Azərbaycanda evsiz ailə qalmayacaq
14.04.2016 [10:00]
Prezident İlham Əliyev: Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir
Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Məlumdur ki, digər ölkələrdə böhran zamanı ya maaşları dondurur, ya kəsirlər, ya da maaşların verilməsində problemlər yaşanır. Azərbaycanda isə ötən ilin son ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra tamam fərqli mənzərə müşahidə edilir. Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Beləliklə, ölkəmizdə bütün sosial ödənişlər cari il fevral ayının 1-dən etibarən orta hesabla 10 faiz artırılıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Sadalanan bu statistika həmçinin bütün ölkə boyu yaradılan güclü sosial infrastruktur Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətdə sosial istiqamətin prioritet olduğunu təsdiqləyir. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan əsas hədəf Azərbaycanı yaxın perspektivdə sosial inkişaf baxımından dünyanın qabaqcıl ölkələri sırasına çıxarmaqdan ibarətdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanın sosial dövlət olduğunu xüsusi vurğulayaraq bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Yaxın zamanlarda ictimaiyyətə sosial mənzillərin tikintisi proqramı təqdim ediləcək
Ölkəmizdə sosial siyasətin daha dolğun məzmun kəsb etməsi və əhatə dairəsinin genişlənməsinə nail olmaq üçün daim yeni təşəbbüslər irəli sürülür. Bilavasitə insanların mənafeyinə yönələn bu təşəbbüslər isə bir qayda olaraq Prezident İlham Əliyevdən gəlir. Dövlət başçısı Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində respublikamızda yeni sosial təşəbbüsün reallaşdırılacağını bəyan edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir.
Müstəqil Azərbaycanda indiyədək sosial mənzillərin tikintisi praktikası olmayıb. Bu, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan tamamilə yeni bir ideyadır. Ölkəmizdə Prezident İlham Əliyevin bəyan etdiyi yeni sosial proqram dünya təcrübəsinə istinad edilərək həyata keçiriləcək. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada, qardaş Türkiyədə sosial mənzillərin tikintisi ilə aztəminatlı əhalinin mənzil probleminin həllinə dəstək verilməsi praktikasından geniş istifadə olunur. Sosial mənzil fondları həmçinin bizə coğrafi baxımdan da yaxın olan bəzi MDB ölkələrində də yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan da beynəlxalq təcrübəni ətraflı öyrənərək ondan istifadə etməyi qərarlaşdırıb. Sosial mənzillərin tikintisini yeni təşəbbüs kimi səciyyələndirən Prezident İlham Əliyev bildirib ki, belə mənzillərin tikintisinə ölkəmizdə böyük tələbat var: “Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var”.
Təbii ki, sosial mənzillər inşa olunarkən müxtəlif ölkələrin təcrübəsi Azərbaycanda olduğu kimi tətbiq edilməyəcək. Sosial mənzillər tikilərkən respublikamızın iqtisadi inkişafı ilə bağlı fərqli cəhətlər mütləq nəzərə alınacaq.
Sosial Mənzil Fondu mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə verilən kreditlə təqdim edəcək
Sirr deyil ki, ölkəmizdə xeyli sayda aztəminatlı ailənin mənzil şəraiti arzuedilən səviyyədə deyil. Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək. Prezident İlham Əliyev vurğulayıb ki, Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir.
Azərbaycanın malik olduğu güclü iqtisadi potensial və maliyyə imkanları elan olunan yeni sosial proqramın uğurla həyata keçiriləcəyinə böyük əminlik yaradır. Müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanda kifayət qədər güclü iqtisadi dayaqlar qurulub, ölkəmiz regionun lider dövləti səviyyəsinə yüksəlib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxu məhz respublikamızın payına düşür. Eyni zamanda, ötən illərdə ölkəmizin valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Azərbaycan xarici borclanmaya daha az məruz qalan ölkələr sırasında yer alır və respublikamızın maliyyə imkanları iri infrastruktur layihələrini, o cümlədən də sosial məzmunlu proqramları həyata keçirməyə imkan verir. Geniş maliyyə imkanlarına malik olan Azərbaycanda dövlətin dəstəyi ilə Sosial Mənzil Fondunun yaradılması büdcə üçün heç bir problem doğurmayacaq. Əvəzində dövlət büdcəsindən ildə müəyyən qədər vəsaitin ayrılması aztəminatlı ailələrin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradacaq. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin maya dəyərinin mövcud bazar qiymətlərindən xeyli aşağı olacağı proqnozlaşdırılır. Aztəminatlı ailələr ayda müəyyən qədər vəsait ödəməklə təxminən 20 il ərzində mənzillərə sahib olacaqlar.
Azərbaycanda sosial mənzil tikintisi proqramının uğurla reallaşacağına böyük inam yaradan başqa bir mühüm amil respublikamızda inşaat sektorunun sürətli inkişafı ilə bağlıdır. Son illərdə ölkənin müxtəlif regionlarında inşaat materialları buraxan yeni müasir müəssisələr işə salınıb. Artıq respublikamız sementə və bir sıra digər tikinti materiallarına olan tələbatını sırf daxili istehsal hesabına təmin etmək iqtidarındadır. Azərbaycanın tikinti sektorunun texniki təchizat və kadr potensialı da yüksək səviyyədədir. Şübhə yoxdur ki, sadalanan amillər sayəsində ölkəmizdə yeni sosial təşəbbüs yaxın gələcəkdə reallığa çevriləcək. Proqramın reallaşdırılması sayəsində Azərbaycanda evsiz ailə qalmayacaq.
