Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman mühüm əhəmiyyətə malikdir

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman mühüm əhəmiyyətə malikdir

27.01.2017 [10:07]

Ekspertlərin fikrincə, bu Fərman şəffaflığın təmin olunmasında da əsaslı rol oynayacaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Nazirlər Kabinetinə sənəddə göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən etmək, eləcə də Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Bununla yanaşı, Fərmanda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək həvalə edilib.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov sosial məsələlərin, əhalinin rifah halının yüksəldilməsinin hər zaman ölkə Prezidentinin diqqət mərkəzində olduğunu deyib. Aztəminatlı ailələrin, təqaüdçülərin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial problemlərinə hər zaman həssaslıqla yanaşıldığını önə çəkən komitə sədri qeyd edib ki, mütəmadi olaraq imzalanan Fərman və sərəncamlara əsasən əməkhaqları, pensiyalar artırılır, yeni sosial obyektlər istifadəyə verilir, insanları narahat edən məsələlər aradan qaldırılır. Onun sözlərinə görə, bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini də mühüm addım kimi qiymətləndirən E.İbrahimov bu faktı həyata keçirilən uğurlu sosial siyasətin davamı adlandırıb.
“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı isə dövlət siyasətinin əsasında dayanan məsələlərdən biridir. Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemləri ilə yerində tanış olur, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində tapşırıqlar, göstərişlər verir. Məcburi köçkünlərə vahid aylıq müavinətin təyinatı, onun ünvanlılığının təmini bir sıra kontekstlərdən mühüm əhəmiyyətə malikdir. Bu, sosial ədalətin, şəffaflığın təminatında da əsaslı rol oynayacaq. Digər tərəfdən, kommunal xidmətlərdən istifadədə qənaət edən şəxslər veriləcək müavinətləri şəxsi məqsədlərinə yönəltmək imkanı əldə edəcəklər. Ən əsası isə, bu prosesdə bir sıra sənədləşmə işləri vardı ki, bu da sadələşəcək. Yəni əvvəllər məcburi köçkün ailələri onlara verilən kommunal xidmətlərlə bağlı limitləri təsdiqlətmək üçün bir sıra arayışlar təqdim etməli, onları təsdiqlətməli idilərsə, artıq buna ehtiyac qalmayacaq. Artıq həmin məbləğ şəxslərə təqdim olunacaq. Yəni proses asanlaşdırılıb. Ölkə Prezidenti məcburi köçkün vətəndaşlarımızın yanında olduğunu, onların rifah halının yüksəldilməsi üçün çalışdığını bir daha bu Fərmanla ortaya qoymuş oldu”, - deyə E.İbrahimov vurğulayıb.
Dövlət başçısının Cəbrayıl rayonunun erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamının da əhəmiyyətinə toxunan YAP İdarə Heyətinin üzvü bu qərarın bütün xalqımızda böyük ruh yüksəkliyi yaratdığını deyib. “Bu, o deməkdir ki, əgər bu gün Cocuq Mərcanlıya qayıdırıqsa, sabah da Laçına, Şuşaya və digər ərazilərimizə qayıdacağıq. Ölkə Prezidentinin məlum Sərəncamı bu baxımdan da yüksək dəyərə malikdir”, - deyə E.İbrahimov qeyd edib.
Milli Məclisin deputatı Azər Badamov da bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsasını Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması təşkil edir. Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərmanın əhəmiyyəti olduqca yüksəkdir. A.Badamov ötən illər ərzində də qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlərin görüldüyünü diqqətə çatdırıb: “2003-cü ildə möhtərəm Prezidentimizin ölkəmizdə çadır şəhərciklərinin ləğv ediləcəyi haqda vədi qısa zaman kəsiyində tam şəkildə yerinə yetirildi. Artıq qaçqın və məcburi köçkünlərin yaşaması üçün hər cür şəraiti olan yeni qəsəbələr salınıb. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər görülməkdədir. Bunun nəticəsidir ki, məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 7 milyard dollara yaxın vəsait sərf olunub. Salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, məktəblər, mədəniyyət mərkəzləri, uşaq bağçaları və digər vacib obyektlər istifadəyə verilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti, ölkə Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onların problemlərinin həllinə çalışır. Bir neçə gün öncə cənab Prezidentimizin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərman da bu siyasətin davamıdır. Bu Fərman həm şəffaflığın təmin olunmasına, həm də vahid müavinət alan şəxslərin müstəqil şəkildə həmin vəsaiti xərcləməsinə imkan yaradacaq. Yəni məcburi köçkünlərin həmin vəsaiti hansı istiqamətə xərcləməsi və ya qənaət etmə imkanı onların öz ixtiyarına buraxılır. Bu Fərmanı çox mütərəqqi addım hesab edirəm. Məcburi köçkünlər bu Fərmanı çoxdan gözləyirdilər”.
Millət vəkili bildirib ki, Azərbaycanda dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının dayanması faktı bir daha öz təsdiqini tapır. Ölkə Prezidentinin, dövlətimizin aztəminatlı ailələrə, eləcə də məcburi köçkünlərə xüsusi diqqət ayırması ölkəmizin qüdrətinin göstəricisidir: “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi və bu müavinətin birbaşa şəxsə ödənilməsi ayrı-ayrı strukturlarda sənədləşmələrlə bağlı prosedurların, bürokratik məsələlərin aradan qalxmasına imkan verəcək. Cənab Prezidentin imzaladığı bu Fərman hər bir məcburi köçkünü sevindirən çox mütərəqqi bir addımdır”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31