Ölkədə əmək münasibətlərinin tənzimlənməsi böyük sosial mahiyyət daşıyır
20.04.2017 [09:22]
Əmək müqavilələrinin rəsmiləşdirilməsi insanların pensiya, əmək, istirahət və digər hüquqlarının qorunmasını, onların ayrı-ayrı sosial imtiyazlardan bəhrələnməsini təmin edir
Müstəqil Azərbaycanda məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətində sosial sferanın prioritetliyi davamlı olaraq təmin edilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bu sahədə qarşıya belə hədəf qoyulub ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Beləliklə, qarşıya qoyulan strateji hədəflər nəzərə alınmaqla ölkə miqyasında geniş sosial layihələr icra edilir, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönələn kompleks tədbirlər reallaşdırılır. Bu baxımdan 2017-ci il də istisna deyil. İlin əvvəlindən bəri Azərbaycanda bilavasitə insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn bir sıra yeni təşəbbüslər irəli sürülüb, o cümlədən Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında müvafiq sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamda isə ölkə vətəndaşlarının sosial müdafiəsinin daha dolğun şəkildə təmin olunmasına, fəal məşğul əhalinin perspektivdə qanunvericiliklə nəzərdə tutulan hüquqlardan və sosial imtiyazlardan istifadə etmələrinə hüquqi əsaslar yaradan tədbirlərin geniş spektri öz əksini tapıb.
Sərəncama əsasən, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərə dair bu günlərdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun yanında keçirilən müşavirədə ölkəmizdə həyata keçirilən sosial siyasətlə, o cümlədən də əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib. Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji prioritetləri diqqətə çatdırılıb.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizə dövlət tərəfindən sosial siyasətin mühüm istiqaməti kimi əmək münasibətlərinin tənzimlənməsinə güclü siyasi iradə nümayiş etdirilir. Lakin burada yalnız dövlətin siyasi iradəsi ilə iş bitmir. Bu məsələdə vətəndaşlar da fəallıq nümayiş etdirməlidir. Elə isə ölkəmizdə əmək münasibətlərinin sivil qaydada tənzimlənməsində, bu sahədə dövlət siyasətinin səmərəliliyinin təmin olunmasında hər birimiz hansı formada iştirak edə bilərik?
Əmək münasibətlərini rəsmiləşdirmədikdə nə itiririk?
Öncə onu bildirək ki, ölkəmizdə sosial siyasət Prezident İlham Əliyevin bəyan etdiyi “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinə uyğun həyata keçirilir və milli iqtisadiyyatımızın sosialyönümlülüyü getdikcə daha artıq dərəcədə təmin olunur. Bunu aşağıdakı statistik rəqəmlərdən də görmək mümkündür. 2004-cü ildən bəri ölkəmizdə 1,5 milyondan çox yeni iş yeri açılıb. Son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,5, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3, əmək pensiyalarının baza hissəsi 3,1, orta aylıq pensiya isə 4,7 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
O cümlədən əmək münasibətlərinin tənzimlənməsi böyük sosial əhəmiyyət daşıyır və fəal məşğul əhalinin hazırda və perspektivdə Konstitusiya, Əmək Məcəlləsi və digər qanunvericilik sənədləri ilə təsbit olunan əmək, istirahət və digər hüquqlarının qorunmasına hüquqi əsaslar yaradır. Başqa sözlə desək, əmək münasibətlərinin tənzimlənməsi ilk növbədə fəal məşğul insanlar üçün faydalıdır. Nəhayət, hər birimiz bilməliyik ki, qeyri-formal əmək bazarı işçilərlə işəgötürənlər arasında münasibətlərin qanunlar çərçivəsində nizamlanmasına ciddi əngəllər yaradır. Belə ki, rəsmi əmək müqavilələri bağlanmadığı təqdirdə işçi bədbəxt hadisə ilə üzləşdikdə, işdən qanunsuz çıxarıldıqda və bu kimi digər hallarda heç bir təzminat tələb edə bilmir. Əksinə, əmək münasibətləri rəsmiləşdirildikdə tərəflər arasında müvafiq öhdəliklər yaranır və bu öhdəliklərin yerinə yetirilməsi işçilərin ayrı-ayrı sosial təminatlara əlçatanlığını təmin edir. Buradan bir daha aydın olur ki, əmək müqavilələrinin bağlanması hər birimizin xeyrinədir. Deməli bu məsələdə hər kəs özünün vətəndaş mövqeyini ortaya qoymalı və çalışdığı müəssisədə prinsipiallıq nümayiş etdirərək əmək münasibətlərinin tənzimlənməsi istiqamətində neqativ hallara qarşı mübarizə aparmalıdır.
