Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın “İsgəndər”ləri: təhlükəsizliyə təminat, yoxsa yeni problemlər?

Ermənistanın “İsgəndər”ləri: təhlükəsizliyə təminat, yoxsa yeni problemlər?

01.10.2016 [12:07]

Hər bir dövlət müstəqillik gününü özünəməxsus şəkildə qeyd edir. Adətən bu kimi tədbirlərdə ölkənin əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Mahiyyətcə təcavüzkar olan Ermənistan da militarist olduğunu dünyaya göstərdi. “Müstəqil” olmalarının 25 illiyinə həsr edilmiş hərbi paradda ermənilər Rusiyanın “İsgəndər” operativ-taktiki raket komplekslərini də nümayiş etdiriblər. Erməni kütləvi informasiya vasitələri həmin tədbirlə bağlı bundan başqa bir şeydən yazmır. Çünki nailiyyət yoxdur. Özü də bu faktdan Azərbaycana meydan oxumaq üçün istifadə etməyə çalışırlar. Reallıqda isə rəsmi İrəvanın növbəti dəfə xalqı fəlakətə apardığından danışmaq olar. Müxtəlif səbəblərə görə Ermənistan öz təhlükəsizliyini yeni silahlarla nəinki təmin edə bilməz, hətta özünü daha mürəkkəb situasiyaya düçar etmiş olar. Yekunda isə uduzan və itirən erməni xalqı olacaq. Tarixdə növbəti dəfə!
Başqasının silahı: İrəvanın ümid yeri
Çoxdan məlumdur ki, militarizm erməni dövlətçiliyinin mahiyyətindədir. 25 ildir ki, bütün dünya Ermənistanın bəşəriyyətə heç bir yeni sosial, siyasi, mədəni və iqtisadi dəyər verməməsinin şahididir. Bu qondarma ölkənin yalnız müharibə, terrorçuluq və başqa xalqların mədəniyyətinə sahib çıxma cəhdlərindən başqa sözü olmayıb. Əlavə olaraq “soyqırımı” deyərək, göz yaşları axıtmaqda davam edirlər. Aprel müharibəsindən sonra isə erməni cəmiyyətinə bir çaxnaşma düşdü ki... Hələ də onun şokundan ayıla bilmirlər.
İndi Ermənistan dövləti havadarlarından daim kömək və hərbi güc gözləyən forpostu xatırladır. “Müstəqillikləri”nin 25 illiyinə həsr edilmiş hərbi şou bunu bir daha təsdiq etdi. Təsəvvür edin, Rusiya öz istehsalı olan “İsgəndər” taktiki raketlərini İrəvana nümayiş etdirməyə icazə verir, ermənilər dərhal Azərbaycana qarşı müharibədə qələbə qazanacaqlarını bəyan edirlər. Özü də yalnız meşşan erməni yox, analitiki, eksperti, siyasətçisi, məmuru müharibədən bəhs edir (bax: Gks-ministr: Postavki “İskanderov” ostudət qorəçie qolovı v Baku / “EADaily”, 23 sentyabr 2016).
Bunlar, hər şeydən əvvəl, Ermənistan rəhbərliyinin Azərbaycandan qorxduğuna dəlalət edir. Aprel ayında qısa zamanda Azərbaycan Ordusunun güclü zərbə endirərək erməni əsgərlərini çaş-baş salması onlara kiminlə düşmənçilik etdiklərini anlatdı. Hadisədən sonra rəsmi İrəvanın yeni silahlarla bağlı tez-tez Moskvaya irad tutması da məhz həmin məqamla izah edilir. Ermənistan rəhbərliyi yararsız idarəetmə üsulunu, bərbad xarici siyasətini, orduda baş alıb gedən korrupsiya hallarını ört-basdır etmək üçün Rusiya ilə Azərbaycan arasında şişirdilmiş hərbi əməkdaşlığın olduğundan dəm vurur, özünə haqq qazandırmağa çalışırdı. Erməni siyasi-hərbi dairələri belə təqdim edirdilər ki, əgər Rusiya onlara yeni silah versə, vəziyyət tamamilə başqa cür ola bilər.
