Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dini ekstremizmə və radikalizmə qarşı mübarizənin hüquqi bazası gücləndirilir

Dini ekstremizmə və radikalizmə qarşı mübarizənin hüquqi bazası gücləndirilir

29.10.2016 [10:58]

Milli Məclisin iclasında bu məqsədlə bir sıra qanunlara əlavə və dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra müzakirələr başlayıb. Əvvəlcə bir sıra beynəlxalq sazişlər təsdiq olunub. Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələr üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris sazişi” və “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq olunub.
Daha sonra “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Prezidentlərinin Bəyannaməsi”nin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Qeyd olunub ki, bu bəyannamə 2016-cı il avqustun 8-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin üçtərəfli görüşünün yekununda imzalanıb.
Müzakirələr zamanı çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan, İran və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsi olduqca tarixi sənəddir: “Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, sənəddə qeyd olunduğu kimi, qonşu ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlıq məsələləri öz əksini tapıb”.
Hikmət Babaoğlu bildirib ki, bu sənəd, əslində, Azərbaycan Prezidentinin regionda yaratdığı yeni şərtlərin nəticəsi olaraq meydana çıxıb. Onun sözlərinə görə, üçtərəfli görüşün də təşəbbüskarı məhz Azərbaycan Prezidenti idi. “Görüşdən sonra Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı məsələdə irəliləyişlərin də olduğu bildirilir. Bu yaxınlarda da bəyan edildi ki, artıq hər üç tərəf Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı müəyyən razılığa gəliblər və bu, olduqca əhəmiyyətlidir. Bundan əlavə, sənəddə terrorizmlə mübarizə məsələləri, Xəzər dənizinin sülh dənizi olması, eləcə də Azərbaycan, İran və Rusiyanın enerji təhlükəsizliyi məsələlərində bərabər addımlar atması yer alıb ki, bu da ölkəmizin milli maraqlarına cavab verir. Bu baxımdan Bəyannamə siyasi məzmun etibarı ilə mühüm sənəddir”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Müzakirələrdə həmçinin millət vəkilləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fəzail Ağamalı və başqaları çıxış edərək bu sənədin milli maraqlarımıza uyğun olduğunu vurğulayıblar.
Daha sonra iclasda Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Layihələr barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, sənədə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər yeddi min manatdan doqquz min manata qədər cərimələnəcək və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Azərbaycanda terrorçuluğu dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədənlər on dörd ildən iyirmi ilədək müddətdə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Cinayət Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 278.2-ci maddəyə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün pozulmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə görə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Sənədin 167-1.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma hərəkətlərinə görə beş min manatdan on min manatadək cərimə və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
İnzibati Xətalar Məcəlləsinə yeni “Dini ekstremizm əleyhinə aparılan xüsusi əhəmiyyət zonasının hüquqi rejiminin tələblərinin pozulması” adlı 517-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Maddəyə əsasən, Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar - əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrinin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaqlar.
Bildirilib ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmağa maneçilik törətməyə görə fiziki şəxslər əlli manatdan səksən manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə on beş günədək inzibati həbs cəzasına məhkum ediləcəklər. Vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manata qədər, hüquqi şəxslər isə iki min manatdan üç min manata qədər cərimələnəcəklər.
Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq ediləcək.
Qeyd olunan cəzalar, eyni zamanda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə tətbiq olunacaq.
Maddədə digər buna bənzər hallara görə də eyni cəzaların tətbiq olunması təsbit edilib. Qeyd olunub ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi və ya satılmasına görə həmin aparatlar müsadirə edilməklə, yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, dini ekstremizmlə bağlı mübarizənin gücləndirilməsi ilə əlaqədar bir sıra qanunlara edilən dəyişikliklər əhəmiyyətlidir. S.Novruzov bildirib ki, həmin qanunlara edilən dəyişikliklər Azərbaycanın dünyəvi dövlət quruluşunun, konstitusion əsaslarının dəyişdirilməsinə cəhd edən qüvvələrin əməllərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, belə bir dəyişikliyə böyük zərurət var.
“Çünki Azərbaycandan bəzi adamlar xaricə gedib dini təhsil adı altında müəyyən dini radikalların, ekstremistlərin təsiri altına düşürlər. Qanunlara edilən dəyişikliklər Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq. Müstəqillik dövründə ölkəmizdən 3 min nəfər xaricə gedərək dini təhsil alıb. Hazırda ölkəmizdə 2166 məscid var ki, onların 1600-ü daimi fəaliyyət göstərir. Xaricdə dini təhsil alıb ölkəmizə gələnlərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər. Amma bu gün Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və İslam Universiteti fəaliyyət göstərir ki, burada dini mütəxəssislər yetişdirilir. Bu məsələdə ölkəmizdə ali təhsil alan mütəxəssislərə üstünlük verilməlidir. Bu proses davamlı şəkildə aparılacaq. “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliyə əsasən isə, dini ekstremizmlə məşğul olan dini qurumların fəaliyyəti ləğv ediləcək. Bütün bunlar vacib məsələlərdir”, - deyə S.Novruzov vurğulayıb.
