Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlar dünya ictimaiyyətinə uğurla çatdırılır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlar dünya ictimaiyyətinə uğurla çatdırılır

24.06.2017 [09:31]

Azərbaycan mediası bu prosesdə milli maraqlara söykənən peşəkar fəaliyyət göstərir

Milli maraqlara söykənən qətiyyətli xarici siyasət həyata keçirən müstəqil Azərbaycanın başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Həyata keçirilən hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eləcə də diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli strateji prioritet kimi...

Qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri barədə reallıqların dünyaya çatdırılması istiqamətində kompleks tədbirlər görülür

Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Xüsusilə ötən ilin aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır.
Əlbəttə, Azərbaycanın uğurlu xarici siyasət kursu və diplomatiyası beynəlxalq ictimaiyyətin bu münaqişəyə münasibət və mövqeyini formalaşdıran mühüm amildir. Bu kontekstdə toxunulması zəruri olan məsələlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının Azərbaycana qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır. Bu məqsədlə Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir.
Eyni zamanda, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız, qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər bir kəs səfərbər edilərək prosesə qoşulub. 2008-ci ildən bu vaxtadək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası olduqca səmərəlidir.
Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına münasibətini ortaya qoyur. Beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də diaspor siyasətinin uğurudur. Beləliklə, uğurlu diplomatiyanın və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyaları və "qara piar" kampaniyasını iflasa uğradır.

Aprel hadisələri fonunda milli mediamızın vətənpərvər və peşəkar yanaşması təqdirəlayiq hesab edildi

Bunlarla yanaşı o da qeyd edilməlidir ki, Azərbaycan mediası – ölkə KİV-i Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm yüksək fəallıq, həm də peşəkarlıq nümayiş etdirir. Məhz Azərbaycan mediasının ötən ilin aprel döyüşləri zamanı milli maraqlara söykənən mövqe nümayiş etdirməsi də bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bəhs olunan hadisələrin fonunda müşahidələr göstərdi ki, Azərbaycan KİV-i, bütövlükdə, informasiya resursları hər bir situasiyada informasiyanın idarə olunması təcrübəsinə malikdir. Məlumdur ki, 2014-cü ilin avqust ayında qoşunların təmas xəttində baş verən hadisələr zamanı Azərbaycanın bəzi media təmsilçiləri ajiotaja səbəb ola biləcək informasiyalar, bəzi hallarda isə müxtəlif dezinformasiyalar yaymaqla müəyyən xətalara yol vermişdi, düşmən tərəfindən ötürülən təxribat xarakterli informasiyaları, bir növ, mexaniki olaraq bəzi elektron KİV-lər təkrar etmişdi. Bundan dərhal sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Geniş formatda təşkil olunmuş müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edildi. Akademik Ramiz Mehdiyev çıxışında vurğuladı ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. O zamandan bu günə qədər keçən müddət ərzində Azərbaycan mediası müəyyən təcrübə əldə edib və bəhs olunan sonuncu hadisələr zamanı müşahidə edildi ki, ölkə mediasının yol verdiyi əvvəlki səhvlər, əsas etibarilə, təkrar olunmadı.
Əlbəttə, informasiya məkanı dedikdə təkcə media və KİV deyil, eyni zamanda, vətəndaş jurnalistikası - sosial şəbəkələr, müəyyən internet resursları da nəzərdə tutulur. Burada vəziyyət arzuolunan səviyyədə deyildi, amma bütövlükdə, bu istiqamətdə də müsbət dinamika və tendensiyanın şahidi olduq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qoşunların təmas xəttində baş vermiş hadisələrdən sonra AZƏRTAC-a müsahibəsində Azərbaycan mediasının indiki mərhələdə davranışlarını təqdirəlayiq hesab etdi. Akademik Ramiz Mehdiyev qeyd etdi ki, 2014-cü ilin avqustunda cəbhədə gərginliyin yaranması ilə əlaqədar Azərbaycan KİV-lərində, xüsusilə də internet media və sosial şəbəkələrdə çox ziyanlı süni ajiotaj müşahidə edildi: "Buna görə də avqustun 29-da Prezident Administrasiyası rəhbərinin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə geniş müşavirə keçirildi, mövcud vəziyyət dərindən təhlil olundu, KİV-lərə və mətbuat xidmətlərinə müvafiq tövsiyələr verildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncam imzaladı. Sərəncamda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyəti qaydalarının hazırlanması və təsdiq edilməsi, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların yayılmasının yolverilməzliyi, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər öz əksini tapmışdır. Sonrakı dövrdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilmiş, jurnalist peşəkarlığının yüksəldilməsi, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi və xüsusilə yeni medianın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü addımlar atılmışdır. Təbii ki, bütün bu tədbirlər təsirsiz qala bilməzdi. Son hadisələr də göstərdi ki, kütləvi informasiya vasitələrimiz, jurnalistlərimiz cəbhə bölgəsində gərginliyə olduqca həssas, peşəkarcasına yanaşdılar, dezinformasiyaya uymadılar. Ümumilikdə, ölkənin vətəndaş cəmiyyəti institutları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılarımız, gənclərimiz əsl vətənpərvərlik nümunəsi və vətəndaş mövqeyi nümayiş etdirdilər. Hesab edirəm ki, müşahidə olunan milli həmrəylik bizim böyük nailiyyətimiz və gələcək uğurlarımız üçün vacib amildir".
Bu sitatdan da göründüyü kimi, milli media resurslarımızın işində müsbət tendensiya mövcuddur və mediamız milli maraqlarımızı qorumaq üçün səfərbər oluna bilir.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən keçirilən "Ermənistanın Azərbaycana təcavüzü media gündəmində" adlı müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30