/ / Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır
Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır
16.12.2016 [10:15]
Prezident İlham Əliyev: İqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır
Bir sıra mənfi amillərlə səciyyələnən aşağı neft qiymətləri dövründə Azərbaycan bütünlüklə yeni şəraitin doğurduğu çətinlikləri maksimum dərəcədə az itkilərlə aradan qaldırmağa və perspektivdə ölkənin sosial-iqtisadi inkişafının ardıcıllığını təmin etməyə hesablanan yeni nəsil islahatlara köklənib. Cari ilin əvvəlindən etibarən ölkə iqtisadiyyatının yeni şəraitə uğurla adaptasiya olunmasını və gələcək inkişaf üçün optimal şərait yaradılmasını təmin etmək məqsədilə mühüm qərarlar qəbul olunub. Bu günlərdə isə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərman imzalayıb. Fərmana əsasən, təsdiqlənən strateji yol xəritələrindən biri milli iqtisadiyyat perspektivini əhatə edir. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yaxın, orta və uzunmüddətli perspektivdə qarşıya konkret məqsədlər və hədəflər qoyulub. Strateji Yol Xəritəsində qeyd edildiyi kimi, yeni iqtisadi reallıqların milli iqtisadiyyata mənfi təsirlərini minimuma endirmək, xarici və daxili balansı korreksiya etməklə makroiqtisadi sabitliyi qorumaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olmuşdur. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan institusional islahatların əhatə dairəsi daha da genişləndirilib, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi - vergi və gömrük idarəetməsinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli addımlar atılıb.
Həyata keçirilən islahatların ilkin nəticələrinə əsasən milli iqtisadiyyatın inkişaf perspektivləri ilə bağlı nikbinlik ifadə etmək mümkündür. Aparılan islahatların təsiri qısa müddətdə biznes və investisiya aktivliyində öz əksini tapıb. Mütəxəssislərin qənaətinə görə, başlanan islahatların səmərəsi ortamüddətli dövrdə daha da artacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində islahatların ilkin nəticələrindən məmnunluğunu ifadə edərək həyata keçirilən tədbirlər nəticəsində gələn il respublikamızda idxalın azalacağına, ixracın isə artacağına əminliyini ifadə edib: “... Biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq”.
Azərbaycan inamlı siyasətində öz iqtisadiyyatına əsaslanır
İqtisadiyyat hər bir ölkənin ümumi inkişafını şərtləndirən əsas faktor qismində çıxış edir. Güclü milli iqtisadiyyata malik dövlətlər bir qayda olaraq öz daxili və xarici siyasətlərində daha qətiyyətli mövqedən çıxış edirlər. Müstəqillik illərində Azərbaycan da məhz bu yolu tutaraq davamlı şəkildə öz iqtisadiyyatını möhkəmləndirib. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasındakı çıxışında iqtisadi müstəqilliyin inkişafımızın əsas faktoru qismində çıxış etdiyini nəzərə çatdıraraq deyib: “Enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz sərvətimizə güvənməyimiz inkişafımızın aparıcı qüvvəsi olmuşdur”.
Ötən dövrdə respublikamızda yaradılan güclü baza yeni şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara müqavimət gücünü artırır. Bəhs olunan Strateji Yol Xəritəsində də qeyd edildiyi kimi, Azərbaycan neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yüksək yığım və nisbətən kiçik xarici borc, yoxsulluğun azaldılması, özəl sektorun ÜDM-də payının yüksək həddə çatdırılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində uğurlara imza atıb. Son 13 ildə əldə olunan uğurlar nəticəsində Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə 2004-2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib, ÜDM-in nominal həcmi isə 7,6 dəfə artıb. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədədir.
Əlamətdar haldır ki, ölkəmizin 2004-cü ildən bəri dinamik iqtisadi inkişafı bütün dünyada nümunəvi bir model kimi qəbul edilib. Beynəlxalq miqyaslı reytinq agentlikləri respublikamızın iqtisadi inkişaf göstəricilərini yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində qlobal miqyasda böhran yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının dünyanın iqtisadi mərkəzləri tərəfindən yüksək qiymət almasına diqqət çəkərək vurğulayıb: “Apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq”.
Bəhs olunan hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir. Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsi ilə nəticələnib. Dünya Bankının təsnifatına əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olub.
Yuxarıda sadalanan statistik göstəricilər respublikamızın güclü iqtisadi dayaqlara malik olması barədə konkret təsəvvür yaradır. Müstəqil Azərbaycan milli maraqları əsas götürməklə həyata keçirdiyi inamlı daxili və xarici siyasətində məhz özünün güclü iqtisadiyyatına əsaslanır.
Yaxın, orta və uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı yeni əsaslar üzərində inkişaf edəcək
Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan yeni şəraitdə də öz inkişafının ardıcıllığını təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasındakı çıxışında xüsusi olaraq vurğulayıb ki, iqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır.
