Nərgiz Paşayeva: Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu rəsmi qeydiyyatdan keçib
29.09.2016 [09:35]
Sentyabrın 23-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor Nərgiz Paşayeva və həmkarı, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland, Britaniyanın Ekseter Universitetinin professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/) işgüzar görüş keçiriblər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşün əsas məqsədi Britaniyada təsis edilmiş və qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) yeni fondun - Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) rəsmi təqdimatı üçün hazırlıq işlərini müzakirə etmək olub. Xatırladaq ki, Britaniya Fondunun yaradılması professorlar Nərgiz Paşayevanın və R.Hoylandın təşəbbüsü idi. Bu il mayın 25-də Britaniyanın Lordlar Palatasında keçirilən xüsusi tədbirdə Qəyyumlar Şurası və sədr müəyyənləşdirilib. Bu haqda AZƏRTAC məlumat yayıb: http://azertag.az/xeber/955017.
Professor R.Qliv adı çəkilən Fondun Qəyyumlar Şurasının üzvlərindən biridir. Fondun Qəyyumlar Şurasının digər üzvləri isə professor Robert Hoyland (Oksford və Nyu-York universitetləri), professor Andryu Pikok (St Andryus Universiteti), Lord Malkolm Brus (siyasi xadim, otuz il ərzində Liberal Demokrat Partiyasının deputatı) və sədri Bakı Dövlət və Moskva Dövlət universitetlərinin professoru Nərgiz Paşayevadır.
Professor R.Qliv İslamın şiəlik təriqətinin Orta Əsrlər dövründə tədqiqi üzrə Britaniyanın məşhur alimlərindən biri hesab olunur. Onun rəhbərlik etdiyi və üzvü olduğu bir çox təşkilatlar arasında Böyük Britaniyanın Farsşünaslıq İnstitutu (http://www.binstpstudies.co.uk/), İslamşünaslıq Şəbəkəsi və Birləşmiş Krallıqda İslam dinini öyrənən bir sıra başqa aparıcı qurum və təşkilatların adlarını qeyd etmək olar. Birləşmiş Krallığın Ekseter Universitetində çalışmazdan öncə o, Oksford Universitetinin St Cons Kollecində, Tehran Universitetində, Tokionun Meiji Universitetində, Vaşinqton və Yerusəlim universitetlərində dəvətli professor kimi fəaliyyət göstərib. İranda yaşayan azərbaycanlılara xüsusi elmi maraq göstərən alim Qum və Nəcəf şəhərlərinin icmalarında azərbaycanlıların rolunu tədqiq edib.
Söhbət zamanı professorlar R.Hoyland və N.Paşayeva qonağa Fondun Qəyyumlar Şurasına üzv olduğu üçün minnətdarlıqlarını bildiriblər. Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcək Fondun qarşısında böyük vəzifələr qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli məqsədlərə xidmət edəcəyini qeyd ediblər. Professor R.Hoyland deyib ki, 2013-cü ildə Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) təsis olunub. Mərkəzin Birləşmiş Krallıqda Azərbaycanı öyrənən ilk və yeganə elmi qurum olduğunu və britaniyalı alimləri, eləcə də ABŞ və Avropanın bir çox universitetləri arasında hörmət qazandığını vurğulayıb. Beləliklə, artıq Birləşmiş Krallıqda Azərbaycan və Qafqaz bölgəsinə yaranan elmi marağın artmasını nəzərə alaraq, Nərgiz Paşayeva bir sıra britaniyalı alim və siyasətçilərlə iki il ərzində ətraflı, müntəzəm məsləhətləşmələr aparıb. Bu işlərin nəticəsi kimi, Azərbaycan ilə bağlı elmi-perspektivli akademik layihələrin, fundamental araşdırmaların, mədəni-sosial münasibətlərin genişlənməsi üçün yerli qüvvələrin dəstəyinə ehtiyac yaranıb. Yaradılan Britaniya Fondu bu missiyanı daşımağı məqsəd kimi qəbul edib.
Professor Nərgiz Paşayeva Azərbaycana, onun qədim tarixi-mədəni irsinə göstərdiyi marağa görə hörmətli alimə minnətdarlığını bildirib. O, Britaniya Fondunun yaradılmasının mədəni-tarixi zərurət olduğunu bir daha qeyd edərək bu mühüm hadisənin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsini xüsusi bir töhfə kimi nəzərə çatdırıb. Professor R.Qlivin Cənubi Azərbaycana olan xüsusi marağını təqdir edən Nərgiz Paşayeva artıq vətən tarixi dedikdə Böyük Azərbaycanın, həm bugünkü Azərbaycan Respublikasının, həm də Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların tarixinin elmi əsaslarda öyrənilməsinin vacib olduğunu bildirib.
