Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası öz işinə başlayıb

Milli Məclisin payız sessiyası öz işinə başlayıb

01.10.2016 [11:56]

İclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub
Dünən Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Spiker Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib. Oqtay Əsədov payız sessiyasının başlanması münasibəti ilə millət vəkillərini təbrik edib. Payız sessiyasının yüksək əhval-ruhiyyə ilə başlandığını deyən spikerin sözlərinə görə, bu günlərdə ölkəmizin siyasi həyatında çox mühüm bir hadisə baş verib: “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bütün yerli və xarici müşahidəçilərin rəyinə görə, ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə keçib. Bu referendumun nəticələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətə xalqın güclü dəstəyini nümayiş etdirib”.
Milli Məclisin ötən iki sessiyada fəaliyyətinə gəlincə, Oqtay Əsədov deyib ki, parlamentin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib: “Bu dövr ərzində 15 iclas keçirilib, 196 qanun və qərar qəbul edilib. Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf etdirilib. Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 33 ölkəyə 85 səfər həyata keçirilib, 26 xarici dövlətin və 8 beynəlxalq təşkilatın 35 nümayəndə heyəti Milli Məclisdə olub. Millət vəkillərimiz Rusiyada, Qazaxıstanda və Belarusda keçirilən parlament seçkilərini, Tacikistanda keçirilən referendumu müşahidə ediblər. Ötən dövrdə Avropa Parlamenti ilə Milli Məclis arasında münasibətlərin inkişafı ilə bağlı olan əhəmiyyətli hadisələr baş verib. Bildiyiniz kimi, 2015-ci ilin sentyabr ayında Avropa Parlamenti Azərbaycan barəsində obyektivlikdən uzaq olan qərəzli bir qətnamə qəbul etmişdi. Milli Məclis bununla bağlı öz qərarını verib və o dövrdən Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində və eləcə də Avronest Parlament Assambleyasında öz iştirakını dayandırmışdı və bir il ərzində onların heç bir tədbirində iştirak etməmişdik. İl ərzində dəfələrlə Azərbaycan Parlamentinə müraciətlər olub, şəxsi səfərlər olub, bu məsələləri qaydaya qoymaq üçün cəhdlər olmuşdu.
Ancaq sonuncu belə səy sentyabr ayının 19-21-də Avropa Parlamentinin qərarı ilə 15 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyətinin Azərbaycana səfəri olmuşdu. Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etdi. Dövlət başçısı həmin nümayəndə heyətinə öz qəti iradlarını bildirdi, Avropa Parlamenti ilə əlaqələrin bərpa edilməsi və bu əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında inkişaf etdirilməsi barədə mülahizələrini söylədi.
Ümumiyyətlə, payız sessiyası qısa olsa da, çoxlu müzakirə edilməli məsələlər var. Bu sessiyada biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və digər sənədləri müzakirə və qəbul edəcəyik”.
Daha sonra deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Məlahət İbrahimqızı 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib. O deyib ki, bu adamların sayı çox deyil. Millət vəkili Qənirə Paşayeva da həmkarının təklifini dəstəkləyib.
Millət vəkili Aydın Mirzəzadə çıxışında sentyabrın 26-da ölkəmizdə azad və demokratik şəkildə referendumun keçirildiyini bildirib. Onun sözlərinə görə, referendum nəticəsində Konstitusiyamıza edilən dəyişikliklər ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. Millət vəkili həmçinin bir sıra təkliflərlə çıxış edib: “Bu il müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd edirik. Təklif edirəm ki, belə bir bayram münasibətilə Milli Məclisin bəzi iclaslarını Gəncədə, Naxçıvanda, Mingəçevirdə, Lənkəranda da keçirək. Digər təklifim isə tələbə kreditləri ilə bağlıdır. Artıq tələbə kreditləri fondu yaradılıb. Amma bu fonda cəmi 11 ali məktəb qoşulub. Digər ali məktəblərin bu fonda qoşulmaları da məqsədəuyğundur. Çünki bununla əlaqədar tələbələrin valideynlərinin çoxsaylı müraciətləri var”.
Millət vəkili Fazil Mustafa isə 1915-ci ildə Bakının erməni daşnaklarından azad edilməsində müstəsna xidmətləri olan Nuru Paşanın adının əbədiləşdirilməsini təklif edib.
