Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı keçirilib

“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı keçirilib

08.07.2017 [13:18]

İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təşkilatçılara təşəkkür edib, qonaqları salamlayaraq deyib: Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda islam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Ali Məclisin Sədri deyib: “653-cü ildən sonra isə bu mədəniyyət İslam mədəniyyəti ilə vəhdətdə inkişaf etmişdir. Çünki həmin tarixdən ərəblərlə bağlanmış müqavilə nəticəsində naxçıvanlılar könüllü olaraq İslam dinini qəbul etmişlər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti cəlb edir. Dini etiqada görə təktanrıçı olan naxçıvanlılar Nuh peyğəmbərin davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Müqavilənin elmi və siyasi əhəmiyyəti onunla şərtlənir ki, ərəblər artıq müstəqil olan Naxçıvanın yerli idarəçiləri ilə müqavilə bağlamışdılar. Bu, həmin dövrdə Naxçıvanın başqa dövlətlərin tərkibində olmasını təkzib edən çox mühüm faktordur. Diqqət çəkən amillərdən biri də odur ki, bağlanmış müqavilə “naxçıvanlıların həyatına, əmlakına və şəhər divarlarının toxunulmazlığına təminat” verib”.
Qeyd olunub ki, Azərbaycanın Naxçıvan diyarında türk-islam mədəniyyəti on ikinci əsrdə özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər muxtar respublikada qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrdən 70-ə yaxını bərpa olunub. Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. Müasir şəhərsalma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunur.
Ali Məclisin Sədri deyib: “Zaman keçdikcə Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikası ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaqdır”.
Ali Məclisin Sədri Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi ilə bağlı keçirilən beynəlxalq konfransı Azərbaycan və İslam tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirib, konfransa öz işində uğurlar arzulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Naxçıvanın türk-islam maddi-mədəniyyətinin təşəkkülünə dair: yeniliklər və ənənələr” mövzusunda çıxış edərək deyib ki, son illər Naxçıvanda mindən artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni irsimizi yaşadan əsərlər, xüsusilə “Naxçıvan abidələri ensiklopediyası” nəşr olunub. Muxtar respublika ərazisindəki abidələrin xeyli hissəsi müsəlman dövrü abidələridir. Türk-islam mədəniyyəti əsrlər boyu böyük türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Nailə Vəlixanlı Naxçıvanın tarixinə, abidələrinin tədqiq olunmasına və bərpasına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
“Naxçıvan məzar abidələrinin türk sənətində yeri” mövzusunda çıxış edən Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş deyib ki, Naxçıvandakı məzarüstü abidələrlə Anadoludakı eyni formalı abidələr tikinti texnikası, memarlıq quruluşu və istifadə olunan materiallar baxımından bir-birinə yaxındır. Yusif Küseyir oğlu türbəsi ilə Ərzincandakı Məlik Qazi Türbəsi, Möminə xatın türbəsi ilə Konyadakı Qılınc Arslan türbəsi, Gülüstan türbəsi ilə Kayseri, Niğdə, Ərzurum və Amasya türbələri, Qarabağlar türbəsi ilə Sivasdakı Güdük Minarə eynilik təşkil edir. Bu da bir daha təsdiq edir ki, memar Əcəmi tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi türk və islam dünyası memarlığının inkişafına mühüm təsir göstərib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasi “Eldənizlərin paytaxtı Naxçıvan və Atabəylər Kompleksi” mövzusundakı çıxışında diqqətə çatdırıb ki, Naxçıvanın XII əsrdə Azərbaycan Atabəylərinin paytaxtı olması şəhərin memarlığının formalaşmasında mühüm rol oynayıb. Tarixi qaynaqlar haqlı olaraq Naxçıvanın iri şəhərə çevrilməsini Atabəylərin - Eldənizlərin adı ilə bağlayır. Həmin dövrə aid müxtəlif tarixi əlyazmalarda da qeyd olunur ki, Naxçıvan məhsuldar torpaqları, bol yeraltı sərvətləri, yüksək keyfiyyətli sənətkarlıq istehsalı və çox əlverişli strateji mövqeyi ilə yaxşı tanınırdı və geniş uluslararası əlaqələrdə fəal iştirak edirdi. XII əsrdə Eldənizlər kimi qüdrətli bir dövlətin paytaxtı edilməsi bu şəhərdə artıq dayanıqlı əsası olan sənətlərin, xüsusən memarlığın inkişafına güclü təkan verdi. Bu gün Naxçıvanda tarixi abidələr bərpa və təmirlə yanaşı, tədqiq və təbliğ də olunur. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı da bu məqsədə xidmət edir.
Plenar iclasda Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “Naxçıvan və Marağa Memarlıq Məktəbinin abidələri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan orta əsrlər dövründə islam dünyasının ən zəngin və parlaq memarlıq irsini yaratdı. Bu dövrdə Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Naxçıvanda, Təbrizdə və Marağada memarlıq sahəsində çoxlu möhtəşəm abidələrin yaradılması bütün Azərbaycanda memarlığın yüksək dərəcədə inkişaf etdiyini göstərir. Əcəmi Naxçıvani tərəfindən işlənib hazırlanmış kompozisiyalar və dekorativ üsullar ətraf yerlərdə ucaldılan xatirə abidələrinə də böyük təsir göstərib. Naxçıvan memarlıq məktəbinin XII əsrə təsadüf edən yüksəlişi dövründə Marağada da memarlıq inkişaf edirdi. Tədqiqatçıların fikrincə, Marağa abidələri Azərbaycan memarlığının Naxçıvan məktəbinin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. Bu mənada “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı türk-islam mədəniyyəti abidələrinə, zəngin tariximizə verilən dəyərin ən yüksək ifadəsidir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın türk-islam abidələri tarixi qaynaqlarda” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan diyarı dünya sivilizasiya mərkəzlərindən biri, türk-islam abidələri ilə zəngin bir ərazidir. Bu ərazidə yaşamış insanlar çoxsaylı tarix və mədəniyyət abidələri yaradıb, bunların bir qismi günümüzədək gəlib çatıb. Orta əsrlərdə və yeni dövrdə Azərbaycana, eləcə də Naxçıvana səfər edən bir sıra görkəmli səyyah və tədqiqatçıların əsərlərində, yol qeydlərində Naxçıvanın tarixi abidələri haqqında çox maraqlı və əvəzolunmaz məlumatlar vardır. Naxçıvanın türk-islam mədəniyyəti abidələri Naxçıvanın qədim tarixə, çoxəsrlik dövlətçilik ənənələrinə, görkəmli şəxsiyyətlərə, müxtəlif mədəniyyətlərin yarandığı bölgəyə, tarix-memarlıq abidələrinə malik olan bir diyar olduğunu, tarix, memarlıq və mədəniyyət abidələrinə yüksək diqqət və qayğı göstərildiyini bir daha təsdiq edir. İsmayıl Hacıyev tarixi irsimizə, türk-islam mədəniyyəti abidələrinin təmiri və bərpasına, həmçinin onların tədqiqinə göstərdiyi diqqət və qayğıya görə konfrans iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filminə baxış olub.
Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb.
Həmin gün beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31