Ölkəmizdə davamlı inkişafın təmin edilməsi baxımından milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qarşıya qoyulan məqsədlər və müəyyənləşdirilən hədəflər xüsusi aktuallıq daşıyır. Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır. Strateji Yol Xəritəsində vurğulanır ki, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır. Dövlət başçısının bəhs olunan Fərmanı ilə təsdiqlənən strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Milli iqtisadiyyat üzrə 2020-ci ilədək strateji baxış Azərbaycan iqtisadiyyatının əvvəlcə xarici şokların mənfi təsiri nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün qısamüddətli dönəmdə sabitləşdirilməsinə, ortamüddətli dönəmdə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xəttinin bərpa edilməsinə, dövrün sonunda isə dünya iqtisadiyyatına daha çox inteqrasiya etməklə rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Sənəddə qeyd olunduğu kimi, 2020-ci ilədək strateji baxış 2025-ci il və ondan sonrakı dövr üçün qurulacaq iqtisadiyyatın təməllərinin inkişafına xidmət edəcəkdir.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində dörd əsas strateji məqsəd nəzərdə tutulub və eyni sayda strateji hədəf müəyyənləşdirilib. Bu hədəflərdən biri fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi ilə bağlıdır. Sənəddə vurğulanır ki, fiskal siyasət üçün çərçivənin təmin edilməsi və təbii ehtiyatlardan əldə olunan gəlirlərə kifayət qədər qənaət edilməsi üçün görülən tədbirlərlə yanaşı, Azərbaycanın təbii ehtiyatlarının düzgün idarə edilməsi məsələsi də nəzərdən keçirilir. Təklif edilən əsas institutlar bunlardır: neft gəlirlərindən rasional istifadə edilməsi üçün “qızıl qayda” yanaşması və dövlət borcunun idarə edilməsi üçün zəruri fiskal çərçivə.
İqtisadi potensialın daha da gücləndirilməsi üçün monetar və fiskal çərçivələrin qarşılıqlı əlaqəsi ilə yanaşı, digər strateji məqsəd özəlləşdirmə və dövlət müəssisələrində islahatlarla bağlıdır. Sənəddə dövlət səhmdarlığı yanaşmasının qəbulu və dövlət müəssisələrinin islahat proqramının həyata keçirilməsi nəticəsində dövlət sektorunun iqtisadiyyatdakı səmərəliliyinin yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. Ümumiyyətlə, ölkəmizin mövcud reallıqları, güclü iqtisadi potensialı və qlobal çağırışlar nəzərə alınmaqla hazırlanan sənədə əsasən deyə bilərik ki, yaxın, orta və uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı yeni əsaslar üzərində inkişaf edəcək.
İnsan kapitalının inkişafının Azərbaycanın strateji məqsədləri sırasında yer alması ölkəmizin reallıqları ilə bağlıdır
Dünyanın hazırkı mənzərəsinə nəzər saldıqda aydın şəkildə görünür ki, neftlə və digər təbii ehtiyatlarla zəngin olan ölkələr heç də inkişafın zirvəsində dayanmırlar. Əksinə, təhsilə, kreativ gənclərin formalaşmasına, idarəetmədə müasir yanaşmalara, yeni texnologiyalara üstünlük verən dövlətlər öz ölkələrində həm yüksək iqtisadi inkişafı, həm də əhalinin durmadan yüksələn sosial rifahını təmin etməyə nail olurlar. Azərbaycan da məhz bu yolu tutub. Ölkəmizdə müasir dünya çağırışlarına uyğun olaraq insan resurslarının inkişafı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasındakı çıxışında ölkəmizi fərqləndirən bu vacib cəhəti bir daha xatırladaraq deyib: “Qara qızıl adlandırdığımız neftin insan kapitalına çevrilməsi dövlət siyasətimiz olmuşdur”.
Ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyən edilərək icra olunmuş və hazırda icra olunan bir sıra strategiya, Dövlət proqramları və konsepsiyalarda da öz əksini tapıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir. Eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları da ölkədə insan kapitalının inkişafına xidmət edən mühüm dövlət sənədləridir. Qeyd edək ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün açıqladığı “İnsan Kapitalı İndeksi” hesabatında Azərbaycan 124 ölkə arasında orta sıralarda (63-cü) yer almaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlayıb.
İnsan kapitalının inkişafı yeni şəraitdə xüsusi aktuallıq daşıyır. Təsadüfi deyil ki, insan kapitalının inkişaf etdirilməsi bəhs olunan Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflər sırasında yer alır. Sənəddə insan kapitalının inkişafı rəqabətli, inklüziv və dayanıqlı iqtisadi məqsədlərə nail olmaq üçün göstərilən səylərin tərkib hissəsi kimi səciyyələndirilir. Strateji Yol Xəritəsində insan kapitalının əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynadığı vurğulanıb. İnsan kapitalının inkişafına nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur. Bunu əsas tutaraq, Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənəcəkdir.
Nəzərdə tutulan tədbirlər ölkədə özəl sektorun inkişafına yeni imkanlar açacaq
Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan bütün sahələrdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edir. Bu cəhətdən ölkəmizdə qlobal çağırışlar və daxili imkanlar nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü iqtisadi kurs da istisna deyildir. Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söhbət açaraq bildirib: “Sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilir. Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır”.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb.
Təbii ki, hər dövrün spesifik cəhətləri var. Qlobal mənfi təsirlər nəticəsində yaranan mövcud iqtisadi şərait də özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən siyasətə və sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirlərinə yeni yanaşma tələb edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində yeni şəraitdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri nəzərə çatdıraraq vurğulayıb: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar”.
Strateji Yol Xəritəsində müəyyənləşdirilən növbəti hədəfin biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı olması respublikamızda özəl bölmənin inkişafına göstərilən siyasi iradənin daha bir ifadəsidir. Sənəddə vurğulanır ki, fiskal və monetar siyasət nəticəsində iqtisadiyyata veriləcək təkanlar əlverişli biznes mühiti şəraitində mövcud resurslardan daha səmərəli istifadəyə imkan yarada bilər. Şübhə yoxdur ki, iqtisadiyyatı dəstəkləmək üçün biznes mühitinin yaxşılaşdırılmasına daha müfəssəl yanaşma milli iqtisadiyyatın əsas sektorlarından olan özəl bölmənin qarşısında yeni imkanlar açacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

