Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövləti insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır

Azərbaycan dövləti insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır

24.11.2016 [10:04]

Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi olub. Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Dövlət başçısının birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər hüquq və azadlıqların müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan hüquqları günü elan olunub. Sərəncama görə, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunmalıdır. Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin fikrincə, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı irəliləyişlərə nail olub: “Azərbaycanda demokratiyanın və insan hüquqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb. Azərbaycanın müstəqilliyinin bərpasından qısa bir vaxt - 25 il keçsə də, hüquqi dövlət quruculuğu istiqamətində çox böyük bir yol qət olunub. Ölkəmizdə demokratiyanın və insan hüquqlarının ən yüksək səviyyədə qorunması üçün Milli Məclisdə mütərəqqi qanunlar qəbul edilib, beynəlxalq konvensiyalar təsdiqlənib. Azərbaycanda qəbul olunmuş bir neçə qanun beynəlxalq səviyyədə model qanun kimi istifadə edilir”.
Onun sözlərinə görə, dövlətimiz insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirir. Buna nümunə olaraq Milli Fəaliyyət Proqramının qəbul edilməsini göstərmək olar. Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə də BMT-nin təcrübəsindən istifadə olunduğunu deyən komitə sədri deklarativ bir sənədə çevrilməməsi üçün proqramın icrasının yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Bu proqramı səciyyələndirən əsas xüsusiyyətlərdən biri də sənədin vətəndaş cəmiyyəti ilə birlikdə icra olunması məsələsidir. Sevindirici haldır ki, ötən dövrdə proqram uğurla həyata keçirilməkdədir”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov da bildirib ki, Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Onun sözlərinə görə, ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub: “Bu amil dövlətimizin insan haqlarının qorunmasına nə qədər böyük önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycan hüquqi-demokratik dövlət olaraq hər zaman insan hüquqlarının təminatına böyük önəm verir. Qeyd edim ki, Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar. Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi mövcuddur, mətbuat üzərində senzura yoxdur, vətəndaş cəmiyyəti daim inkişaf edir. Bələdiyyələrin, ombudsman institutunun formalaşdırılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də digər bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır”.
Y.Abramov deyib ki, bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Millət vəkilinin sözlərinə görə, bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir: “İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. Konstitusiyamızın 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təminatı, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır”.
Yuxarıda qeyd olunduğu kimi, ölkəmizdə insan hüquqları Konstitusiya çərçivəsində qorunur və Əsas Qanunun üçdə iki hissəsi məhz insan hüquqlarına həsr edilib. Bununla yanaşı, ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə də bu faktor daim prioritet olub. Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin 26 sentyabrında ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna edilən dəyişikliklərdə də insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilir. Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib ki, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas məqsədi insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərini müəyyənləşdirməkdir. Onun sözlərinə görə, bu dəyişikliklərin əksəriyyəti 15 maddəyə olmaqla Konstitusiyanın İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilib. Bu, ümumi dəyişikliklərin təqribən 60 faizdən artıq hissəsidir və dövlətin insan hüquqlarının müdafiəsi və təmin edilməsində rolunu gücləndirir.
“Belə ki, əsas qanunda şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaşlıq hüququnun təminatı, seçki, birləşmək, müraciət, azad sahibkarlıq hüquqları ilə bağlı maddələrə dəyişikliklər edilib. İnsan ləyaqətinin qorunması insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi kimi müəyyən edilib. Bu isə bu anlayışın yalnız Konstitusiyanın 46-cı maddəsində əks olunan ayrıca bir hüquq kimi deyil, bütün hüquq və azadlıqların təmin edilməsinə nüfuz edən prinsip olmasını təmin edir. Hüquq və azadlıqların məhkəmə təminatı adlı maddə yeni redaksiyada verilib, hüquq və azadlıqların həm məhkəmə təminatı, həm də inzibati qaydada müdafiəsi üçün prinsipial müddəalar əlavə edilib. Əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə lokautun qadağan edilməsi ilə bağlı yeni müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır”, - deyən millət vəkili əlavə edib ki, dəyişikliklərdə həmçinin mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil edilir. Bu, Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək, sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir. Bununla yanaşı, Əsas Qanuna edilən dəyişikliklərdə dövlət orqanlarını vətəndaşa münasibətdə daha məsuliyyətli edəcək, mümkün özbaşınalıq hallarının qarşısını alacaq əsaslar müəyyən edilib. “Həmçinin dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə dövlətin, dövlət qulluqçuları ilə birlikdə mülki məsuliyyəti müəyyən edilir. Oxşar məsuliyyət bələdiyyələr və bələdiyyə qulluqçuları üçün də nəzərdə tutulur”, - deyə V.Hüseynov vurğulayıb.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31