Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın bölgələrinin siması dəyişib, regionlar iqtisadi güc amilinə çevrilib

Azərbaycanın bölgələrinin siması dəyişib, regionlar iqtisadi güc amilinə çevrilib

13.08.2016 [10:07]

Prezident İlham Əliyev: Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Respublikamızda regionların sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdi. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Azərbaycanda bəhs olunan Dövlət proqramlarının uğurla reallaşmasını şərtləndirən əsas amil ondan ibarətdir ki, Prezident İlham Əliyev regional inkişaf strategiyası ilə bağlı ciddi siyasi iradə nümayiş etdirir. Dövlət başçısı tez-tez ölkənin müxtəlif bölgələrinə səfərlərə gedir, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirir. Belə səfərlər və görüşlər bir qayda olaraq izsiz ötüşmür.
Bu günlərdə isə Prezident İlham Əliyev respublikamızın dilbər güşələrindən olan İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub. Həmişəki kimi, dövlət başçısının regionlara budəfəki səfər proqramı da kifayət qədər zəngin və yaddaqalan olub. Dövlət başçısı İsmayıllıya və Qəbələyə səfərləri çərçivəsində yeni tikilən bir sıra obyektlərin açılışına qatılıb və dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyev İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdə ölkəmizin inkişafından məmnunluğunu ifadə edərək deyib: “Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır”.
Şamaxıdan Balakənə qədər olan bölgənin beynəlxalq turizm zonasına çevrilməsi istiqamətində fəal işlər həyata keçirilir
Azərbaycanın regional inkişaf strategiyasında hər bölgənin malik olduğu potensiala və ənənələrə uyğun inkişaf etdirilməsinə böyük önəm verilir. Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında keçirdiyi görüşlərdə hər iki rayonda turizmin inkişaf etdirilməsinin önəmini xüsusi nəzərə çatdırıb. Dövlət başçısı yuxarıda bəhs olunan görüşdə son vaxtlar bölgəyə turist axınının artmasından məmnunluğunu bildirərək, eyni zamanda, Şamaxıdan Balakənədək olan coğrafiyada beynəlxalq səviyyəli turizm zonasının yaradılmasının vacibliyini vurğulayıb: “Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir”.
Prezident İlham Əliyevin İsmayıllıya və Qəbələyə səfəri çərçivəsində bölgənin turizm potensialından səmərəli istifadə edilməsinin vacibliyinə diqqət çəkməsi yeni iqtisadi şəraitdə meydana gələn çağırışlar kontekstində böyük aktuallıq kəsb edir. Respublikamızda qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafının prioritetliyindən söhbət açarkən bütün ölkə boyu turizm sektorunun inkişaf perspektivlərini ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Son 12 ildə ölkəmizdə davamlı dövlət dəstəyi sayəsində həyata keçirilən tədbirlər regionların turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Əlamətdar haldır ki, paytaxt Bakı da daxil olmaqla ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Azərbaycanın regionlarının turist cəlbediciliyinin artmasında həmçinin bütün turist marşrutları üzrə yaradılan mükəmməl infrastruktur mühüm rol oynayır. Respublikamızda turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına böyük diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Son illərdə ölkəmizin dünyada tanıdılması istiqamətində görülən tədbirlər, eləcə də Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi birinci Avropa Oyunları, “Formula-1” yarışları, dünyanın tanınmış ictimai-siyasi xadimlərini bir araya gətirən qlobal forumlar respublikamızın imicini əhəmiyyətli dərəcədə yüksəldib. Qeyd olunan idman yarışlarını, beynəlxalq forumları dünyada çoxlu sayda insan izləyib və təbii ki, onlarda ölkəmizə maraq yaranıb. Cari ilin 6 ayında respublikamıza yaxın, uzaq ölkələrdən turist axınının əvvəlki illərlə müqayisədə bir neçə dəfə artması deyilənlərin təsdiqidir. Ölkəmizə təşrif gətirən turistlər onların yay istirahətlərini keçirmək üçün Azərbaycanı seçmələrinə səbəb olan amillər sırasında ölkəmizin gözəl təbiəti, fauna və flora müxtəlifliyi ilə yanaşı, həm də burada multikultural dəyərlərə yüksək önəm verildiyini, ictimai-siyasi sabitliyi, hər addımda yerli sakinlərin qonaqpərvərliyi, xoş niyyəti ilə rastlaşmalarını xüsusi vurğulayırlar.
Prezident İlham Əliyev İsmayıllıya və Qəbələyə səfərləri çərçivəsində hər iki rayonun turizm imkanları ilə yaxından tanış olub və bir sıra turistyerləşdirmə obyektlərinin açılışında iştirak edib. Qeyd edək ki, Qəbələdə və İsmayıllıda cari yay turizm mövsümü izdihamlı keçir. Hər iki rayonda yay turizm mövsümünə rəsmən iyunun 15-də start verilib. Növbəti yay turizm mövsümünün başladığı elə ilk gündən turistlərin bu diyara intensiv axını müşahidə olunur. Qəbələdə bir gündə 2500-dən çox qonağı yüksək səviyyədə qəbul etmək imkanına malik 5, 4 və 3 ulduzlu 20 hotel fəaliyyət göstərir. Rayonda təbiət qoynunda rahat şəkildə ailəvi istirahət etmək üçün həmçinin kiçik hotellər, bir neçə istirahət və əyləncə mərkəzi, turist bazaları da var. Ümumilikdə isə irili-xırdalı 100-dən artıq turizm obyekti turistlərin xidmətindədir.
Cari yay mövsümündə İsmayıllı rayonuna gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə hotel və restoran xidmətlərinin qiymətlərində endirimlərlə bağlıdır. Qiymətlərin aşağı düşməsinə səbəb rayonda turizm obyektlərinin çoxluğu və onlar arasındakı rəqabətlə əlaqədardır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 10-da Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” hotelinin açılışına qatılıb. Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu hotelin inşası 2014-2016-cı illərdə “Şinkar Holdinq” MMC tərəfindən həyata keçirilib.
