Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini zəruri edir

Yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini zəruri edir

07.06.2016 [10:09]

Aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi beynəlxalq aləmin status-kvonun saxlanmasının yolverilməz olmasına dair konkret mövqe ortaya qoymasını şərtləndirdi
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət kimi çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, işğalçı Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə, təxribatçı hərəkətlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir.
Beynəlxalq aləmdə Azərbaycana məğlub ölkə kimi yanaşma tendensiyası aradan qaldırıldı
Vurğulamaq yerinə düşər ki, cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərinə Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilməsi bir sıra məqamlardan xəbər verdi. Əvvəla, bir daha bəlli oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan edən Azərbaycandan fərqli olaraq işğalçı ölkə sülh istəmir. İkincisi, Ermənistan danışıqlar prosesini pozmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Üçüncüsü, beynəlxalq aləm və dünyanın aparıcı dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığına və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair konkret mövqe ortaya qoymaqdadır. Ermənistan isə qeyri-konstruktiv mövqeyini davam etdirməklə, beynəlxalq hüquq normalarını və dünya ictimaiyyətinin çağırışlarını heçə saymaqla mövcud status-kvonu mühafizə etməyə çalışır.
Bunlarla yanaşı, Ermənistanın təxribatçı hərəkətlərinin məharətlə qarşısının alınması və ordumuzun düşmənə öz gücünü, əzmini göstərməsi ilə həm də beynəlxalq aləmdə Azərbaycana məğlub ölkə kimi yanaşma tendensiyası aradan qaldırıldı. İndiyə qədər belə bir təəssürat var idi ki, Azərbaycan məğlub tərəf statusunda danışıqlarda iştirak edir. Məhz buna görə də Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmurdu və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir əməli addım atılmırdı. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu imitasiya xarakterli danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı tərəfə - Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmürdü. Amma hazırkı situasiya tamamilə fərqlidir. Belə ki, hazırda danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, eyni zamanda, Ermənistan konstruktiv dialoqa dəvət olunub.
Bu məqamda qeyd edək ki, Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışıb və əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda cəbhə xəttində təxribatlara əl atıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə təxribata əl atdı. Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirir, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyil göstərmirdi. Azərbaycan ordusunun apreldə düşmənə layiqli cavab verilməsi isə həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.
Nəticə etibarilə, həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti və xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.
Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruri olduğunu bəyan edirlər
Hazırda isə Azərbaycan öz qətiyyətli və prinsipial mövqeyini davam etdirir. Bunun qanunauyğun nəticəsi kimi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruri və qaçılmaz bir proses olduğunu bəyan edirlər. İndiyədək beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Belə olan halda, işğalçı ölkə rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır. Son hadisələrin fonunda isə ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınayır. Əlbəttə, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunur. Bununla da Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi...
Qeyd etdiyimiz kimi, aprel döyüşlərindən sonra - Azərbaycanın qətiyyətli mövqeyinin və düşmənin təxribatçı hərəkətlərinə layiqli cavab verməsi fonunda ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan başqa, son hadisələrin fonunda ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan ediblər. Məsələn, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanatında qeyd edilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməlidir. Bəyanatda Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi ilə bağlı təşkilatın narahatlığı ifadə olunub. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına dair İƏT-in mövqeyi bir daha diqqətə çatdırılır, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb.
Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib. Bəyanatda deyilib ki, dünya birliyi Ermənistanı məcbur etməlidir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmağı tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirsin. Artıq bunun vaxtıdır və Ermənistan bu qətnamələrə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır. Britaniyalı deputat vurğulayıb ki, Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır. Almaniya Bundestaqının deputatı Mark Hauptmann bildirib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib. Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları keçmişdə bunu təkrar-təkrar bildirib və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını birmənalı şəkildə tələb edib. Bundestaqın deputatı vurğulayıb ki, Almaniya və Avropa İttifaqı Dağlıq Qarabağın işğal altında qalmasına qarşı çıxır. Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və Avropa Şurasının münaqişəyə dair qəbul etdikləri sənədlər icra olunmalıdır. Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio-de-Janeyro şəhər Şurasının xarici əlaqələr komissiyasının sədri Sezar Mayanın birgə bəyanatında isə diqqətə çatdırılıb ki, təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatlar yolverilməzdir: “Biz hamımız bilirik ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır. İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Təəssüflər olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana bu qətnamələri icra etməsi üçün təzyiq göstərməlidir. Baş verənlərlə əlaqədar olaraq, Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.
Şübhəsiz, bu nümunələrin sayını artırmaq olar, amma təkcə nəzər yetirilənlər də deməyə əsas verir ki, baş verən hadisələr ərəfəsində dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının zəruriliyini bəyan etdi.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel
sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq
salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31