Öz növbəsində əmək münasibətlərinin qabaqcıl dünya təcrübəsi və yeni yanaşmalar əsasında tənzimlənməsi, bu sahədə kütləviliyə və daha səmərəli nəticələrə nail olmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. Məhz buna görə də Baş nazirin müavini Əli Əhmədovun yanında keçirilən müşavirədə Prezident İlham Əliyev tərəfindən sözügedən istiqamətdə qarşıya qoyulan məqsədə çatmaq üçün görüləcək işlərdən danışılıb. Bura işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, işçinin hüquqlarının (istirahət, məzuniyyət, tibbi müdafiə və s.) pozulmasının qarşısının alınması, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, bu sahədəki qanun pozuntularının qarşısının alınması üçün qanunamüvafiq tədbirlərin görülməsi, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və s. bu kimi vacib məsələlər daxildir.
Xoşbəxt qocalığın qayğısına cavanlıqda qalmaq lazımdır
Əmək münasibətlərinin tənzimlənməsindən söz düşmüşkən, vaxtilə əksər Avropa ölkələrində, o cümlədən də Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də işçilər zamanında sosial sığorta ödənişləri etsələr də, pensiya hüququ yaranan vətəndaşlara “ümumi qazan”dan ayrılan təxminən eyni məbləğdə pensiya ödənilirdi. Bu halda, əlbəttə ki, pensiya yığımları heç bir maraq kəsb etmirdi. Ötən əsrin 70-ci illərindən etibarən isə ayrı-ayrı ölkələrdə vətəndaşların pensiya təminatına fərdi yanaşma prinsipinin tətbiqinə başlanılıb.
Azərbaycanda fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqinə 2006-cı ildən start verilib. Hazırda bu sistem bütün işləyən əhalini əhatə edir. Yeni pensiya islahatlarına əsasən, vətəndaşın gələcək pensiyasının məbləği fərdi hesaba toplanan kapitala bağlı olur. Fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqi gələcəkdə vətəndaşların pensiya təminatında etibarlı maliyyə mənbəyi rolunda çıxış etməklə yanaşı, həm də sığortaolunanların pensiya təminatının ədalətli həlli deməkdir. Bu gün kim başqalarından fərqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiə Fondunun müvafiq qurumundakı fərdi uçot hesabına daha çox məbləğdə sığorta ödənişi toplanmasının qayğısına qalırsa, təbii ki, gələcəkdə onun pensiyası da daha yüksək olacaq. Necə deyərlər, xoşbəxt qocalığın qayğısına hələ cavan ikən qalmaq lazımdır.
Sevindirici haldır ki, respublikamızda fərdi uçot əsaslı pensiya təminatı sisteminə maraq getdikcə artır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2016-cı il ərzində də artmaqda davam edib. Belə ki, 2016-cı il ərzində əlavə olaraq 191 754 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da fərdi uçot sisteminin əhatə etdiyi vətəndaşların sayı cari ilin 1 yanvar tarixinə 3 371 908 nəfərə çatıb. 2016-cı ildə fondun gəlirləri 2015-ci ilə nisbətən 262,69 milyon manat və ya 9,01 faiz artaraq 3177,34 milyon manata yüksəlib. Müsbət məqam ondan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fonduna qeyri-büdcə sektorundan daxilolmalar artıb. Belə ki, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,44 faiz və ya 116,23 milyon manat artaraq 1921,35 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,54 faizini və ya 1220,78 milyon manatını təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz və ya 66,91 milyon manat çoxdur. Qeyd edək ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2017-ci il tarixinə 15281 nəfər və ya 1,2 faiz artaraq (o cümlədən yaşa görə 0,1 faiz, ailə başçısını itirməyə görə 3,8 faiz, əlilliyə görə 2,4 faiz artmışdır) 1 315 227 nəfər təşkil edib.
