Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis ABŞ Konqresinə etiraz etdi

Milli Məclis ABŞ Konqresinə etiraz etdi

01.07.2009 [11:40]

Azərbaycan parlamentinin müraciətində bildirilir ki, separatçı rejimə birbaşa maliyyə yardımının ayrılması Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə mənfi təsir edir
Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İqtisadi siyasət komitələrinin birgə iclası keçirilib. İclasda Milli Məclis adından ABŞ Konqresinə etiraz müraciəti qəbul olunub.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və beynəlxalq əlaqələrini genişləndirir. Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu dövlətlər strateji tərəfdaşdır. “Amma iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin Dövlət Xarici Əməliyyatlar və Aidiyyəti Proqramlar üzrə Alt Komitəsi tərəfindən qəbul olunan və baxılmaq üçün yuxarı instansiyalara göndərilən 2010-cu maliyyə ili üçün Dövlət Departamenti və xarici əməliyyat büdcə layihəsi çərçivəsində separatçı Dağlıq Qarabağ rejiminə 10 milyon ABŞ dolları məbləğində yardım edilməsi haqqında qanun layihəsi Dağlıq Qarabağ probleminin həllinə kömək etmir, əksinə vəziyyəti mürəkkəbləşdirir” - deyə komitə sədri vurğulayıb.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, dinamik inkişaf edən Azərbaycanın uğurları göz qabağındadır. ABŞ Konqresində müzakirə edilən məsələyə gəlincə, komitə sədri bundan təəssüfləndiyini deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ üçün ayrılmış 10 milyon dollar vəsaitdən azərbaycanlı icması da yararlanmalıdır.
Millət vəkili Qənirə Paşayeva isə deyib ki, hətta ABŞ özü işğal altında olan torpaqları boş, nəzarətsiz ərazilər adlandırıb: “Nəzarətsiz ərazilər isə beynəlxalq hüquqda terrorizm məkanı kimi tanınır. Belə bir əraziyə ABŞ-ın yardım ayırması düzgün deyil. Əgər bu, ABŞ-ın humanizmidirsə, niyə eyni münasibət Cənubi Osetiya və Abxaziyaya da göstərilmir?”
İclasda çıxış edənlər bu müraciətin edilməsinin vacib olduğunu bildiriblər.
çıxışlardan sonra müraciət qəbul edilib. Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi 17 iyun 2009-cu ildə ABŞ Konqresi Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin Dövlət, Xarici Əməliyyatlar və Aidiyyəti Proqramlar üzrə Alt Komitəsi tərəfindən qəbul olunmuş və baxılması üçün yuxarı instansiyalara göndərilmiş 2010-cu maliyyə ili üçün Dövlət Departamenti və xarici əməliyyatlar üzrə büdcə layihəsi çərçivəsində separatçı Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ dolları məbləğində yardım ayrılması və 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktının 907-ci əlavəsinin ABŞ Prezidenti tərəfindən illik əsasda qüvvəsinin dayandırılmasına dair səlahiyyətlərinin şərtləndirilməsi ilə bağlı qərarından narahatlığını bildirir və ona etiraz edir”.
Azərbaycan parlamenti hesab edir ki, əslində separatizmə dəstək olan bu qərar ABŞ-ın beynəlxalq münasibətlər sistemində izlədiyi xarici siyasətə ziddir. Enerji, regional təhlükəsizlik, beynəlxalq terrorla və Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə, Əfqanıstandakı hərbi əməliyyatlar, İslam dünyası ilə dialoq və digər sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu və ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi qismində çıxış etməsinə ən çox ehtiyac olduğu dövrdə bu qərar Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətinin inkişafına xidmət etmir. Azərbaycan Parlamenti bəyan edir ki, bu yardım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ-ın bütün fəaliyyətinin mahiyyəti ilə ziddiyyət təşkil edir, onun obyektivliyini və tərəfsizliyini şübhə altına alır.
Müraciətdə daha sonra vurğulanır ki, ABŞ-ın humanitar niyyətini başa düşən və onu dəstəkləyən Azərbaycan belə bir məqamı xüsusilə çatdırır ki, ABŞ-ın humanitar yardımının istiqamətləndiyi Dağlıq Qarabağ yalnız erməni icmasından ibarət deyil: “Erməni işğalı nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur qalmış Dağlıq Qarabağın azərbaycanlı icması daha çətin vəziyyətdə yaşamaqdadır və ABŞ-ın humanitar yardımından istifadə etmək imkanından məhrumdur. Belə şəraitdə ABŞ-ın separatçı Dağlıq Qarabağ qurumuna göstərdiyi yardım, Azərbaycanın işğal olunmuş ərazilərindəki birtərəfli addımları ölkəmizin suverenliyini sual altına qoymaqla bərabər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının qarşılıqlı etimad və birgə yaşayış şərtlərinin formalaşdırılmasına da imkan vermir. Təkidlə çağırırıq ki, ABŞ-ın Dağlıq Qarabağa göstərə biləcəyi hər hansı humanitar yardım Azərbaycan hökuməti ilə razılaşdırılmalı və bu məsələdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktını vurğulayan tədbirlərə üstünlük verilməlidir. Hesab edirik ki, Dağlıq Qarabağa göstərilən humanitar yardımın ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən dövlət agentlikləri vasitəsilə xərclənməsi belə tədbirlərdən sayıla bilər və bu, həm ABŞ-ın humanitar narahatlıqlarına cavab verər, həm də Azərbaycanın ərazi bütövlüyünə hörməti əks etdirər”.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresini qərar qəbul edərkən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində etnik təmizlənməyə məruz qalmış və qaçqın həyatı yaşamağa məcbur edilmiş Dağlıq Qarabağ regionunun 65 minə yaxın azərbaycanlı icmasının ABŞ yardımından təcrid olunmamasını və bu yardımın Azərbaycan hökuməti ilə məsləhətləşmələr nəticəsində həyata keçirilməsini müvafiq şəkildə əks etdirməyə və 907-ci əlavənin tamamilə ləğvinə təkidlə çağırır.

Paylaş:
Baxılıb: 1134 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30