Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası yeni mərhələdə Azərbaycanın inkişafını şərtləndirən əsas faktordur

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası yeni mərhələdə Azərbaycanın inkişafını şərtləndirən əsas faktordur

10.05.2017 [09:08]

Tarixə nəzər salsaq, görərik ki, ayrı-ayrı ölkələr taleyüklü məqamlarda düzgün yol seçmələrinə, bugünkü yüksək inkişaf səviyyəsinə çatmalarına görə məhz iti zəkaları ilə zamanı qabaqlayan şəxsiyyət-liderlərə borcludurlar. Corc Vaşinqton Amerika Birləşmiş Ştatları, Şarl de Qoll Fransa, Mustafa Kamal Atatürk qardaş Türkiyə üçün zamanında xilaskarlıq missiyası yerinə yetiriblər. Müstəqil Azərbaycan üçün belə əvəzolunmaz şəxsiyyət-lider uzaqgörən dövlət xadimi Heydər Əliyev olub.
Bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini məhz belə səciyyələndirmək mümkündür. Heydər Əliyev əvvəlcə keçmiş ittifaq daxilində respublikamıza rəhbərlik etdiyi illərdə rejimin məhdudiyyətlərini yararaq milli dirçəlişə, gələcək müstəqil inkişafa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Bu əsaslar sırasına respublikamızın keçmiş ittifaqın aqrar əlavəsindən çıxarılaraq sənaye quruculuğu yolu ilə inkişaf etdirilməsi, müxtəlif sahələrə aid kadrların yetişdirilməsi, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin daha da zənginləşdirilməsi kimi mühüm məqamlar daxildir. Bu gün Heydər Əliyevin zamanında məqsədyönlü şəkildə yaratdığı irsdən kənarda istər iqtisadiyyatımız, istərsə də mədəniyyətimiz çox kasıb görünər. O illərdə Ulu öndərin çox böyük səyləri hesabına yaradılan bu zəngin irs müstəqil Azərbaycanın maddi, mənəvi və mədəni əsasları qismində çıxış edir. Növbəti mərhələdə isə Heydər Əliyev Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəni, xalqı yeni intibaha istiqamətləndirdi.
Uğurların təməlində Ulu öndər Heydər Əliyevin parlaq ideyaları dayanır
Hər şey bünövrənin necə qoyulmasından asılıdır. Təməl möhkəm olarsa, ucaldılan bina da uzunömürlü olacaq, zamanın gərdişləri, müxtəlif təbiət hadisələri ona təsir göstərə bilməyəcək. Bu mənada əminliklə demək mümkündür ki, Ümummilli lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə və müdrikcəsinə yaradılan fundamental ideya əsasları müstəqil Azərbaycanın əbədiyaşarlığını təmin edəcək. 25 il müstəqil dövlət quruculuğu üçün elə də böyük zaman kəsiyi deyil. Ancaq ötən 25 ildə müstəqil Azərbaycan qərinələrə bərabər inkişaf yolu keçib, başqa dövlətlərin bir neçə onilliklər ərzində qazandıqları uğurlara imza atıb ki, bütün bunların da təməlində Ulu öndər Heydər Əliyevin parlaq ideyaları dayanır.
1993-cü ilin yayında Azərbaycan kövrək müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Gəncədə qardaş qanının axıdılması ilə ölkədə hər an ağır fəsadlara yol açacaq vətəndaş müharibəsi alovlana bilərdi. Ermənilərin Azərbaycandakı qarışıqlıqdan istifadə edərək işğalın miqyasını genişləndirmələri vəziyyəti daha da ağırlaşdırırdı. Cəbhədən yeni itkilərlə bağlı, demək olar ki, hər gün ağır xəbərlər gəlirdi. Bütün bunların üstünə iqtisadiyyatın çökməsi, dövlət qurumlarının fəaliyyətinin iflic vəziyyətə düşməsi, istehlak bazarında kəskin qıtlıq yaranması kimi ciddi narahatlıq yaradan faktları da əlavə etsək, Azərbaycanın çoxlarına ümidsiz görünən durumu barədə konkret təsəvvür yaranar. Respublikamız “olum, ya qalım” dilemması ilə üzləşmişdi. Belə ağır vəziyyətdə Azərbaycan xalqı ən doğru seçim edərək sınanmış lideri Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Bu çağırış xalqın özünün böyük oğluna inamının və güvəninin ifadəsi idi.