Əmək müqaviləniz varsa, icbari tibbi sığorta sizə daha yaxın olacaq
Qeyd olunduğu kimi, əmək münasibətlərinin tənzimlənməsi vətəndaşların müxtəlif sosial imtiyazlara əlçatanlığının daha da genişləndirilməsini təmin edəcək. Bu məqamda məlumat üçün bildirək ki, respublikamızda cari ildən sosial məzmunlu yeni bir layihənin icrasına start verilib. Söhbət icbari tibbi sığortanın tətbiqinə başlanılmasından gedir. Hələlik icbari tibbi sığortanın tətbiqinə pilot layihə kimi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində başlanılıb.
Qeyd edək ki, tibbi sığorta üzrə baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr də tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Tibbi sığorta zərfinə həmçinin cərrahiyyə əməliyyatları, o cümlədən müəyyən bahalı əməliyyatlar da daxil edilib. Əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlamaq mümkün olacaq.
Göründüyü kimi, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaşlar keyfiyyətli tibb xidmətlərindən bəhrələnmək imkanı qazanıblar. Lakin burada da vətəndaşlar üçün yeganə əngəl onların zamanında əmək münasibətlərini rəsmiləşdirmək qayğısına qalmamaları ola bilər. Belə ki, işəgötürənlə əmək münasibətlərini rəsmiləşdirməyən, əmək müqaviləsinin bağlanmasına etinasız yanaşanlar icbari tibbi sığortanın üstünlüklərindən bəhrələnə bilməyəcəklər. Necə deyərlər, əmək müqaviləniz varsa, icbari tibbi sığorta sizə daha yaxın olacaq.
Ekspertlər də bu qənaətdədirlər ki, əmək müqavilələrinin bağlanılması ilk növbədə işçinin özü üçün lazımdır
Yeri gəlmişkən, ekspertlər də əmək münasibətlərinin tənzimlənməsinin vətəndaşların əmək, istirahət və digər hüquqlarının təmin olunması baxımından önəmini yüksək qiymətləndirirlər. Qəzetimizə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev ölkəmizdə aparılan pensiya islahatlarına diqqət çəkərək vurğulayıb ki, son illərdə bu sahədə optimal icra mexanizminin yaradılması, şəffaflığın təmin olunması və ədalət prinsipinin gözlənilməsi üçün önəmli addımlar atılıb. Millət vəkili bildirib ki, vətəndaşların əmək müqavilələrini vaxtında rəsmiləşdirmələri onların gələcəyi üçün böyük üstünlüklər qazandırır. Rauf Əliyevin sözlərinə görə, fərdi hesaba malik hər bir şəxs özünün gələcək pensiya kapitalı haqqında geniş məlumat almaq imkanına da malikdir. “Respublikamızda “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən onlayn qaydada faydalanmaq imkanları yaradılıb. Vətəndaşların əmək müqavilələrini vaxtında rəsmiləşdirmələri onların gələcəyi üçün böyük üstünlüklər qazandırır”, - deyə Rauf Əliyev vurğulayıb.
“Azərbaycan əmək münasibətlərinin tənzimlənməsi məqsədilə qabaqcıl təcrübədən və bir sıra innovativ vasitələrdən istifadə edir. Son vaxtlarda respublikamızda əmək müqavilələrinin bağlanmasına, həmçinin onların elektron qaydada rəsmiləşdirilməsinə böyük diqqət göstərilir. Bu gün əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı aparılan təhlillər bir daha təsdiqləyir ki, əmək müqavilələrinin bağlanılması ilk növbədə işçinin özü üçün lazımdır”. Bunu isə qəzetimizə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. İqtisadçı ekspert vurğulayıb ki, burada işçi-işəgötürən-dövlət zənciri yaranır. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə işçi bir sıra hüquqlarını təmin etmiş olur, işəgötürənin konkret öhdəlikləri yaranır, dövlət isə tərəflərin öz vəzifələrini yerinə yetirmələrinin hüquqi əsaslarının qarantı rolunda çıxış edir. “Hər bir işçi əmək müqavilələrinin bağlanmasında maraqlı olmalıdır. Əmək müqaviləsi olan işçi bir sıra sosial ödənişlər həyata keçirir. Bütün bunlar isə, necə deyərlər, onun dar gününün dayağıdır. Ümumiyyətlə, əmək müqavilələrinin bağlanması işçinin sosial təmintı, əmək hüquqlarının qorunması baxımından çox önəmlidir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

