Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dayanıqlı inkişafla bağlı qlobal çağırışlara sadiqlik nümayiş etdirir

Azərbaycan dayanıqlı inkişafla bağlı qlobal çağırışlara sadiqlik nümayiş etdirir

08.10.2016 [10:10]

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ölkəmizin dayanıqlı inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olunmasına yeni impuls verəcək
Hazırda dünyada dayanıqlı inkişafla bağlı çağırışlar böyük aktuallıq kəsb edir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri təsdiqlənib. Qlobal çağırışlara adekvat davamlı inkişaf fonunda ölkədə sosial rifahın yüksək səviyyədə təmin olunması, o cümlədən yoxsulluğun aradan qaldırılmasına nail olunması Azərbaycanın milli inkişafının fundamental əsasını təşkil edir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalaması Azərbaycanın dayanıqlı inkişaf sahəsində ölkənin geniş potensialına uyğun daha böyük uğurlara nail olmaq əzmini bir daha nümayiş etdirir. Sözügedən Fərmana əsasən, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrlik edəcəyi Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini və ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərindən ibarət üzvləri də təyin olunub. Şübhə yoxdur ki, belə geniş tərkibdə yaradılan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası funksional fəaliyyət göstərəcək və dayanıqlı inkişafla bağlı hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq.
Dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır
Məlumat üçün bildirək ki, “dayanıqlı inkişaf” termini ötən əsrin 80-ci illərindən başlayaraq iqtisadi, sosial leksikona daxil olub. Dayanıqlı inkişafla bağlı BMT tərəfindən 1992-ci ildə Rio de-Janeyro şəhərində keçirilən konfransda bu konsepsiyanın əsas istiqamətləri müəyyənləşdirildi, XXI əsrdə dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən dayanıqlı inkişaf konsepsiyasının hazırlanması zərurəti dilə gətirildi. Sonrakı mərhələdə müxtəlif dövlətlər tərəfindən ayrılıqda, o cümlədən ayrı-ayrı beynəlxalq tədbirlərdə bu konsepsiyanın başlıca istiqamətləri diskussiya predmetinə çevrilməklə insanların qlobal kontekstdə öz gələcəklərini müəyyənləşdirməsi üçün yeni müzakirə platforması yaratmış oldu. Hazırda bunu zəruri edən çoxsaylı şərtlər mövcuddur. Çünki dünyada sosial, iqtisadi inkişaf qeyri-proporsional şəkildə mövcuddur və fərqli mədəni-siyasi coğrafiyalarda müxtəlif kəmiyyət və keyfiyyət göstəricilərinə sahibdir. Ancaq buna baxmayaraq, hər nə qədər siyasi-coğrafi fərqlilik olsa belə, problemin mövcudluğu qloballaşan dünyada ümumi problem yaradır. Bu həm sosial, həm də iqtisadi müstəvidə müşahidə edilir və müəyyən inkişaf mərhələsindən sonra qlobal ekoloji və digər müstəvilərə transfer olunur. Bu səbəbdən bütün bəşəriyyət üçün aktual olan dayanıqlı inkişaf konsepsiyası ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşımalıdır. Bu kontekstdə əsas məqsədlər sırasında yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, bu prosesdə əsas qayələrdən biri də insanların texniki və texnoloji vasitələrlə təminatına nail olunması və ekoloji problemlərin birgə həll edilməsidir. Burada başlıca məqam növbəti nəsillərin də inkişafını təmin etmək üçün ciddi sosial, iqtisadi və ekoloji zəmin hazırlamaqdır.
Əlbəttə, dayanıqlı inkişafın təmin olunmasında insan resursları özünəməxsus əhəmiyyətə malikdir. Çünki iqtisadi, sosial və texnoloji resursları yaradan məhz insan faktorudur. Paralel olaraq isə iqtisadi, sosial və ekoloji inkişafı təmin edən amil müxtəlif etno-siyasi coğrafiyaları əhatə edən fiziki resurslardır. Amma fiziki resurslar potensialdır, yəni onların istismarı və bu resurslardan səmərəli istifadə məhz insan faktoru ilə bilavasitə bağlıdır. Doğrudur, bəzi hallarda bu resurslardan istifadə forması sosial bərabərliyə yox, məhz sosial fərqliliyə xidmət edir. Məsələn, neft, qaz kimi karbohidrogen ehtiyatları ilə, uran, almaz, qızıl yataqları kimi yeraltı sərvətlərlə zəngin olan ayrı-ayrı etno-siyasi coğrafiyalarda bu resurslar sosial bərabərlik və dayanıqlı inkişaf yaratmaq əvəzinə, bəzi hallarda sosial fərqliliyə, inkişafa mane olan digər neqativ hallara gətirib çıxarır, hətta dayanıqlı inkişafı təmin edən amillərdən biri olan ekoloji tarazlıq və təhlükəsizliyi də pozur.
Əsas etibarilə, dayanıqlı inkişafı təmin edən başlıca amil kimi insan resursları çıxış edir. İnsan resursları vasitəsilə mövcud ehtiyatlardan səmərəli istifadə olunması sosial, iqtisadi və ekoloji ahəngdarlığı təmin etməklə davamlı inkişafı şərtləndirməlidir.
Azərbaycan öz inkişaf strategiyasını milli prioritetlər və qlobal çağırışlar əsasında formalaşdırır
Azərbaycanın öz inkişaf strategiyasını milli prioritetləri və qlobal çağırışları nəzərə almaqla müəyyənləşdirməsi və bu iki amili məharətlə uzlaşdırması ölkəmizi fərqləndirən əsas cəhətlərdəndir. Beləliklə, Azərbaycan, bir tərəfdən, ölkələr və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə, bəşəriyyətin qarşısında duran qlobal məsələlərin həllinə öz töhfəsini verir, eyni zamanda, davamlı milli inkişafını təmin edir.