Açıq deyək, belə qeyri-müəyyən durumda siyasi hakimiyyətə gəlmək böyük məsuliyyət idi. O dövrdə çoxları gələcək karyeralarının korlanmasından ehtiyatlanaraq kənara çəkilmişdi və necə deyərlər, suların durulmasını gözləyirdilər. Heydər Əliyev isə ambisiyalardan uzaq, qəlbi xalq və Vətənlə döyünən bir siyasətçi idi. Ürəyində daim böyük Azərbaycan sevgisi gəzdirən Heydər Əliyev Ona ehtiyac duyulduğu məqamda kənara çəkilib şəxsi həyatını yaşaya bilməzdi. Buna görə də O, milyonlarla insanın çağırışını cavabsız qoymadı, çətin, kritik dönəmdə Azərbaycanın rəhbərliyinə gəlməyə razılıq verdi.
Ulu öndər 15 iyun 1993-cü il tarixində respublika Ali Sovetinin Sədri, həmin il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçildi. Uzaqgörən siyasətçi Heydər Əliyev yaxşı başa düşürdü ki, ölkədə siyasi diletantların - AXC-”Müsavat” qaragüruhunun yaratdığı anarxiyaya, özbaşınalığa, qarşıdurmalara, milli zəmində separatizmə son qoymadan iqtisadiyyatda, orduda və digər sahələrdə vəziyyəti düzəltmək mümkün olmayacaq. Buna görə də Ulu öndər Özünəxas müdrikliklə respublikada sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olması istiqamətində qəti addımlar atdı.
Heydər Əliyevin qəbul etdiyi mühüm qərarlar cəmiyyətin sosial sifarişinə əsaslanırdı. O, əmək kollektivlərinin nümayəndələri ilə, gənclərlə, ziyalılarla çoxsaylı görüşlər keçirir, regionlara səfərlərə gedir, ictimai rəyi öyrənirdi. Belə görüşlərdə qaldırılan məsələlər, ümumiyyətlə, xalqın arzu və istəyi sonradan Heydər Əliyevin verdiyi qərarlarda mütləq nəzərə alınırdı. Beləliklə, Ulu öndər cəmiyyətdə konsensus, vətəndaş həmrəyliyi yaratmağa nail oldu. Heydər Əliyevin müdrikliyi, parlaq ideyaları Azərbaycanın gələcək inkişafının mayakına çevrildi. Ümummilli liderin böyük səyləri hesabına cəmiyyətdə bərqərar edilən sabitlik ölkənin bütün potensialını ümumi məqsədlər naminə səfərbər etməyə imkan verdi. Heydər Əliyevin çox böyük səyləri hesabına vətəndaş müharibəsi təhlükəsindən qurtulan Azərbaycan quruculuğa, inkişafa istiqamətləndi.
Ulu öndərin ideyaları ölkənin perspektiv, uzunmüddətli inkişaf hədəflərini əhatə edir
Dövlət siyasətini günün reallıqları ilə məharətlə uzlaşdıran müdrik siyasətçi Heydər Əliyev, eyni zamanda, gələcək barədə düşünürdü. Ulu öndərin ideyaları ölkənin perspektiv, uzunmüddətli inkişaf hədəflərini əhatə edirdi. Heydər Əliyev Özünəxas müdrikliklə müəyyənləşdirmişdi ki, gələcək hərtərəfli inkişaf üçün respublikanın iqtisadi potensialından səmərəli istifadə etmək və güclü maliyyə imkanları yaratmaq lazımdır. Böyük ənənələrə malik neft sənayesini dirçəltmək, dənizdə zəngin karbohidrogen ehtiyatlarının işlənməsini təmin etmək müstəqil Azərbaycanın möhkəmlənməsi, inkişafı və güclü dövlət kimi dünyaya inteqrasiya etməsi üçün çox vacib amil idi. İndiyədək respublikada çoxillik neft hasilatı milli maraqlarımızın təmin olunmasına xidmət etməmişdi. Azərbaycanda neft hasilatından və emalından əldə olunan gəlirlər keçmiş ittifaqın büdcəsinə yönəldilmişdi. Ulu öndərin hazırladığı yeni neft strategiyasında isə milli sərvətdən ilk növbədə milli maraqların təmin olunması məqsədilə istifadə edilməsi prinsipi əsas götürülmüşdü. Yeni neft strategiyasında Xəzərin Azərbaycan sektorunda aşkarlanan karbohidrogen ehtiyatlarının transmilli şirkətlərin cəlb edilməsi ilə işlənməsinin, hasilatın pay bölgüsünün, neft gəlirlərindən istifadə olunmasının ən səmərəli, milli maraqlarımıza uyğun ən optimal mexanizmləri müəyyənləşdirilib.
Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Sonralar Azərbaycana böyük nüfuz qazandıran, geniş iqtisadi və maliyyə imkanları açan uğurlu enerji siyasətinin əsası da məhz Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına imzalanan bu müqavilə ilə qoyulub.
Beləliklə, “Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başladı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlanıldı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Eyni zamanda, hazırda ölkəmiz xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir.
Ümumiyyətlə, Azərbaycan “Əsrin müqaviləsi” ilə başlayan uğurlu enerji siyasəti sayəsində qısa müstəqillik tarixində nəhəng layihələri reallaşdırmağa qadir olan güclü dövlətə çevrilib. Bu gün ölkəmiz Cənubi Qafqazda əsas söz sahibidir. Respublikamızın iştirakı olmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyil. Hazırda Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qlobal əhəmiyyət daşıyan daha bir enerji layihəsi - “Cənub” qaz dəhlizi layihəsi reallaşdırılmaqdadır.
Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberalizm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır
Azərbaycanın qlobal arenada tanınması, müsbət imicinin formalaşdırılması, vahid komandanlığa tabe olan ordu quruculuğu kimi çoxsaylı prioritetləri sırasında əsas məsələlərdən biri də düzgün iqtisadi inkişaf yolunun seçilməsi idi. Uzaqgörən siyasətçi olan Heydər Əliyev ciddi şəkildə nəzərə alırdı ki, ölkənin iqtisadi dayaqlarını möhkəmlətmədən qarşıda duran taleyüklü məsələlərin həllinə nail olmaq mümkün deyil. Ölkənin iqtisadiyyatında durum isə arzuedilən səviyyədən çox-çox uzaq idi. Respublikanın Ondan əvvəlki rəhbərliyi milli iqtisadiyyatı inkişaf etdirmək, zənginləşdirmək yox, daha çox talamaq naminə canfəşanlıq göstərmişdi. Yeni istehsalatların yaradılmaması bir yana, olan-qalan müəssisələrin də maddi-texniki bazası dağıdılmış, təchizat-istehsal zənciri qırılmışdı. Elə keçmiş sovet rejimindən miras qalan idarəçilik metodu da yeni şəraitdə hər cür təşəbbüsün, rəqabət mühiti yaradılmasının qarşısında, necə deyərlər, “Çin səddinə” çevrilmişdi. Stereotipləri aradan qaldırmadan yeni dövrün iqtisadiyyatını da qurmaq mümkün deyildi. Bütün bunları nəzərə alan Heydər Əliyev qəti şəkildə belə müəyyənləşdirdi: Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberalizm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. Ümummilli lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirmişdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Ümummilli lider Heydər Əliyevin çətin vəziyyətdə olan respublikanın gələcək iqtisadi inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiya konkret məqsədlərə çatmağa hesablanmışdı. Bu strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artacaq, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı güclənəcək, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yaranacaq, fəal insanların məşğulluğu təmin olunacaq və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşacaqdı.
Eyni zamanda, müdrik siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, müvafiq qanunvericilik bazası yaradılmadan, hüquqi-normativ sənədlər qəbul edilmədən ölkədə liberal bazar iqtisadiyyatına keçidi təmin etmək, yeni mülkiyyət münasibətləri formalaşdırmaq, sahibkarlığın arzuedilən səviyyədə inkişafına nail olmaq mümkün deyil. Ümummilli liderin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosial yönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin edib və respublikamızda özəl bölmənin inkişafına təkan verib.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə sərbəst bazar iqtisadiyyatının özəyi sayılan sahibkarlığın inkişafı üçün zəruri hüquqi baza dünya təcrübəsinə uyğun olaraq ardıcıl surətdə təkmilləşdirilib. İlk növbədə onu vurğulayaq ki, Ulu öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb.