Sosial mənzillərin tikintisi bütün ölkə boyu aparılacaq
Dünyada nümunəvi inkişaf modeli ilə fərqlənən Azərbaycan ölkənin bütün regionlarının tarazlı inkişafına nail olmağı qarşıya məqsəd qoyub. Buna nail olmaq üçün Prezident İlham Əliyevin müvafiq fərmanları ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul edilib. 2004-cü ildən etibarən ölkəmizdə iki belə Dövlət Proqramı uğurla yekunlaşıb, hazırda isə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı yerinə yetirilir. Beləliklə, Azərbaycanın tarazlı regional inkişafı konseptual əsaslarla təmin olunur. Yeni təşəbbüs olan sosial mənzillərin tikintisi də məhz ölkənin bütün bölgələrinin tarazlı inkişaf konsepsiyasına uyğun surətdə həyata keçiriləcək. Belə ki, sosial mənzillərin tikintisinin əhatə dairəsi yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmayacaq. Belə mənzillər Bakı da daxil olmaqla, ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində inşa olunacaq ki, bu aztəminatlı əhalinin mənzil probleminin aradan qaldırılmasında yeni bir mərhələ olmaqla yanaşı, regionlarda işsizliyin azaldılması baxımından böyük əhəmiyyət daşıyır.
Məlumdur ki, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunmasına xüsusi önəm verilir. Bu məqsədlə ayrıca Dövlət proqramları qəbul edilib. Eyni zamanda, 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkəmizdə 1,5 milyondan artıq yeni iş yeri yaradılıb ki, onların da böyük qismi məhz bölgələrin payına düşür. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda işsizliyin səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Prezident İlham Əliyev isə ölkədəki müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasını daimi prosesə çevirməklə bağlı qarşıya mühüm vəzifə qoyub. Qlobal təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə isə əhalinin məşğulluğunun təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bütün bu deyilənləri nəzərə aldıqda yeni iqtisadi şəraitdə Bakı da daxil olmaqla ölkənin hər yerində sosial mənzillərin inşasına başlanılması və beləliklə də, çoxlu sayda yeni iş yerlərinin yaradılmasının əhəmiyyəti barədə konkret təsəvvür yaranır. Prezident İlham Əliyev də respublikanın bütün şəhərlərində, rayon mərkəzlərində sosial mənzillərin tikintisinin aparılmasını məhz bu kontekstdən dəyərləndirərək belə mənzillərin inşasının həm maddi təminatı aşağı olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək verilməsi, həm də regionlarda işsizliyin azaldılması baxımından əhəmiyyətinə diqqət çəkib: “Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində”.
Sosial mənzillərin inşası pilot layihə kimi əvvəlcə Bakının ayrı-ayrı rayonlarında həyata keçiriləcək. Məlumdur ki, hazırda Bakı şəhərində qəzalı vəziyyətdə olan binalar kifayət qədər çoxdur. Birinci pilot layihə əsasında Sabunçu rayonunda belə evlər sökülür. Onların yerində isə gözəl, müasir binalar ucaldılacaq. Dövlət başçısı bildirib ki, dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək.
Paralel surətdə 20 sahənin inkişafı təmin olunacaq
Yeni sosial proqramın reallaşdırılması, eyni zamanda, ölkədə iqtisadi aktivliyin artırılması nöqteyi-nəzərindən də böyük önəm daşıyır. İqtisadi sektorun müxtəlif sahələri bir-birləri ilə sıx əlaqəlidir. Qəzalı vəziyyətdəki evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahəsinin də inkişafına səbəb olacaq. Mənzillərin əhaliyə təqdim olunması nəticəsində yeni istehlak ehtiyacları yaranacaq. Prezident İlham Əliyev sosial mənzillərin tikintisinin əlaqədar sahələrin, o cümlədən də inşaat sektorunun işinə böyük təkan verəcəyini xüsusi vurğulayıb. Məlumdur ki, xarici təsirlər nəticəsində ölkədə yaranmış yeni şəraitdə inşaat sektorunda da müəyyən çətinliklər yaşanır. Sifarişlər azalıb, bəzi şirkətlərdə iş yerləri ixtisara salınıb. Dövlət başçısının qeyd etdiyi kimi, sosial mənzillərin tikintisinə başlanılmasının inşaat sektorunda böyük multiplikativ səmərəsi olacaq: “Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır”.
Mənzil İnşaatı Dövlət Agentliyi ölkədə Sosial Mənzil Fondunun yaradılmasında səmərəli rol oynayacaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında 11 aprel 2016-cı il tarixli müvafiq Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması nəzərdə tutulub. Dövlət başçısının təsdiqlədiyi Əsasnaməyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib. Dövlət başçısının imzaladığı Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsini təmin etmək, xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin təklifləri əsasında müəyyənləşdirmək, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisindəki mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına çəkilməsi üçün tədbirlər görmək tapşırılıb.
Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə dövlət Sosial Mənzil Fondunun yaradılması yolu ilə aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına güclü siyasi iradə nümayiş etdirir. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkədə Sosial Mənzil Fondunun yaradılmasında səmərəli rol oynayacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01