Millət vəkili Bəxtiyar Əliyev çıxışında Böyük Britaniya parlamentinin üzvü baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib. B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks Dağlıq Qarabağa gələrək işğalçı ordunun əsgərləri qarşısında çıxış edərək bildirib ki, “siz burada xristianlığı müdafiə edirsiniz”: “Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda da qeyd edilib ki, Qərbdə müsəlmanlarla xristianları qarşı-qarşıya qoyurlar, ayrı-seçkilik edirlər. Bu, təhlükəli tendensiyadır. Hesab edirəm ki, onun dini ədavət çağırışı Britaniya parlamentində müzakirə edilməlidir. Çünki dini ədavətə çağırış yolverilməz haldır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: “Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu barədə bu yaxınlarda AŞ PA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”.
Britaniyalı parlamentarinin Azərbaycanın işğal edilmiş ərazisində səsləndirdiyi fikirlərə gəldikdə isə, Oqtay Əsədov bildirib ki, “Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır”.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. İclasda sessiyanın qanunvericilik işləri planı müzakirə olunub. Qeyd edək ki, iş planına “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Kredit büroları haqqında”, “Hesablama Palatası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında” və digər bir sıra qanun layihələrinin müzakirəsi daxildir.
Müzakirələr zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir: “Amma bu gün cəmiyyətimizdə internet -onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır”.
Deputat medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb: “Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır. Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır”.
Ə.Amaşov “Diffamasiya haqqında” qanunun qəbulunu da təklif edib.
“Azərbaycanda internet televiziyalarının fəaliyyəti qanunla tənzimlənməlidir”. Bu fikri isə Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışı zamanı deyib. M.İbrahimqızı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə mətbuatına daim diqqət və qayğı göstərir. Onun sözlərinə görə, kütləvi informasiya vasitələri dövlətin qayğısından bəhrələnirlər. “Ölkə mediası inkişafdadır. Artıq xeyli sayda internet saytları, televiziyaları yaradılır. Amma çox təəssüflər olsun ki, dövlətin yaratdığı demokratik mühitdən sui-istifadə edənlər də var. Bəzi internet televiziyaları var ki, onların fəaliyyəti heç bir halda müsbət qiymətləndirilə bilməz. Buna misal olaraq, “Meydan” TV-ni göstərmək olar. Bu televiziya Azərbaycan haqqında yalan məlumatlar yayır, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışır, dövlətimizin başçısı barədə şər-böhtan danışır. Hesab edirəm ki, belə hallara son qoyulmalıdır. Bunun üçün isə internet televiziyalarının fəaliyyəti haqqında qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir”, - deyə M.İbrahimqızı vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxışında qanunvericilik işləri planında nəzərdə tutulan məsələləri dəstəklədiyini deyib. Bununla belə millət vəkili bir sıra təkliflərlə çıxış edib. M.Quliyev bildirib ki, Azərbaycan hökuməti aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması yönündə müvafiq addımlar atır. Onun fikrincə, sosial mənzillərin tikilməsi bu baxımdan əhəmiyyətlidir: “Ancaq təklif edirəm ki, 4 və daha çox uşaqlı ailələrin növbədənkənar olaraq mənzillərlə təmin olunması üçün müvafiq tədbirlər görülsün”.
Millət vəkili həmçinin orqan transplantasiyası ilə əlaqədar bəzi məsələlərin də tənzimlənməsini təklif edib.
Millət vəkillərindən həmçinin Qüdrət Həsənquliyev, Elmira Axundova, Fəzail Ağamalı, Əli Məsimli, Tahir Kərimli, Gövhər Baxşəliyeva, Astan Şahverdiyev və başqaları çıxış edərək iş planı ilə bağlı təkliflərini veriblər.
Müzakirələrdən sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.
İclasda daha sonra “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, Türkiyə tərəfi memorandumu zəruri dövlət prosedurlarından keçirib və təsdiq edib. V.Ələsgərov vurğulayıb ki, memorandumun Azərbaycan tərəfindən də təsdiq edilməsi TANAP layihəsinə çox dəyərli bir dəstək olacaq.
Anlaşma Memorandumu Milli Məclis tərəfindən təsdiq olunub.
Millət vəkilləri, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanı, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanı və “Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişi, “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunu da təsdiq ediblər.
İclasda həmçinin bir sıra qanunlara dəyişikliklər edilib.
Plenar iclasda Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında qərar qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31