Heydər Əliyev azad sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin və yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlərin sırasında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, 1999-cu il 7 yanvar tarixli “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanları, 1997-ci il 24 iyun tarixli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” xüsusi yer tuturdu. Prezident Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılmasının ölkəmizdə liberal iqtisadiyyatın bərqərar olmasında rolu əvəzsizdir. İqtisadi İnkişaf Nazirliyi və onun Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Fondu müəyyənləşdirilən strategiyaya uyğun olaraq özəl bölmənin inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir, bu sahədə hədəflənən nəticələrin əldə olunmasına çalışır. Prezident Heydər Əliyevin təsdiqlədiyi “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” sahibkarlıq infrastrukturunun yaradılması, sahibkarlara dövlət maliyyə dəstəyi sisteminin formalaşdırılması, vergi yükünün azaldılması, onlara zəruri texniki yardım göstərilməsi və s. tədbirləri nəzərdə tuturdu. Prezident Heydər Əliyevin imzaladığı “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması”, “Sahibkarlara Kömək Milli Fondunun yaradılması” və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanlar iş adamlarının müdafiəsinə, onların hüquqlarının qorunmasına, şəffaflığın təmin edilməsinə, ümumiyyətlə, özəl bölmənin inkişafına hesablanan çoxsaylı tədbirləri əhatə edirdi.
Ulu öndərin təşəbbüsü əsasında Azərbaycanda uğurlu torpaq islahatı həyata keçirilib
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm özəlliklərindən biri ondan ibarətdir ki, burada respublikamızın potensialı, əmək ehtiyatları, tarixən yaranmış ənənələr dəqiqliklə nəzərə alınıb. Dahi öndər respublikanın iqtisadi potensialının böyük bir hissəsinin məhz aqrar sektorda cəmləşdiyini yaxşı bilirdi. Lakin ölkənin o dövrdə torpaq üzərində mövcud olan mülkiyyət münasibətləri bu zəngin potensialdan istifadə edilməsi qarşısında buxova çevrilmişdi. Ümummilli lider Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə bu buxovu sındırdı.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına start verildi. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi.
Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında, sözün əsl mənasında, dönüş yaratdı. Bu amil torpaqlardan daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirdi ki, bu da son nəticədə ölkəmizdə ərzaq məhsulları istehsalının artması ilə nəticələndi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ümummilli liderin siyasi iradəsi əsasında torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq Azərbaycanda vətəndaşlara yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən münbit torpaqları verildi. Başqa bir önəmli cəhət ondan ibarət idi ki, respublikamızın bütün vətəndaşları harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ qazandılar. Fermerlərin torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmələri, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı. Ümummilli liderin siyasi iradəsi əsasında zamanında aqrar sektorda zəruri olan bu və ya digər tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün ölkənin kənd təsərrüfatında özəl sektorun xüsusi çəkisi, demək olar ki, 100%-ə çatıb.
Prezident İlham Əliyev Ulu öndərin güclü, nüfuzlu Azərbaycan quruculuğu siyasətini uğurla davam etdirir
Siyasətdə, dövlət idarəçiliyində varisliyin təmin olunması inkişafa təkan verən fundamental amil rolunda çıxış edir. O ölkələrdə ki, varislik təmin olunur, siyasi miraslar və ənənələr qorunub saxlanılır, orada geri dönmələr də baş vermir, milli güc və enerji çəkişmələrə deyil, ardıcıl olaraq strateji məqsədlərə nail olunmasına yönəldilir. Bir neçə nəslin davamlı səylərinin nəticəsində isə ölkə güclənir, insanlarda perspektivlə bağlı böyük inam yaranır. Bu baxımdan Azərbaycanın nümunəsi ibrətamizdir. 2003-cü ildə ölkəmizdə növbəti prezident seçkiləri keçirildi və xalq Ulu öndərin siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevi müstəqil Azərbaycanın dövlət başçısı seçdi. Bu, Heydər Əliyev ideyalarına, Onun əvəzsiz irsinə sonsuz inamın ifadəsi idi. Ümummilli liderin parlaq ideyalarının nuru ilə şəxsən özünün və bütövlükdə ölkənin həyatının müsbət dinamika ilə dəyişməsinin şahidi olan milyonlarla insan İlham Əliyevin namizədliyini dəstəkləməklə onu arzulayırdılar ki, respublikada Heydər Əliyev siyasi kursu davam etdirilsin.