Prezident İlham Əliyev Qəbələdə icrası davam edən bir sıra turizm və idman infrastrukturu layihələri ilə də tanış olub. Şübhə yoxdur ki, yeni layihələr gələcəkdə bəhs olunan bölgələrə turist axınını artırmaq üçün nəzərdə tutulub. Hər iki rayonun turizm potensialı isə daha genişdir. Prezident İlham Əliyev Lahıc, Basqal kimi kəndlərə malik İsmayıllıda turizm potensialından maksimum istifadə edilməsinin hamının işi olduğunu bildirib: “Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun”.
Müasir infrastrukturun yaradılması regionların inkişafı üçün əsas şərtdir
Ardıcıllıqla həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Bütün ölkə boyu yaradılan müasir infrastruktur bölgələrin iqtisadi potensialından səmərəli istifadə olunmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə zəmin yaradıb. Prezident İlham Əliyev bölgələrdə reallaşdırılan infrastruktur layihələrinin önəminə diqqət çəkərək deyib: “Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi”.
Son 12 ildə ölkəmizdə aparılan müasir infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Son 12 ildə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb. Nəticədə, 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Təkcə ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Ölkədə həyata keçirilən su layihələri regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Son 12 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Paralel surətdə regionlarda əhalinin içməli su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bəhs edilən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb. Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkəmizdə qazlaşdırmanın səviyyəsi 80 faizi ötüb.
Prezident İlham Əliyevin İsmayıllı və Qəbələ rayonlarına səfərləri çərçivəsində yeni infrastruktur obyektlərinin açılışında iştirak etməsi dövlət başçısının ölkəmizdə infrastruktur təminatının gücləndirilməsini daim diqqət mərkəzində saxladığını təsdiqləyir. Dövlət başçımızın regionlara növbəti səfəri çərçivəsində açılışına qatıldığı sosial və digər infrastruktur obyektlərinin siyahısı kifayət qədər uzundur. Bura Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçası, Qəbələ regional “ASAN xidmət” mərkəzi, “Qəbələ” Park-Bulvar Kompleksi, Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavası, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, əsaslı təmir olunan İsmayıllı Olimpiya İdman Kompleksi, İsmayıllıda 140 yerlik körpələr evi-uşaq bağçası və digər obyektlər daxildir.
Hər iki rayonda quruculuq-abadlıq işləri, müasir infrastruktur yaradılması bundan sonra da davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyev İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında, həmçinin Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlar imzalayıb. Bəhs olunan birinci Sərəncama əsasən, İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, ikinci Sərəncama əsasən isə Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılması nəzərdə tutulub.
Yeni yaradılan müəssisələr regionların inkişafında mühüm rol oynayır
Son illərdə ölkəmizdə yeni regional sənaye quruculuğuna start verilməsi ilə respublikanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə dəyişib. Regionlarda yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərərək ölkənin iqtisadi potensialının artmasında, o cümlədən də bölgələrdə məşğulluq probleminin həllində mühüm rol oynayır. Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquqi və s. xidmətlərin göstərilməsində maraqlı olan hüquqi və fiziki şəxslərin də layihə təklifləri qəbul olunur. “Qazax Sement Zavodu” MMC Azərbaycanın qərb regionunda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırkı istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. “Qazax Sement Zavodu” MMC hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Zavod 2015-ci və 2016-cı illərdə istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə və 25 faizədək bazar payına nail olub. Müəssisə ixrac potensialını artıraraq, 2016-cı il üçün xarici valyuta daxilolmalarının 50 faizə, növbəti illərdə isə 80 faizə çatdırılmasını proqnozlaşdırır. Cari il iyunun 17-də Ağstafada “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməli qoyulub. Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” sənaye parkında müasir texnologiyalara əsaslanan bir sıra istehsalatlar fəaliyyət göstərəcək. Növbəti Sənaye Məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev cari il iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində İsmayıllıda “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. Prezident İlham Əliyev regionda belə müasir müəssisənin istifadəyə verilməsini ölkəmizin inkişafı kimi səciyyələndirərək deyib: “Bu istehsal əslində ölkəmizin inkişafını göstərir. Göstərir ki, Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yeni istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir”.
Bölgələrdə yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, respublika iqtisadiyyatının neftdən asılılığının azalmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev diqqəti bu cəhətə yönəldərək vurğulayıb: “Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31