İndi “müstəqilliyin 25 illiyində” (əslində, Ermənistan müstəqil deyil, suverenliyinin olmadığını hətta erməni analitiklər belə açıq etiraf edirlər) yeni raketlər nümayiş etdirməklə guya ölkənin müdafiə məsələsini həll etdiklərini bəyan edirlər. Təbii ki, belə sadəlövh fikirlərə yalnız axmaqlar inana bilər. Şübhə yoxdur ki, “İsgəndər”lər, ilk növbədə, Ermənistan cəmiyyəti üçün şou obyektinə çevrildilər. Paraddan sonra silahlar Rusiyanın Ermənistandakı hərbi bazasına aparılıb. Orada da onları toz basacaq. Erməni obıvateldə isə belə psixoloji əhval-ruhiyyə yarandı ki, Ermənistan nəinki özünümüdafiə, hətta Azərbaycanda istənilən hədəfi vurmaq imkanına belə malikdir.
Ciddi insanlar üçün bu, olduqca gülünc iddiadır. Birincisi, müasir dövrdə hansısa dövlətin başqasının ərazisinin dərinliklərində hədəf vurması yüksək səviyyədə siyasi qərarın nəticəsi ola bilər. Ermənistan üçün belə bir qərarın verilməsi ehtimalı çox azdır, çünki kimsə onun ərazisinə hücum etmir. İkincisi, ABŞ və Rusiya kimi dövlətlər yüksək dəqiqliyə malik silahlarla belə ərəb ölkələrində tutarlı nailiyyət əldə edə bilmirlər. Bu o deməkdir ki, müasir müharibədə güclü raket texnologiyaları hələ heç nə demək deyil. Üçüncüsü, Azərbaycan Ordusu Ermənistan ərazisində istənilən hərbi obyekti real olaraq məhv etmək imkanına malikdir. Çox qısa müddətdə paytaxt İrəvan da daxil olmaqla bütün obyektləri yerlə-yeksan edə bilər. Azərbaycan Silahlı Qüvvələri həm hərbi-texniki, həm silah təchizatı, həm də şəxsi heyətin hazırlığı səviyyəsinə görə Ermənistan ordusundan qat-qat güclüdür. Bunu aprel döyüşləri bir daha sübut etdi. Azərbaycanın istənilən nöqtəsini vurmaqdan danışmaq həmin səbəbdən boşboğazlıq və ideoloji cəfəngiyatdır.
Təcavüzkara dəstək: geosiyasi situasiyanın mürəkkəbləşməsi
Təbii ki, Ermənistana Qərbdən və Şərqdən ciddi dəstək verilir. Forpostun havadarları onun hərbi potensialını artırmaqla məşğuldurlar. Lakin təcrübə sübut edir ki, Azərbaycan sistemli və düşünülmüş surətdə hərbi qüdrətini artırır və bütün parametrlər üzrə düşməndən üstündür. Əslində, ermənilərin ritorikasından başqa bir əhəmiyyətli özəllik öz təsdiqini tapır.
Neçə illərdir ki, Ermənistan guya sülh tərəfdarı olduğundan bəhs edir. Azərbaycanı günahlandırır ki, barışmaq istəmir. “İsgəndər”lərini Azərbaycanla münasibətlərdə əsas arqument kimi təqdim etməyə çalışan bir hakimiyyət nə dərəcədə sülhpərvərdir? Heç bir dərəcədə sülhpərvər deyil və əksinə, onun işğalçılıqdan başqa əməli yoxdur. Görəsən, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu məqama necə reaksiya verəcəklər? Deyəsən, hələlik heç bir münasibət bildirilməyib.
