Azərbaycanda əhalinin içməli su tələbatı üçün ciddi ehtiyatlar formalaşdırılıb
18.08.2016 [11:52]
Prezident İlham Əliyev: İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir
Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən başlıca cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasətinin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən insan amili əsas götürülür. Bu strateji kursa uyğun olaraq son 12 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanılaraq paytaxt Bakıda və bölgələrdə geniş sosial proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, sağlamlığı, məişət şəraitlərinin yaxşılaşdırılması ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev paytaxtda və bölgələrdə yeni istifadəyə verilən əksər sosial təyinatlı infrastruktur obyektlərinin açılışında şəxsən iştirak edib və Öz tövsiyələrini verib.
Azərbaycan etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyub
Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Prezident İlham Əliyevin qarşıya qoyduğu sosial hədəflərdən biri də respublikada əhalinin içməli suya olan tələbatının yüksək səviyyədə ödənilməsi ilə bağlıdır. Bu, sırf sosial proqramdır. Su layihələrinə ayrılan investisiyalar geri qayıtmasa da, Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirərək bu sahəyə böyük həcmdə sərmayələr yönəldir. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 12 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla içməli su layihələri reallaşdırılıb.
Beləliklə, Azərbaycanda etibarlı su təchizatına nail olunması strateji hədəf kimi qarşıya qoyulub ki, bu da təsadüfi deyil. Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı ilə üz-üzə qalmaq ehtimalı var.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar.
Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü şirin su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Bakıda fasiləsiz içməli suyun verilməsinin təxminən 80 faizə çatdırılması böyük nailiyyətdir
Son illərədək Bakı sakinlərinin təxminən 60 faizi içməli suyu fasilələrlə alırdı. Bundan başqa, əhaliyə verilən suyun tərkibi də arzuolunan səviyyədə deyildi. Prezident İlham Əliyevin yüksək siyasi iradəsi ilə reallaşdırılan yeni su layihələri sayəsində paytaxtımızın və ətraf qəsəbələrin su təminatında əhəmiyyətli dönüş yaranıb. Dövlət başçısı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışındakı çıxışında Bakı şəhərinə fasiləsiz içməli suyun verilməsinin 80 faizə çatmasını tarixi nailiyyət kimi səciyyələndirərək deyib: “Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq, əlbəttə, bizi tam qane edə bilməz”.
Son illərdə paytaxtımızın su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasında Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi mühüm rol oynayıb. Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz içməli suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilib. Hazırda kəmərlə Bakı şəhərinə layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir. Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxtımıza özüaxımlı rejimdə verilən su Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir.
Dünyada ən böyük sutəmizləyici infrastruktur obyektinin Abşeronda yaradılması tarixi hadisədir
Bakının və bütövlükdə Abşeron yarımadasının su təchizatının daha da yaxşılaşdırılmasında mühüm rol oynayan yeni infrastruktur obyektlərindən biri də 2015-ci ilin ikinci yarısında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksidir. Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub. Xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanıqlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələri, o cümlədən də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi müstəqil Azərbaycan dövlətinin siyasi iradəsini və gücünü nümayiş etdirir. Prezident İlham Əliyev kompleksin açılış mərasimindəki çıxışında belə bir unikal, geniş texniki parametrlərə malik infrastruktur obyektinin ölkəmizdə istismara verilməsindən qürur duyduğunu bildirib: “Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb”.
İçməli su təchizatı sisteminin müasir səviyyəyə qaldırılması ilə bağlı layihələr respublikanın bütün bölgələrində həyata keçirilir
Hazırda içməli su təchizatı sisteminin müasir səviyyəyə qaldırılması ilə bağlı layihələr respublikanın bütün bölgələrində həyata keçirilir. Prezident İlham Əliyev bundan məmnunluğunu ifadə edərək deyib: “Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki, bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin”.
Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb. Artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir.
Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur.
Bundan başqa, Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi başa çatdırılıb. Ümumiyyətlə, Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaranıb. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşıb.
Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşıb. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.
Qeyd edək ki, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan iki ili ərzində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. Bu sahədə həyata keçirilən ən böyük layihələrdən biri Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisidir. Prezident İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verir.
Bəhs olunan Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Yeni Dövlət Proqramının icrası çərçivəsində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə smart tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar.
Kəndlərdə də yeni su layihələrinin icrasına start verilib
Əlamətdar haldır ki, hazırda bütün ölkə boyu kənd yaşayış məntəqələrinin də təmiz içməli su ilə təchiz edilməsi istiqamətində intensiv işlər həyata keçirilir. Prezident İlham Əliyev ölkənin hər bir yaşayış məntəqəsində təmiz içməli su təchizatı sisteminin yaradılmasının zəruriliyinə diqqət çəkərək vurğulayıb: “Nəinki Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir”.
Yuxarıda bəhs olunan Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin reallaşdırılması sayəsində düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapıb. Eyni zamanda, Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan dövrü ərzində həmçinin Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də su layihələri reallaşdırılıb, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşıb. Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib.
Ölkə ərazisində, ələlxüsus da kənd yaşayış yerlərində içməli su təchizatının yaxşılaşdırılmasında modul tipli qurğulardan, o cümlədən də subartezian quyularından geniş istifadə olunur. Təkcə son bir neçə il ərzində ölkə ərazisində 1500-ə yaxın subartezian quyusu qazılıb. 2015-ci ilin sonunda isə bu məqsədlə daha 10 milyon manat vəsait ayrılıb.
Ölkənin bütün şəhərləri fasiləsiz su almalıdır
Yuxarıda sadalanan faktlar son illərdə respublikanın indiki dövrdə kifayət qədər aktual olan su təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən işlərin miqyası barədə konkret təsəvvür yaradır. Qarşıya qoyulan hədəflər isə daha böyükdür. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, ölkənin bütün şəhərləri 24 saat fasiləsiz keyfiyyətli su ilə təchiz edilməlidir: “İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