Müzakirələr zamanı çıxış edən millət vəkili Musa Qasımlı dünyəvi dövlətin əsaslarının qorunması baxımından bu dəyişikliklərin əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, dini ekstremizmə qarşı mübarizə daim gücləndirilməlidir.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu dəyişikliklər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması, eləcə də dinin düzgün təbliğ olunması baxımından əhəmiyyətlidir. Millət vəkili deyib ki, layihədə “dinə etiqad etməyə məcburetmə” ifadəsi təklif olunur. Hikmət Babaoğlu bu ifadənin “dinə etiqad etməyə sövqetmə və məcburetmə” kimi yazılmasını təklif edib: “Əksər hallarda biz məcburetməni qaba güc kimi qəbul edirik. İnsanlar daha çox sövq, təşviqetmə yolu ilə dinə etiqad etməyə gətirilir. Kimsə qaba güc tətbiq etməklə başqasını dinə gətirə bilmir. Qanun sabah hüquqi müstəvidə tətbiq olunanda məcburetmə üçün başqa faktlar, sövqetməni isbat etmək üçün isə başqa faktlar lazım olacaq. Ona görə də bu məsələnin nəzərə alınması yaxşı olardı”.
Millət vəkili dini təhsil məsələsinə də münasibət bildirib: “Dünyəvi ali təhsili olmayan şəxslərin 18 yaşında ilahi fəlsəfə ilə tanış olması bir qədər tezdir”.
Hikmət Babaoğlu qeyd edib ki, dünyəvi ali təhsili olanların xaricdə və ölkəmizdə ali dini təhsil alması daha məqsədəuyğundur. Onun fikrincə, məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək olar.
“Bəlkə, qanunlara dəyişikliklər edək ki, ali təhsili olan şəxs xaricdə və ölkədə ali dini təhsil ala bilər. Çünki həmin insanlar əvvəlcə dünyəvi fəlsəfə ilə tanış olsunlar ki, hansısa dini radikal qüvvələr onların şüuru ilə manipulyasiya etməsin və hansısa ideologiyanın təsiri altına sala bilməsin”, - deyə millət vəkili vurğulayıb.
Millət vəkillərindən Qənirə Paşayeva, Fazil Mustafa, Elmira Axundova və Zahid Oruc çıxış edərək qanun layihələri haqqında fikirlərini bildiriblər.
Daha sonra “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, qanunun 12-ci maddəsinə yeni bənd əlavə olunur. Həmin bənddə göstərilir ki, dini ekstremizm fəaliyyəti ilə məşğul olan icmalar ləğv olunacaq. “İndiyə qədər ölkəmizdə 719 dini icma qeydiyyatdan keçib. Onların sırasında İslam və digər dinlərə aid olan icmalar var. Qeydiyyatdan keçməyən dini icmalar da var ki, zərərli fəaliyyətlə məşğul olurlar. Qanuna bu dəyişikliklər edildikdən sonra qeydiyyatdan keçən və keçməyən zərərli, dini ekstremizlə məşğul olan dini icmalar ləğv olunacaq”, - deyən komitə sədri əlavə edib ki, ölkəmizdə fəaliyyət göstərən məscidlərin bir çoxunda kitabxanalar fəaliyyət göstərir. Onun sözlərinə görə, məscidlərdə həmçinin kompüter sistemi də var. Bakıda, Şamaxıda, Gəncədə, Naxçıvanda və digər yerlərdəki məscidlərdə bütün bunlar mövcuddur.
Siyavuş Novruzov onu da deyib ki, ziyarətgahlardan toplanan vəsaitlər Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə insanların Həcc ziyarətinə getməsinə və digər xeyriyyəçilik əməllərinə yönəldilir. Bu prosesdə şəffaflıq təmin olunur.
Çıxış edən vitse-spiker Bahar Muradova qanuna edilən dəyişikliklərin əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, müvafiq qanunlarda edilən dəyişikliklər dini ekstremizmə qarşı mübarizə işini daha da gücləndirəcək.
Daha sonra “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Bu barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, sənədin yeddinci maddəsinə “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir” və “Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir” məzmununda üçüncü və dördüncü hissələr əlavə ediləcək. Qanunun 11-ci maddəsinə isə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir” məzmununda 5-ci bənd əlavə ediləcək.
Millət vəkili Əflatun Amaşov isə bildirib ki, bu qanuna edilən dəyişikliklər əhəmiyyətlidir. Onun sözlərinə görə, mətbuat nümayəndələri bu məsələyə diqqətlə yanaşmalıdırlar.
Millət vəkili Aydın Hüseynov da qanuna edilən dəyişiklikləri dəstəkləyib. Bununla belə, millət vəkili bəzi KİV-lərdə narahatedici məqamlara da yer verildiyini diqqətə çatdırıb. Bəzən cəmiyyətdə intihar hallarının, xüsusilə yetkinlik yaşına çatmayanların intihar etmələrinin KİV-də “geniş” işıqlandırıldığını deyən A.Hüseynovun sözlərinə görə, bu vəziyyət yetkinlik yaşına çatmayanların psixologiyasına mənfi təsir edir. Millət vəkili bütün KİV nümayəndələrini “Kütləvi informasiya vasitələri haqqında” qanunun 11-ci maddəsinin müddəalarına əməl etməyə çağırıb.
“Telekommunikasiya haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliyə görə, sənədə 40.4-1-ci maddə əlavə olunacaq. Yeni maddədə deyilir: “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər”. Həmçinin qanunun 40.5-ci maddəsində “Fövqəladə hallar” sözlərindən sonra “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə ediləcək.
“Televiziya və radio yayımı haqqında” qanuna isə “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi” məzmununda 12-1-ci maddə əlavə olunacaq.
İclasda həmçinin “İctimai televiziya və radio yayımı haqqında”, “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında” və digər bir sıra qanunlarda da dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31