Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mətbuatının böyük dostu və hamisi - Prezident İlham Əliyev

Azərbaycan mətbuatının böyük dostu və hamisi - Prezident İlham Əliyev

27.07.2016 [09:49]

Ölkə mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və söz, fikir, özünüifadə azadlığının konstitusion təsbitidir
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Bu kontekstdə davamlı islahatların həyata keçirilməsini isə xüsusi vurğulamaq gərəkdir.
Modern hüquqi dövlət olan Azərbaycanda bütün azadlıqlar təmin edilib
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi - institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Ümumiyyətlə, Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatmağa nail olub. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Digər tərəfdən, Azərbaycanın demokratik inkişafını təmin edən başlıca strateji amillər sırasında institusional islahatlar xüsusi yer tutur. Bu islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Demokratik inkişaf yolunda əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək: “Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər”.
Şübhəsiz, ölkəmizdə reallaşdırılan demokratik islahatlar ardıcıl, davamlı xarakter daşıyır. Prezident İlham Əliyev deyib: “Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin”.
Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Prezident İlham Əliyev bildirib ki, demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir: “Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır”.
Heç şübhəsiz, demokratik, azad cəmiyyətin formalaşmasını qabaqcıl ideyaların daşıyıcısı olan mətbuatsız təsəvvür etmək mümkün deyil. Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Prezident İlham Əliyev ölkəmizdə azad mətbuatın fəaliyyətini demokratiyanın əsas əlamətlərindən biri kimi səciyyələndirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb: “Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.
Bütövlükdə, milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı”.
Mətbuatın ictimai institut kimi inkişafı dövlətin diqqət mərkəzindədir
Yeri gəlmişkən, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ümumiyyətlə, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və mətbuat nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir: “... Ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir”.
Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafını təmin edən çoxsaylı islahatların əsasının qoyulması, bu sahədə davamlı inkişaf meyillərinin meydana çıxması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm addımlardan biri mətbuatın böyük hamisi olan Ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi olub. Sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı. Bundan başqa, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Beləliklə, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.
Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan dövlət vəsaiti Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını bəzi neqativ tendensiyalardan müəyyən mənada ayırdı.
Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir hadisə baş verdi. Belə ki, 2013-cü il iyulun 22-də - Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı oldu və jurnalistlər üçün yeni binanın təməli atıldı - 2013-cü il iyulun 22-də Azərbaycan Prezidenti KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoydu.
Beləliklə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara adekvat cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb və öz üzərinə düşən vəzifələri yerinə yetirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır: “İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən, Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31