Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni sosial təşəbbüslərdən biri də respublika miqyasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsidir. Ölkədə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində təkcə bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçib. Prezident İlham Əliyev ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsini bütün dünya miqyasında nadir nümunə kimi səciyyələndirərək bildirib: “Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin”.
Ölkədə yaxın perspektivdə 1400 nəfərin özünüməşğulluğunun təmin edilməsi hədəflənib
Ölkəmizdə dərin sosial əhəmiyyət daşıyan əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında özünüməşğulluq proqramı xüsusi yer tutur. Proqramın əsas məqsədi insanları layiqli iş yerləri ilə təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən proqramın əhatə dairəsi getdikcə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı getdikcə artır. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər.
Qeyd edək ki, bəhs olunan proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev özünüməşğulluq proqramının böyük perspektivi olduğuna əminliyini ifadə edərək bildirib: “Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