Beləliklə, alimlər Fondun rəsmi təqdimatı üçün indiyədək görülmüş və bundan sonra nəzərdə tutulan işləri müzakirə ediblər.
Günün ikinci yarısında Oksford Universitetinin Nizami Gəncəvi mərkəzinin elmi-tədris planina daxil olan tərcümə işinin müzakirəsi aparılıb. Qeyd edək ki, Mərkəz tərəfindən nəşrə hazırlanan “Dahi Azərbaycan şairi Nizami” (Y.Bertels) kitabının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən ingilis dilli versiyasının təqdimatı üçün XIX əsrdə yaşayıb-yaratmış məşhur britaniyalı rəssam Lord Leytonun Ev Muzeyi (https://www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) seçilib bəyənilmişdir. Belə ki, XIX əsrdə yaşamış Lord Leyton Şərqin və İslam dünyasının böyük pərəstişkarı idi. Hətta öz şəxsi evini də (indi muzey olan) Şərq-İslam memarlıq ənənəsi üslubunda qurmuş, heyrətamiz bir atmosfer yarada bilmişdir. Altıdan çox dildə danışan Lord Leyton bu evdə, özünün kiçik Şərq aləmində ömrünün sonuna qədər yaşayıb.
Həmin gün N.Paşayeva və R.Hoyland Londonda yerləşən “Qilqameş” Nəşriyyat Evinin (http://www.gilgamesh-publishing.co.uk/index.html) direktoru Mat Skotla bərabər yuxarıda adı çəkilən kitabın çapının hazırlıq işlərini müzakirə ediblər. 1940-cı ildən bəri ilk dəfə çap olunacaq kitabın təqdimatının bu il Londonda Lord Leytonun ev muzeyində keçiriləcəyi nəzərdə tutulur. Kitabın elmi redaktoru və ön sözün müəllifi Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiqdir. Azərbaycan tərəfindən kitaba ön sözü Elçin Əfəndiyev yazıb və Oksford Universitetində ingilis dilinə tərcümə edilib.
Professor Nərgiz Paşayeva müzakirə zamanı deyib: “Əfsuslar olsun ki, 1940-cı ildən bəri məşhur alim, Qərbdə böyük nüfuza malik Y.Bertelsin əsəri nəinki ingilis dilində hətta rus dilində belə yenidən nəşr edilməyib. “Böyük Azərbaycan şairi Nizami” əsəri ilə Bertels Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, eləcə də milli maraqlara, yetkinliyə və qürura böyük töhfə verib. Bunu dərk və etiraf etmək üçün kitabın adına diqqət yetirmək kifayətdir. Dünya şöhrətli şərqşünasın kitabı bu gün də müəyyən dərəcədə mübahisəli olan məqamları - Nizami irsinin həqiqi ünvanını elmi dəlillərlə, obyektiv tədqiqat metodları, qəbul edilmiş nəzəri kontekstdə doğru müəyyən edir və həll edir. Belə ki, məhz Bertels ilk dəfə Nizamini Azərbaycan şairi kimi elmi dünyaya təqdim edib. Nə gözəl ki, 1940-cı ildə yazılan bu kitab bu gün Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzində tərcümə edilib çapa hazırlanır. Ümidvaram ki, bu hadisənin nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməmək mümkün deyil”.
İncəsənət həvəskarları üçün qeyd edək ki, Lord Leyton (1878-1896) məşhur ingilis rəssamı və heykəltəraşı olub. O dövrün məşhur incəsənət ustaları Eduard von Steyne və Ciovanni Kostadan rəssamlıq dərsi alan Lord Leyton bir müddət İtaliyada çalışdıqdan sonra 1860-cı illərdə Londona qayıdaraq Rafaelə qədərki dövrün rəssamlıq üslubunda yaradıcılığa başlayıb. 1900-cu ildə Fransa paytaxtında keçirilən dünyaşöhrətli Paris Rəssamlıq Sərgisində Böyük Britaniyanı Lord Leyton təmsil edib. O, 1878-ci ildən Kral İncəsənət Akademiyasının prezidenti vəzifəsində çalışıb və 1896-cı ildə Kraliça Viktoriya tərəfindən Lord tituluna layiq görülüb. Ümumiyyətlə, Lord Leyton Britaniyada Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan rəssam kimi tanınır. Onun yaşadığı və rəssam kimi işlədiyi evi və emalatxanası olan bu yer bu gün Böyük Britaniyanın XIX əsrdən qalan incilərindən biri sayılır. Şəxsi həyatı haqqında çox az məlumat olan dahi rəssam İngiltərənin Milli Qalereyasında, müasir Teyt Muzeyində və Kral İncəsənət Akademiyasında təmsil olunan ən məşhur rəssam və heykəltəraşlar arasındadır. Lord Leyton Britaniyada lord titulu ilə təltif edilmiş yeganə rəssamdır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

