Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan diplomatiyasının uğurları ölkəmizin beynəlxalq nüfuzunun artmasında ifadə olunur

Azərbaycan diplomatiyasının uğurları ölkəmizin beynəlxalq nüfuzunun artmasında ifadə olunur

03.03.2016 [10:10]

Prezident İlham Əliyev: Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz XXI əsrdə uğurlu milli inkişaf strategiyaları bu komponentləri özündə ehtiva edir...
Bu kontekstdə hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlı xarakter daşıdığı Azərbaycanda həyata keçirilən siyasət real strateji və konseptual əsaslara söykənir. Bu baxımdan, xarici siyasət kursu xüsusi əhəmiyyət daşıyır. Çünki milli maraqlara və qlobal çağırışlara əsaslanan müstəqil xarici siyasət kursu həm ölkənin suverenliyinin qorunmasına, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Bu, eyni zamanda, Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirir, ölkəmizin regional və qlobal əhəmiyyətli layihələrdə uğurla iştirakına imkan yaradır.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi...
Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Bütövlükdə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Qeyd etdiyimiz kimi, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır: “Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir”.
Azərbaycan regionda sabitləşdirici aktordur
Beləliklə, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Həm də ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı olmadığını da təsdiq edir.
Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Eyni zamanda, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir.
Cənubi Qafqazın lider dövləti regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır
Ümumiyyətlə, Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik etməsini xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, bütün bunlar, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirir.
Azərbaycan beynəlxalq münasibətlərin milli maraqlar əsasında inkişaf etdirilməsinin tərəfdarıdır
Bütövlükdə, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Digər tərəfdən, regionda, bütövlükdə Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”.
Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir.
Müstəqil Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
“Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin, uğurlu beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsidir
Sadalananlarla yanaşı, bir məqama da toxunmaq gərəkdir. Belə ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Bu kontekstdə qeyd edək ki, XXI əsrin layihəsi adını alan “Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin, bu mənada, beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Ölkəmizin enerji diplomatiyası regional və qlobal təhlükəsizliyə, əməkdaşlığa fundamental töhfələr verir. Yeri gəlmişkən, fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin II toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib ki, “Cənub” qaz dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişir: “Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxışı əldə edəcək. Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Bu, elə mənbədir ki, onilliklər boyu etibarlı təchizatı təmin edə bilər. Əminəm ki, bu, belə də olacaq, çünki Azərbaycanın son iyirmi il ərzində başladığı bütün layihələr uğurlu layihələr olmuşdur”.
Digər tərəfdən, dünya ictimaiyyəti bu layihənin əhəmiyyətini yüksək qiymətləndirir. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, ABŞ-ın “Cənub” qaz dəhlizi layihəsini dəstəkləməkdə davam edəcəyini vurğulayıb. Bu həm də ona dəlalət edir ki, ABŞ-Azərbaycan əlaqələri qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bununla yanaşı, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında Avropa İttifaqının iki yüksək səviyyəli nümayəndəsinin - Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı Azərbaycan ilə əlaqələrə diqqətin təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Ümumiyyətlə, regional və qlobal təhlükəsizlik, əməkdaşlıq məsələlərinə dair təşkil edilən önəmli platformalarda Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq mövqeyini, nüfuzunu əyani şəkildə nümayiş etdirir. Bu kontekstdə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin fevralın əvvəlində Londonda keçirilən “Suriya və regiona dəstək” konfransında iştirakı bir daha Azərbaycanın siyasi çəkisini göstərdi. Prezident İlham Əliyevin bu mötəbər tədbirə dəvət olunması, eyni zamanda, Azərbaycanla Böyük Britaniya və digər təşkilatçı dövlətlər arasında artan xətlə inkişaf edən münasibətlərlə də əlaqədardır. Bundan başqa, Prezident İlham Əliyevin fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında iştirakı və dolğun çıxışı, beynəlxalq ictimaiyyəti narahat edən bir sıra məsələlərin həllini konkret faktlarla göstərməsi Azərbaycanın dünya birliyində mövqelərini daha da gücləndirib. Regional proseslər və münasibətlərlə bağlı da analoji fikirlər söylənilə bilər. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Bu kontekstdə son olaraq Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradıb. Səfər zamanı ifadə olunub ki, Azərbaycan və İran üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyib və bundan sonra da qarşılıqlı əməkdaşlığın davam etməsi üçün səy göstərəcəklər. Ümumiyyətlə, Azərbaycan Prezidenti tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu kontekstdə Azərbaycan özünün çoxvektorlu xarici siyasi kursuna müvafiq olaraq Rusiya, Qazaxıstan, Türkiyə, İran, Gürcüstan kimi qonşu dövlətlərlə səmərəli əlaqələrə, qarşılıqlı-faydalı münasibətlərə malikdir, çoxşaxəli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bütövlükdə isə, Azərbaycanın konstruktiv mövqeyi, beynəlxalq ictimaiyyəti narahat edən hallara qarşı digər ölkələr ilə koordinasiyalı fəaliyyəti ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31