Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Diaspora təşkilatlarımız xarici mediaya çıxışı təmin etmək üçün yüksək fəallıq göstərməlidirlər

Diaspora təşkilatlarımız xarici mediaya çıxışı təmin etmək üçün yüksək fəallıq göstərməlidirlər

07.06.2016 [10:15]

Prezident İlham Əliyev: Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun
Dünyanın siyasi tarixindən bəllidir ki, xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb edən bir sıra amillərlə bağlıdır. Ən başlıca amil tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün həlledici faktor kimi çıxış etmiş milli identiklik, həmrəylik və özünüdərkdir. Bu baxımdan, Azərbaycan xalqının milli həmrəylik və bütövlüyünün təmin olunması milli identikliyin təmini sayəsində mümkün olub. İdentikliyə isə, ilk növbədə, milli dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, xalqın həmrəyliyini təmin edəcək ideologiyanın formalaşdırılması və ictimai-siyasi sabitliyin bərqərar olunmasının fonunda nail olunub.
Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən uğurlu diaspor siyasətidir. Sirr deyil ki, Azərbaycanın həm də beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında irəliləyişinin təmin olunması, mövqeyinin güclənməsi naminə həyata keçirilən çoxtərəfli diaspor siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə önəmli töhfələr verir. Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin aktual çağırışlara müvafiq surətdə həyata keçirdiyi uğurlu diaspor siyasətinin qanunauyğun nəticəsi kimi, hazırda milli həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında diaspora təşkilatlarının üzərinə böyük məsuliyyət düşür
Ümumiyyətlə, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin müsbət beynəlxalq imicinin qorunub saxlanması xarici siyasət kursunun mühüm istiqamətləri sırasında yer alır. Məlumdur ki, milli maraqlara və qlobal çağırışlara əsaslanan müstəqil xarici siyasət kursu həm ölkənin suverenliyinin qorunmasına, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Bu, eyni zamanda, Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirir, ölkəmizin regional və qlobal əhəmiyyətli layihələrdə uğurla iştirakına imkan yaradır. Bu kontekstdə Cənubi Qafqaz regionunun güclü və nüfuzlu aktoru olan, müstəqil strateji kursu ilə fərqlənən Azərbaycan dövləti ölkə reallıqlarının daha çevik və effektiv şəkildə beynəlxalq aləmdə öz əksini tapmasına, bəzi anti-Azərbaycan dairələr tərəfindən dövlətimizə, xalqımıza qarşı həyata keçirilən “qara piar” kampaniyasının neytrallaşdırılmasına xüsusi diqqət yetirir. Bu sırada, şübhəsiz, diaspor təşkilatlarının da üzərinə ciddi məsuliyyət və vəzifələr düşür. İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, bizim xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yoxdur: “Hazırda bizim 92 diplomatik nümayəndəliyimiz, 60 səfirliyimiz var. Qeyd etdiyim kimi, bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə, - Ermənistandan başqa, - heç bir problemimiz yoxdur”.
Sadalananlarla yanaşı, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması işində xarici media qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması müstəsna önəm daşıyır. Əlbəttə, burada əsas hərəkətverici qüvvə kimi diaspor təşkilatları xüsusi rol oynamalıdırlar. Çünki ölkəmizi təmsil edən həmin təşkilatlar xarici mediaya çıxışı təmin etmək üçün daha geniş imkanlara malikdirlər. Dövlətimizin başçısı bu məqamlara toxunaraq əlavə edib ki, Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırılır: “Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu, əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur”.
Xarici ölkələrdə təbliğat işinin düzgün qurulması ermənilərin ölkəmizə qarşı “qara piar” kampaniyasının iflasa uğradılmasında böyük əhəmiyyətə malikdir
Bununla yanaşı, xarici media qurumları ilə səmərəli əlaqələrin qurulması, o cümlədən xarici ölkələrdə təbliğat və informasiya işinin düzgün aparılması ölkəmizə qarşı ermənilər və anti-Azərbaycan dairələr tərəfindən aparılan “qara piar” kampaniyasının iflasa uğradılmasında da əhəmiyyətli rol oynayır. Dövlət başçısının qeyd etdiyi kimi, aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb: “Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.
Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə, media ilə iş aparılmalıdır. Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək”.
Bu məqamda vurğulamaq lazımdır ki, ölkəmizin beynəlxalq nüfuzunun artması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır. Bu məqsədlə Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. Eyni zamanda, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımının tanınması istiqamətindəki fəaliyyətini intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız, qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər bir kəs səfərbər edilərək prosesə qoşulub.
Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələrə münasibətini ortaya qoyur. Beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində uğuru, eləcə də diaspor siyasətinin uğurudur.
Bunlara paralel olaraq diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin media məkanında kifayət qədər aktiv olmaları da zərurətə çevrilib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məsələni xüsusi olaraq ön plana çəkib. Dövlət başçısı bildirib ki, diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar: “Biz bunu hələ ki, görmürük. O internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun.
Yenə də deyirəm, biz informasiya dövründə yaşayırıq və informasiyanın əhəmiyyəti getdikcə artacaq. Biz buna hazır olmalıyıq. Bilirsiniz ki, erməni diasporu bunu öz hesabına edir. Ermənistan səfil bir ölkədir, orada heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər, nəinki indi harasa, xaricə nəsə yardım edə bilsinlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir və həll edə bilər, dəstək verir və verə bilər. Sadəcə olaraq, bu işlər məqsədyönlü şəkildə aparılmalıdır və səmərəli şəkildə qurulmalıdır. Beləliklə, Azərbaycan reallıqları haqqında həqiqətə uyğun informasiya veriləcək”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31