Azərbaycan dayanıqlı inkişaf konsepsiyasını mənimsəyən və bu kontekstdə milli platformada xüsusi proqram qəbul edən ölkələrdəndir. Ölkəmizin dayanıqlı inkişafı zəruri edən əsas prinsiplərlə, o cümlədən də iqtisadi inkişafla bağlı özünəməxsus proqram və konsepsiyası var. Son illərdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyada ən dinamik iqtisadi inkişaf göstəriciləri ilə fərqlənib. Neft gəlirlərindən səmərəli istifadə olunması nəticəsində güclü iqtisadi dayaqların yaradılması, zamanında neftdənkənar iqtisadiyyatın inkişafı məqsədilə zəruri baza yaradılması və siyasi iradə nümayiş etdirilməsi qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə də Azərbaycanın arzuolunmaz risklərə dayanıqlığını şərtləndirir. Respublikamızın sürətli iqtisadi inkişaf göstəricilərini həmçinin qlobal reytinq agentlikləri də etiraf edirlər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan iqtisadi rəqabətlilik indeksi üzrə üç pillə irəliləyərək 140 ölkə arasında 37-ci pillədə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub.
Azərbaycan dayanıqlı inkişaf üzrə qlobal çağırışların əsas qayəsini təşkil edən sosial proqramların yerinə yetirilməsinə də məhz özünün getdikcə artan iqtisadi potensialına adekvat yanaşma nümayiş etdirir. Başqa sözlə desək, respublikanın iqtisadi imkanları genişləndikcə əhalinin həyat təminatı, rifah halının yaxşılaşması ilə bağlı layihələrin yerinə yetirilməsi də müvafiq surətdə intensivləşir. Ölkəmizdə iqtisadi və sosial islahatlar paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. İndiyədək respublikamızda dayanıqlı inkişafla bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün məqsədyönlü proqramlar həyata keçirilib. Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkədə aparılan islahatların tərkib hissəsidir
Bu məqamda qeyd etmək yerinə düşər ki, son zamanlar dünyada yaranan yeni çağırışlar və qlobal mənfi təsirlər fonunda ölkəmizdə yaranmış vəziyyətdə əsas məqsəd Azərbaycanın güclü iqtisadi potensialını və insan resurslarını səfərbər etməklə inkişafın bundan sonra da ardıcıllığına nail olmaqdan ibarətdir. Artıq ölkəmizdə cari ilin əvvəlindən etibarən Prezident İlham Əliyevin güclü siyasi iradəsi əsasında genişmiqyaslı islahatlara başlanılıb. Qarşıya qoyulan hədəf müxtəlif istiqamətləri əhatə edən islahatlar həyata keçirməklə, o cümlədən qeyri-neft məhsullarının ixracını təşviq etməklə, sahibkarların vergi yükünü azaldaraq vergi bazasını genişləndirməklə, idxal-ixrac əməliyyatlarını, gömrük rəsmiləşdirmələrini sadələşdirməklə, yeni sənaye zonaları yaratmaqla, aqrar sektorda potensial sahələrin inkişafına maksimum diqqət göstərməklə ölkənin qeyri-neft məhsulları istehsalı və ixracı imkanlarının artırılmasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev bütövlükdə 2016-cı ili islahatlar ili elan edib.
Eyni zamanda, indiki çətin şəraitdə də Azərbaycan özünün sosial siyasətinə sadiqlik nümayiş etdirir. Neft gəlirlərinin azalması fonunda ölkəmizdə sosial sahəyə aid hər hansı proqram təxirə salınmayıb, əksinə, bu istiqamətdə yeni təşəbbüslər irəli sürülüb. Məlum olduğu kimi, dayanıqlı inkişaf siyasəti daha çox insan resurslarının inkişaf etdirilməsi, yoxsulluğun azaldılması və digər sosial, iqtisadi və ekoloji xarakterli istiqamətləri ehtiva edir. Ölkəmizdə reallaşdırılan Dövlət proqramları, müxtəlif layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanda sosial prioritetlərin əsas tutulduğu rasional və innovativ inkişaf strategiyasının seçilməsinin göstəricisidir. Prezident İlham Əliyev ölkədəki müsbət demoqrafik vəziyyət nəzərə alınmaqla iş yerlərinin yaradılmasının davamlı prosesə çevrilməsini mühüm sosial vəzifə kimi qarşıya qoyub və bu istiqamətdə praktiki işlər həyata keçirilir.
Bütün bu deyilənlər baxımından dövlət başçısının 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması yeni şəraitdə ölkəmizdə aparılan islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir. Yuxarıda vurğuladığımız kimi, yeni qurumun tərkibində ayrı-ayrı mərkəzi icra strukturlarının rəhbər şəxsləri təmsil olunublar. Bəhs olunan qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, öz növbəsində, başlanan islahatların daha effektiv həyata keçirilməsinə və dayanıqlı inkişafla bağlı sosial-iqtisadi hədəflərə çatmağa müsbət təsir göstərəcək. Fərmanda vurğulandığı kimi, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir. Fərmanda vurğulandığı kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə şübhə yoxdur ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ölkəmizin dayanıqlı inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olunmasına yeni impuls verəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31