Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti böyük humanizm nümunəsi

Növbəti böyük humanizm nümunəsi

24.05.2016 [10:03]

Mehriban xanım Əliyeva: Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik
Xəbər verdiyimiz kimi, mayın 20-də Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul edib. Əlbəttə ki, belə əlamətdar gün ərəfəsində bu qərarın qəbul olunması xüsusi əhəmiyyət və məna daşıyr. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Amnistiya aktının qəbul olunması ilə bağlı müraciətində deyilir ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirib və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsinə yazılmasında və tanınmasında müstəsna xidmətləri olub: “Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmazdan öncə Ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə cümhuriyyətin üçrəngli bayrağını ilk dəfə rəsmi olaraq dalğalandırıb.
Azərbaycan xalqının xoşbəxtliyi onda olub ki, müstəqil dövlətçiliyin müqəddəratının həll edildiyi ağır günlərdə - 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib”.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir
Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təsbit olunması və cəmiyyətdə humanizm prinsiplərinin bərqərar edilməsi istiqamətində ciddi dönüş yaranıb. Ümummilli lider daim humanizm məfkurəsindən çıxış edərək mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutub. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə, insanların hakimiyyətə olan etimadının da yüksəlməsinə xidmət edib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər Heydər Əliyev, həmçinin törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, cəzasının bir hissəsini çəkən 3 mindən artıq şəxsi də əfv edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsinə söykənib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imzaladığı əfv sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib. Dövlət başçısı son 13 ildə imzaladığı əfv Fərman və sərəncamları ilə 6 min 472 nəfərə azadlıq bəxş edib. Əfv sərəncamlarının, adətən, müxtəlif bayramlar öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Bu səbəbdən də, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat artması şübhəsizdir.
Ulu öndərin humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun başlıca məramlarından biridir
Ulu öndərin humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə birinci dəfə Milli Məclisdə 2007-ci il mayın 8-də “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar qəbul edilib və 9877 şəxs cəzadan azad olunub. Fond tərəfindən növbəti amnistiya təşəbbüsü 2009-cu ildə edilib. 7 mart 2009-cu il tarixində Milli Məclis “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Qərar 9564 nəfər məhkuma şamil edilib və onlardan 1700-ü cəzaçəkmə yerlərindən azad olunub. Azərbaycan Respublikası Milli Məclisi 2013-cü il mayın 7-də Ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə xalqımızın ehtiramını ifadə edən, Onun zəngin mənəvi irsini yaşadan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək Ümummilli liderin 90 illik yubileyi münasibətilə “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Bu qərar 10 min 40 şəxsi əhatə edib. Ümumiyyətlə, son 21 il ərzində 110 mindən artıq şəxsə amnistiya tətbiq olunub, 10 min nəfərə yaxın məhkum isə əfv olunub. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah olunmalarını stimullaşdırıb, ölkə əhalisi tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Qeyd edək ki, sonuncu amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəklər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcək. Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcək. Bu amnistiya aktı 3 min 500-ə yaxın şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir. Əvvəlki qərara əsasən 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər böyükdür. Hazırkı amnistiya aktı 10 min nəfərə şamil olunur ki, əvvəlkilərlə müqayisədə bu, min nəfər çoxdur.
Mehriban xanım Əliyeva mayın 20-də Milli Məclisdə sözügedən qərar layihəsinin müzakirəsində çıxışı zamanı qeyd edib ki, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik: “Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər”.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib
Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Heydər Əliyev Fondunun yarandığı vaxtdan həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri də ardıcıl olaraq humanist addımların atılmasıdır.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sözügedən iclasda çıxışı zamanı deyib ki, 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib.
Bütövlükdə, mayın 20-də qəbul olunan Amnistiya aktı da Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub saxlanması kimi xarakterizə edilir. İndiyədək Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan olunan amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiyanın elan edilməsi cəmiyyətimizin müsbət əhval-ruhiyyəsini daha da canlandırıb, neçə-neçə ailələrə səadət, sevinc bəxş edib. Ona görə də, tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın bu təşəbbüsü də Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Mehriban xanım Əliyeva Milli Məclisdə çıxışı zamanı bu məqama diqqət çəkərək qeyd edib ki, Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır: “Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi hər zaman doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir”.
Cinayət törədənlərin əfv olunması humanizm və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
Ümumiyyətlə, cinayət törədənlərin əfv olunması istər humanizm, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Bildiyimiz kimi, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir.
Beləliklə, dövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə həyatda layiqli yer tapmasına da şərait yaradır. Cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır. Cəzaçəkmə müəssisələrindəki insanların yenidən azad, fəal həyata qaytarılmasını təmin etmək onların üzərinə düşən məsuliyyət artırmış olar. Bu məsuliyyət yenidən cinayət törətməmək, Azərbaycanın layiqli vətəndaşı kimi yaşamaq, ictimai faydalı işlərlə məşğul olmaq, vətənə, dövlətə layiqli vətəndaş olmağı özündə ehtiva edir.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31