Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə idarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin əsası qoyulub

“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə idarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin əsası qoyulub

17.08.2016 [16:59]

Prezident İlham Əliyev: “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyada baş verən yeniliklərə, ən son texnologiyalara açıq olan ölkə kimi özünün müasir simasını formalaşdırmaqdadır. Hazırda ölkəmizin müasir siması yalnız qlobal risklərə möhkəm dayanıqlılıq üçün etibarlı zəmin yaradan dinamik sosial-iqtisadi inkişafla səciyyələnmir. Azərbaycan, eyni zamanda, gələcək inkişaf paradiqmalarını məhz müasir dövrün yeni çağırışlarına uyğun müəyyənləşdirir.
Ümumiyyətlə, müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, sosial rifahın yaxşılaşdırılmasını və iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam siyasi kursun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz XXI əsrdə uğurlu milli inkişaf strategiyaları bu komponentləri özündə ehtiva edir.
Hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Beləliklə, ilk növbədə, iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsi milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Nəticə etibarilə, inkişafın milli modelini formalaşdıran Azərbaycanın dinamik tərəqqisinin əsasında, qeyd etdiyimiz kimi, praqmatik, milli maraqlara söykənən strateji kurs, davamlı institusional islahatlar dayanır.
İdarəetmə mexanizminin təkmilləşməsində institusional islahatlar müstəsna əhəmiyyət kəsb edir
Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan idarəetmə sisteminin tamlığını təmin edib.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Bunlarla yanaşı, ölkəmizdə hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın daha dolğun şəkildə təmin edilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilir, qanunvericilik bazası müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilir. Prezident İlham Əliyevin imzaladığı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Fərman da respublikanın dövlət orqanlarında müraciətlərə baxılması qaydalarının optimallaşdırılması, bu sahədə səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Haqqında bəhs edilən qanun ölkə konstitusiyasına uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, həmçinin vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanunda qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Eyni zamanda, qanunda belə bir müddəa öz əksini tapıb ki, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. Dövlət başçısının imzaladığı Fərmanda vətəndaşların müraciətləri ilə bağlı məsələlərin geniş spektri əhatə olunub.
Vətəndaşların keyfiyyətli xidmətlə təmin olunması strateji məqsəd kimi müəyyənləşdirilib
Şübhəsiz, Azərbaycanda dinamik sosial-iqtisadi tərəqqinin əsasında rasional və dəqiqliklə proqnozlaşdırılmış siyasət dayanır. Milli maraqlarımıza müvafiq olan təkmil inkişaf modellərinin uğurla tətbiq olunması və adekvat nəticələrin əldə edilməsı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına və rahatlığına xidmət edən islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər dövlətimizin inkişafını dinamik və intensiv surətdə təmin edən faktorlar qismində çıxış edir.
Bunlarla yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də hökumətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb, konkret əməli tədbirlər görülüb. Bu kontekstdə, heç şübhəsiz, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” (Azerbaijan Service and Assessment Network) mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Bu günədək 700 minə yaxın vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.
Xidmət sektorunda həyata keçirilən islahatlardan söhbət açarkən Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanın önəmini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycan güclü turizm potensialına malik olan ölkədir. Yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun turizm kimi gəlirli sahəsini inkişaf etdirməklə respublikamıza böyük məbləğdə valyuta axınını təmin etmək, eyni zamanda, məşğulluq kimi sosial məsələnin həllinə sanballı töhfə vermək mümkündür. Şübhə yoxdur ki, haqqında bəhs olunan Fərman ölkəmizə turist axınının artmasına müsbət təsir göstərəcək.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı qeyd edib ki, “ASAN xidmət” Azərbaycan məhsuludur: “Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində, böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər”.
“ASAN xidmət”in yüksək standartlara söykənən fəaliyyəti mütərəqqi nümunədir
“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində qurur və inkişaf etdirir. Prezident İlham Əliyev qeyd edib ki, “ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir: “Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdırlar. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində, belə də olmalıdır. “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir”.
“ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilməlidir. Azərbaycana məxsus olan bu yenilik, əslində, dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Eyni zamanda, “ASAN xidmət”in yüksək standartlara söykənən fəaliyyəti Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılmasına yüksək töhfə verən mühüm amillərdən biridir. Agentliyin ötən zaman ərzindəki fəaliyyəti deməyə əsas verir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması kimi nəticələr qeydə alınıb ki, bu da bəzi hallarda yol verilən neqativ hallara qarşı ən məqbul mübarizə formasıdır.
Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur: “Birincisi, bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik. Çünki cəmiyyətimizi korrupsiya, rüşvətxorluq qədər sarsıdan ikinci bəla yoxdur. “ASAN xidmət” bu istiqamətdə liderdir. Mən bu barədə rəsmi çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, hər bir dövlət orqanı belə şəffaf işləməlidir və cəmiyyət də bunu görür, insanlar da bunu görürlər. Ona görə də bu xidmətin fəaliyyətini bəyənirlər”.
İslahatlar ardıcıl və kompleks xarakter daşıyır
Beləliklə, Azərbaycanda həyata keçirilən davamlı, ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Bütün bunlara paralel olaraq struktur islahatlarının davam etdirilməsi nəzərdə tutulub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Bütövlükdə, ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31