Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur
23.11.2016 [09:33]
“Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik”. Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində söylədiyi nitqində yer alan bu fikirlər Azərbaycan dövlətinin və xalqının multikultural dəyərlərə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, fərqli dinlərin və millətlərin nümayəndələrinə münasibətdə ortaya qoyduğu mövqeni dolğun şəkildə ifadə edir. Azərbaycan tolerantlığı, çoxmədəniyyətliliyi sərvətə çevirməyi bacaran azsaylı ölkələrdən biridir.
Əlbəttə, müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı olan xalqlar bəşəriyyətin əsas dəyəri olmaqla dünyamızın rəngarəngliyini təmin edirlər. Hər xalq öz zəngin adət-ənənələrini, mədəniyyətini, folklorunu, elmi-texniki nailiyyətlərini təqdim etməklə dünyanı daha da zənginləşdirir və bu zənginlik üzərində qlobal inkişaf təmin olunur. Bu mənada Azərbaycanın deyiləcək sözü və bu sözləri deməyə haqqı var. Çünki cəsarətlə deyə bilərik ki, tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı güclü dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin inkişafına güclü stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.
Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub
Birmənalı şəkildə vurğulanmalıdır ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu öndər dəfələrlə bəyan etmişdi ki, milli-dini müxtəlifliyə dözümlü yanaşma, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə inkişafının əsas prinsiplərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev böyük dövlət xadimi və praqmatik siyasətçi kimi, Azərbaycan xalqının təhlükəsizlik mühitində inkişafını təmin etmək məqsədilə multikulturalizmin daha güclü əsaslarının yaradılması və onun cəmiyyətin əsas sütunlarından biri kimi qorunması istiqamətində güclü hüquqi bazanın yaradılmasına nail oldu. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. Ümummilli liderimizin ifadə etdiyi “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udi də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır” tezisi Azərbaycanın dövlət idarəçiliyində və cəmiyyətdaxili münasibətlərin tənzimlənməsində mayak rolunu oynadı.
Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla və uğurla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Eyni zamanda, respublikamızda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır.
Azərbaycan dünyada multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir
Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir, dinlərarası, millətlərarası əlaqələrin inkişafında fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin Zirvə toplantısı da məhz ölkəmizdə baş tutub. 2016-cı ilin aprel ayında Bakı şəhəri BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, sentyabrda isə V Humanitar Foruma uğurla ev sahibliyi etdi. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması isə Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir.
Bunlarla yanaşı, Azərbaycanda həm də İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər qorunub saxlanılır, genişləndirilir, inkişaf etdirilir. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib.
Bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir.
Beləliklə, sadalananların fonunda belə bir yekun qənaəti ifadə edə bilərik ki, Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərisə ayrı-seçkiliyə məruz qoyan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Prezident İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib ki, Azərbaycan bundan sonra da dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz dəstəyini verəcək: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

