Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Millət vəkilləri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə etiraz ediblər

Millət vəkilləri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə etiraz ediblər

17.05.2017 [10:29]

Məsələ ilə bağlı Rusiya parlamentinə müraciət olunacaq
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov əvvəlcə gündəlikdəki məsələlər haqqında məlumat verib.
Daha sonra millət vəkilləri çıxış edərək Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması qərarına münasibət bildiriblər.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu məsələ Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Onun fikrincə, ÜAK-ın Rusiyanın Ədliyyə Nazirliyinin müraciəti əsasında ləğv edilməsi Azərbaycanla Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, həqiqətən, cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb. Onun sözlərinə görə, ÜAK Ulu öndər Heydər Əliyevin ideyası əsasında yaradılıb. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər olduğunu deyən A.Rəhimzadə bildirib ki, biz hər yerdə bu münasibətlər haqqında danışsaq da, lakin qarşılığını görmürük: “Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılmasına səsini çıxarmır? Qarşılıqlı hörmət münasibətləri ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun. Bu cür addımlar Azərbaycanla Rusiya arasında olan münasibətlərə xələl gətirir”.
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə də deyilir. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir.
“Rusiya ilə Azərbaycanın təxminən 200 illik ortaq siyasi tarixi var. 200 ildə bu münasibətlər Krılovun məşhur “Qurd və quzu” təmsilində nəql olunan hadisəyə bənzəyir”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması haqqında qərarı da bəhanədir. Onun sözlərinə görə, Rusiya ilə dostluq Azərbaycana lazımdır. Çünki Rusiya Azərbaycan üçün vacib ölkədir.
“Rusiyada da hesab etməlidirlər ki, Azərbaycan da onlar üçün vacib ölkədir. Rusiya hesab edir ki, ona qarşı beynəlxalq hüquq manipulyasiya edilir, onun hüquqları tapdanır. Biz də düşünürük ki, belədir. Amma Rusiya ÜAK-la bağlı qərar qəbul edəndə nəzərə almalıdır ki, onlar da öz qərarlarında hüquqla manipulyasiya edirlər, ÜAK-a qarşı ədalətsiz mövqe tutmaq olmaz. Əgər məsələyə bu gözlə baxsalar, ədalətli qərar qəbul edə bilərlər. Proses hələ başa çatmayıb, ona görə də mübarizəmizi davam etdirməliyik. Azərbaycan diplomatiyası, parlament, diasporumuz bu işdə səfərbər olmalıdır. Çalışmalıyıq ki, önümüzdəki müddətdə ÜAK-la bağlı hüquqi qərarı xeyrimizə dəyişdirə bilək”, - deyə millət vəkili vurğulayıb.
Azərbaycan Rus İcmasının rəhbəri, millət vəkili Mixail Zabelin də məsələyə münasibət bildirib. O deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi haqqında qərar Azərbaycandakı rus icmasını ciddi narahat edir.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub.
Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, bu təşkilatın ləğv olunması haqqında qərar ədalətli deyil. Spikerin fikrincə, müəyyən dairələr iki dövlət arasında münasibətlərə kölgə salmağa çalışır. Onun sözlərinə görə, Rusiya həm də Minsk qrupunun həmsədr dövlətlərindən biridir və qonşu dövlət tərəfsiz olmalıdır: “Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”.
Spiker Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsini rusiyalı həmkarları ilə müzakirə edəcəyini deyib: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adından da o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Onların cavabından asılı olaraq növbəti addımları atacağıq”.
Məsələ ilə bağlı millət vəkillərindən Aydın Mirzəzadə, Əflatun Amaşov, Zahid Oruc, Elman Nəsirov, Fazil Mustafa, Sahib Alıyev və Elmira Axundova çıxış edərək ÜAK-ın ləğvinə etiraz ediblər.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-yə yeni səlahiyyət verilir.
Dəyişiklikdə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub. Bununla indiyə qədər olan tam qadağa məhdudiyyəti yumşaldılır.
Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də layihədə əks olunub.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Həmçinin iclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Daha sonra “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub. Layihə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.
Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.
Parlamentin iclasında son olaraq “Kabel şəbəkəsi yayımı haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib. Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R.Hüseynov qeyd edib ki, bu sahədə sui-istifadə halları var: “Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb”.
R.Hüseynov bildirib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir: “Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsində 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb”.
“Kabel televiziyasında vətəndaşlarımızın hüquqları pozulur, insanların əsəbləri ilə oynanılır. Bu işlə məşğul olanlar görüntülərin pis olması və ya kəsilməsi ilə bağlı üzərlərinə heç bir öhdəlik götürmürlər”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov müzakirələr zamanı deyib. Onun sözlərinə görə, kabel televiziyaları ilə bağlı cərimələr sərtləşdirilməlidir: “Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var və kabel televiziyaları bu qanuna əməl etməlidir. Bundan başqa, vətəndaşlara seçim imkanı verilməlidir. Kabel televiziyalarının hamısı bir-birinə bənzəyir. Onlar bir-birindən daha keyfiyyətli olmalıdır. Bir də görürsən ki, gecə saat 12 oldu və ya yağış yağdı, qar yağdı, külək oldu - yayım pozulur. Belə olan halda heç kim üzərinə heç bir öhdəlik götürmür. Hətta kabel televiziyasının pulundan kəsmək belə mümkün deyil. Bu baxımdan hesab edirəm ki, ilk növbədə vətəndaşların hüquqları qorunmalıdır”.
S.Novruzov çıxışı zamanı internet televiziyaları ilə bağlı müvafiq qanunun qəbul edilməsi təklifini edib: “Bir də görürsən ki, xaricdə kimsə televiziya açıb. 3-4 nəfər əlinə kamera alıb heç Azərbaycanda yaşamayan insanlardan ölkəmizdə vəziyyətlə bağlı müsahibə alır. Hansı ki, araşdırma aparanda həmin şəxsin heç Azərbaycanla bağlı olmadığı məlum olur. Bu baxımdan belə halların qarşısı alınmalı, insanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olunmalıdır”.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31