Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib

Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib

23.11.2016 [09:30]

Prezident İlham Əliyev: Müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Bu kontekstdə davamlı islahatların həyata keçirilməsini xüsusi vurğulamaq gərəkdir.
Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması demokratik inkişafa mühüm töhfədir
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi - institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Ümumiyyətlə, Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Digər tərəfdən, Azərbaycanın demokratik inkişafını təmin edən başlıca strateji amillər sırasında institusional islahatlar xüsusi yer tutur. Bu islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Demokratik inkişaf yolunda əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Azərbaycanda söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib
Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Heç şübhəsiz, demokratik, azad cəmiyyətin formalaşmasını qabaqcıl ideyaların daşıyıcısı olan mətbuatsız təsəvvür etmək mümkün deyil. Bütövlükdə, milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir.
Azərbaycanda da demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Yeri gəlmişkən, noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycanda azad medianın mövcudluğunu göstərən amillərdən biri də çap, elektron və vizual medianın sərbəst fəaliyyəti, o cümlədən əhalinin internetdən azad istifadə etməsidir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqama toxunaraq qeyd edib: “Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub”.
Sadalananlarla yanaşı, Azərbaycan mediası qlobal informasiya məkanına çıxış imkanlarına sahibdir və beynəlxalq standartları mənimsəyib.
Beynəlxalq hadisələrin obyektiv işıqlandırılmasında medianın üzərinə böyük məsuliyyət düşür
Bəhs olunan çıxışı zamanı Prezident İlham Əliyev medianın beynəlxalq hadisələrdəki roluna da toxunub. Dövlətimizin başçısı deyib ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir: “Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”.
Əlbəttə, beynəlxalq hadisələrin işıqlandırılması zamanı media qurumları obyektiv və qərəzsiz mövqedə durmalı, eyni zamanda, ayrı-ayrı ölkələrin milli maraqları və beynəlxalq hüquq normaları nəzərə alınmalıdır. Bəllidir ki, müasir dövrdə informasiya ciddi siyasi-psixoloji təsir vasitəsi kimi çıxış edir. Yəni bilik cəmiyyətinin yeni sosium növü kimi mövcud olduğu XXI əsrdə əsas təhdidlər məhz informasiya cəbhəsindən gəlir. Belə ki, “xam maddə” səciyyəsi daşıyan informasiyadan media institutları - kütləvi informasiya vasitələri ən müxtəlif məqsədlər naminə fərqli formalarda istifadə edirlər və bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Nəzərə almaq lazımdır ki, XXI əsrdə - qloballaşma şəraitində informasiya təhlükəsizliyi milli təhlükəsizliyə təsir edən ən mühüm faktorlardan biridir. Ona görə də maarifləndirmə, məlumatlandırma, kommunikasiya və səfərbəretmə kimi funksiyaları yerinə yetirən, informasiya istehsalçısı qismində çıxış edən media qurumları milli maraqları nəzərə almaqla fəaliyyət göstərməli, ictimai rəyə pozitiv təsir etməlidir. Məqsədli şəkildə “qara piar”a, o cümlədən yanlış ictimai rəyin formalaşdırılmasına - manipulyasiyaya xidmət edən məlumatların yayılmasına yol verilməsi dövlət təhlükəsizliyinə təhdid formalaşdırmaq deməkdir.
Mətbuat azadlığı məsələsi siyasi manipulyasiya vasitəsi kimi: müstəqil siyasət yeridən ölkələr hədəfə çevrilir
Bunlarla yanaşı, beynəlxalq KİV-in fəaliyyətindən bəhs edərkən bir sıra siyasi dairələrin “söz və mətbuat azadlığı” məfhumundan istifadə edərək bəzi media qurumları vasitəsilə müxtəlif ölkələrə təzyiq etmək cəhdlərini də qeyd etmək lazımdır. Həmin siyasi dairələr - imperialist güclər öz korporativ maraqlarını təmin etmək üçün müstəqil siyasət yeridən ölkələri söz və mətbuat azadlığının pozulmasında ittiham edərək “qara piar” kampaniyası aparır, bununla da təzyiq mexanizmi formalaşdırır. Üstəlik, konkret imperialist qüvvələrin həyata keçirdiyi bu cür hərəkətlər “dünya birliyi” adı ilə pərdələnərək manipulyasiyaya yol verilir. Məhz bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Yəni ölkəmizin müstəqil siyasət yeritməsi və suveren mövqe sərgiləməsi bəzi imperialist dairələrdə narahatlıq yaradır, o səbəbdən korporativ maraqlar əsasında Azərbaycana qarşı müxtəlif ittihamların irəli sürülməsinin şahidi oluruq. Və bu zaman, qeyd etdiyimiz kimi, konkret məhdud siyasi dairələrin - imperialist qüvvələrin qərəzli yanaşması “beynəlxalq birliyin, dünyanın mövqeyi” kimi göstərilməyə çalışılır. Yeri gəlmişkən, noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Prezident İlham Əliyev “Associated Press” agentliyinin vitse-prezidenti Con Danişevskinin sualına cavabında qeyd edib ki, dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur: “Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir... Bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləmişlər... Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur...”
Azərbaycanda mətbuat azadlığının tam şəkildə təmin olunduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. “Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?” - deyən dövlətimizin başçısı əlavə edib ki, bu cür hallar baş verir və bu cür məsələlərə kontekstdə baxılmalıdır. Hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31