Reallıqda isə Moskvadan soruşulmalıdır ki, həmsədr ölkələrdən biri təcavüzkara “İsgəndər” kimi güclü silahlar verməkdə hansı məqsədi güdür və bu, vasitəçilik funksiyasına nə dərəcədə uyğundur? Daha sonra, daim hərbi balansdan danışan Qərb nəyə görə rəsmi İrəvana yeni raketləri almaqla vəziyyəti mənfiyə tərəf dəyişmək təhlükəsi yaratdığı barədə xəbərdarlıq etmir? Özünü ədalətli sayan Vaşinqtondan niyə səs çıxmır? Bu suallar hələlik cavabsızdır. Ancaq onların fonunda aydındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanın militarist siyasətini davam etdirməsinə elə bir etiraz, yaxud təpki yoxdur.
Vəziyyət belə davam etsə, Minsk qrupunun vasitəçi kimi heç bir əhəmiyyəti qalmayacaq. Təcavüzkarın yeni-yeni silahlar almasının qarşısı alınmırsa, üstəlik, həmsədrlər sırasında ona bu işdə yardım edənlər varsa, hansı sülh danışıqlarından söhbət gedə bilər? Rəsmi İrəvan açıqca Azərbaycanı hərbi zərbələrlə hədələyirsə, hətta neft-sənaye kompleksini və nəqliyyat marşrutlarını vurmaqdan dəm vurursa, münaqişə necə həll edilə bilər? (bax: məs., “İskanderı” pomoqut Armenii prinuditğ protivnika k miru - ministr oboronı / “EADaily”, 26 sentyabr 2016).
Belə çıxır ki, reallıqda Moskvanın İrəvana yeni silahları nümayiş etdirməsinə razılıq verməsinin daha çox qlobal geosiyasi konteksti var. Kreml ermənilərin özünə qarşı olan narazılığını azaldır. Aprel ayındakı dördgünlük müharibədən sonra bir sıra KİV orqanları antirusiya isterikası yaratmışdı. Görünür, Qərbin sifarişi ilə Ermənistandakı “beşinci kolon” xüsusi təbliğat kampaniyası aparırdı. “İsgəndər”lər bunun qarşısını almağa xidmət edə bilər.
Bundan rəsmi İrəvan da təbliğat üçün istifadə etmək imkanı əldə edir. Serj Sarkisyan göstərir ki, Rusiya onu dəstəkləyir və hətta ən müasir silahları belə Moskvadan ala bilir. Paralel olaraq, daxildə korrupsiya ilə mübarizə aparmaq görüntüsü yaradan Ermənistan hakimiyyəti növbəti seçkidə üstünlük əldə etməyə zəmin hazırlayır. İndi bəzi ekspertlər S.Sarkisyanın bir sıra siyasi qüvvələri birləşdirməyə çalışdığından yazırlar (bax: məs., Naira Ayrumən. PanArmeniə: plan Serja Sarkisəna / “Lragir.am”, 24 sentyabr 2016).
Deməli, hərbi güc nümayişi daha çox Ermənistanın hazırkı iqtidarına xidmət edir. Bu isə müəyyən mənada Ermənistanla bağlı geosiyasi situasiyanı daha da mürəkkəbləşdirə bilər. Bu mənada Qərbin bununla bağlı atacağı addımlar maraq doğurur. Bu barədə fikir bildirən bir sıra erməni ekspertləri yazırlar ki, “İsgəndər”lərin hərbi paradda nümayiş etdirilməsinin Ermənistanın təhlükəsizliyinə heç bir aidiyyəti yoxdur (bax: Akop Badalən. Kak İskanderı okazalisğ v Armenii / “Lragir.am”, 19 sentyabr 2016).
Başqa tərəfdən, yeni silahlanma Ermənistanın təhlükəsizliyi üçün yeni problemlər meydana gətirir. Çünki Azərbaycan daha güclüdür və əks-tədbirlər görür. Son nəticədə aydın olur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqda davam edir. S.Sarkisyan hakimiyyətini saxlamaq üçün erməniləri daha mürəkkəb geosiyasi oyunların ağuşuna atır. Oradan bütövlükdə erməni cəmiyyətinin salamat çıxa bilməsi ehtimalı çox cüzidir. Ermənistan yeni fəlakətlərin astanasındadır.
Newtimes.az

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31