Öz növbəsində elə ilk gündən xalqın etimadını doğrultmağa çalışan İlham Əliyev bəyan etdi ki, Azərbaycanın dövlət başçısı postunda Onun üçün əsas vəzifə xalqın etimadını doğrultmaq və Heydər Əliyev irsini yaşatmaq olacaq. Son 13 ildə ölkə vətəndaşları Prezident İlham Əliyevin verdiyi vədə hər an sadiq qaldığının şahidi olurlar. Bu gün müstəqil Azərbaycan ölkənin hər bir vətəndaşında, dostlarımızda, xaricdə yaşayan soydaşlarımızda sonsuz qürur doğuran reallıqları ilə məhz Ulu öndərin ideyaları üzərində bərqərar olub. Prezident İlham Əliyev Ulu öndərin güclü, nüfuzlu Azərbaycan quruculuğu siyasətini uğurla davam etdirir. Heydər Əliyev ideyalarına sadiqlik Azərbaycanı regional və qlobal güc amilinə çevirib. Ölkəmizin fəal təşəbbüsləri sayəsində Ermənistan istisna olmaqla, digər qonşuların - Rusiyanın, Türkiyənin, İranın iştirakı ilə yeni əməkdaşlıq platformaları yaradılıb. Azərbaycanın davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət, ölkələrin, xalqların yaxınlaşması naminə göstərdiyi səylər bütün dünyada respublikamıza böyük hörmət qazandırıb.
Azərbaycanın qısa müstəqillik tarixində əldə etdiyi ən böyük uğurlarından biri ölkəmizin beynəlxalq imicinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri ilə sıx əlaqələr qurmağa müvəffəq olub. Ölkəmiz beynəlxalq təşkilatlarda, o cümlədən də BMT-də, Qoşulmama Hərəkatında, İƏT-də və digər nüfuzlu qurumlarda uğurla təmsil olunur. Respublikamız 2001-ci ildən Avropa Şurasının üzvüdür. Əksər Avropa qurumlarında təmsil olunan ölkəmiz, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynayaraq qurum ölkələri arasında əməkdaşlığın dərinləşməsinə özünün sanballı töhfələrini verir. Yeri gəlmişkən, ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması respublikamızın sivilizasiyalararası əlaqələrin dərinləşməsinə, o cümlədən də müsəlman ölkələri arasında əməkdaşlığın güclənməsinə necə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Azərbaycanın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi də tarixi hadisədir. Ölkəmiz, eyni zamanda, 2014-cü ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib.
Prezident İlham Əliyevin davam etdirdiyi islahatlar kursu ölkəmizdə güclü iqtisadiyyat quruculuğu üçün etibarlı zəmin yaradıb
Azərbaycanın xarici siyasətdə, sosial-mədəni sahələrdə qazandığı böyük uğurların təməlində güclü iqtisadiyyat dayanır. Ulu öndər Heydər Əliyevin başladığı və müasir mərhələdə Prezident İlham Əliyevin davam etdirdiyi islahatlar kursu ölkəmizdə güclü iqtisadiyyat quruculuğu üçün etibarlı zəmin yaradıb. Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasətində ilk növbədə özünün güclü iqtisadiyyatına istinad edir. Müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə, Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə yer alıb. Dünya Bankının təsnifatına əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.
Məlum olduğu kimi, dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması və digər mənfi xarici amillərin təsiri nəticəsində ölkəmizdə yeni şərait yaranıb. Bir sıra çətinliklərlə müşayiət olunmasına baxmayaraq, respublikamız yeni şəraitdə də inkişafın ardıcıllığını təmin etmək əzmi nümayiş etdirir. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublikamızda ötən ilin əvvəlindən başlayaraq genişməzmunlu islahatlara başlanılıb. Əvvəlki illərdə neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin edilməsinə yönəldilən sistem xarakterli tədbirlər və qeyri-neft sənayesində, aqrar sektorda, özəl bölmədə, informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə olunan nailiyyətlər qlobal böhranın respublikamıza mənfi təsirlərinin əhəmiyyətli dərəcədə azalmasını şərtləndirir.
Yeni şəraitdə başlanan islahatların əhatə dairəsi isə daha genişdir. Prezident İlham Əliyev meydana çıxan çağırışlara uyğun olaraq ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Hüseyn Paşayev
YAP Mətbuat Xidmətinin rəhbəri,
YAP Siyasi Şurasının üzvü

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31