Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hücumlarına adekvat reaksiya verməlidir

Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hücumlarına adekvat reaksiya verməlidir

06.07.2017 [10:13]

Ekspertlər beynəlxalq təşkilatların işğalçı ölkəyə müvafiq təsir və təzyiqlər göstərməsini zəruri hesab edirlər
Xəbər verildiyi kimi, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində mülki şəxslər - Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Digər mülki şəxs Sərvinaz Quliyeva isə yaralanıb, həmçinin mülki obyektlərə zərər yetirilib. 
Ekspertlər bu hadisənin növbəti dəfə Ermənistan dövlətinin terrorçu mahiyyətini əks etdirdiyini bildirirlər. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan mütəmadi olaraq beynəlxalq hüquq normalarını pozaraq bu cür təxribatlara əl atır, mülki şəxsləri hədəfə almaqla öz işğalçı mahiyyətini nümayiş etdirir. 
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə hücumları vandalizmin nümunəsi olmaqla yanaşı, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: “Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan təxribatçı hərkətlərini davam etdirir və bu, zaman-zaman işğalçı ölkənin Azərbaycanın mülki əhalisinə hücumları formasında özünü göstərir. Erməni vəhşiliyinin nəticələri göz qabağındadır. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması bu vəhşiliyin növbəti nümunəsidir. Dünya ictimaiyyəti işğalçı Ermənistanın vandalizm aktlarını görür və bütün bunların beynəlxalq hüquq normalarına, insan hüquqlarına, eləcə də 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavəyə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyaya zidd olduğunu bilir. Belə olan halda, dünya ictimaiyyəti - ayrı-ayrı beynəlxalq təşkilatlar Ermənistana qarşı müvafiq tədbirlər görməli, işğalçıya təsir və təzyiqlər göstərilməlidir. Bu, beynəlxalq hüququn tələbidir”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib ki, Ermənistan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və müharibənin ən çirkin variantlarını aparmaq istəyində olduğunu göstərdi. Onun sözlərinə görə, dinc əhaliyə qarşı mübarizə aparılmamalı və onların evlərinin dağıdılması qarşıya məqsəd kimi qoyulmamalıdır: “Ancaq Ermənistan silahlı qüvvələri bunu etməklə Azərbaycan ictimaiyyətində gərginlik yaratmaq, 90-cı illərin xofunu qaytarmaq və situasiyada təşəbbüsü ələ almağa çalışır. Onlar unudurlar ki, Azərbaycan dövləti müstəqilliyini daim möhkəmləndirir, qüdrətlənir, o cümlədən öz ordusunu mütəmadi olaraq gücləndirir. Ermənistanın bu provokasiyası cəzasız qalmayacaq. İşğalçı ölkə bunun cavabını alacaq. Azərbaycan dövlətinin ən ümdə vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Ermənistanın bu hərəkəti onun cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün bütün çirkin yollara əl atdığını göstərir. Bu məsələdə Azərbaycan dövləti özünün qətiyyətini göstərib və göstərəcək”.
Millət vəkili deyib ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti beynəlxalq təşkilatlara müraciət edəcək: “Bu məsələdə Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin də kəskin mövqe ortaya qoymasını istəyir. Əgər həmsədrlər Ermənistanın siyasətinə prinsipial qiymət versəydi, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb etsəydi, vəziyyət bu həddə çatmazdı”.
Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, biz 100-150 ilin tarixinə nəzər salsaq, görərik ki, ermənilər istər Azərbaycan, istər Türkiyə ərazisində dinc insanlara qarşı qırğınlar törədib, silahsız şəxsləri öldürüblər: “Təkcə atəşkəs dövründə erməni silahlı qüvvələri cəbhəyanı bölgələrdə yaşayan nə qədər dinc sakinimizi öldürüb. Hansı ki onların içərisində həm ahıllar, həm də körpələr var. İyulun 4-də baş verənlər də bu hadisələrdən biri idi”.
Azərbaycan ordusu tərəfindən ermənilərə layiqli cavabın veriləcəyini deyən millət vəkili əlavə edib ki, əsas məqam həmsədr dövlətlərin, beynəlxalq qurumların Ermənistan tərəfindən törədilənlərə adekvat reaksiyasının olmamasıdır: “Niyə dünya birliyi buna adekvat reaksiya vermir? Azərbaycan tərəfi bir erməni qulduru və ya kəşfiyyatçısını ələ keçirən zaman beynəlxalq qurumlar tez fəaliyyətə keçib, onunla maraqlanmağa başlayırlar. Nəyə görə onlar bizim kəlbəcərli girovlarımız - Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı canfəşanlıq etmirlər? İyulun 4-də heç bir günahı olmayan mülki əhali ermənilər tərəfindən qətlə yetirildi. Məhz beynəlxalq təşkilatların adekvat reaksiya verməməsi, ədalətli və qətiyyətli mövqe ortaya qoymaması Ermənistanın öz işğalçı əməllərini və təxribatçı hərəkətlərini davam etdirməsinə zəmin yaradır”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinə beynəlxalq təşkilatlar və dünya mediası adekvat yanaşma ortaya qoymur: “Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycanın mülki əhalisini atəşə tutub, beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub. Amma indiyə qədər beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkənin təxribatçı hərəkətlərinə qarşı qəti mövqe ortaya qoyulmayıb. Hətta ayrı-ayrı ermənipərəst qüvvələr tərəfindən işğalçı Ermənistanın mövqeyinin müdafiə edilməsi və beynəlxalq təşkilatların bu ölkəyə qarşı loyal münasibət sərgiləməsi Ermənistanın təxribatçı hərəkətlərinə rəvac verib”.
Bu hadisələrin fonunda Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyəti tərəfindən növbəti dəfə müşahidə edildiyini deyən baş redaktor bildirib: “Beynəlxalq medianın susqunluq nümayiş etdirməsi isə qəbuledilməzdir”.
“Dünya birliyi bu vəhşiliyə reaksiya verməlidir”. Bunu isə millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, işğalçı ordunun əməllərinə görə rəsmi İrəvan məsuliyyət daşıyır: “Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Ölkəmiz münaqişənin dinc yolla həllinə çalışır, amma Ermənistan bu yolu inkar edir, hərbə üstünlük verir. Ermənistanın işğalçı ordusunun Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və iki yaşlı qızcığaz Quliyeva Zəhra Elnur qızının həlak olması ermənilərin vəhşiliyinin bariz nümunəsidir. Bir qadın isə qəlpə yarası alıb. Ermənilər Cocuq Mərcanlıya köçə məhz belə bir təxribata əl atmaqla reaksiya verdilər. Əminəm ki, ordumuz nə lazımdırsa, onu da edəcək”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31